Dünyada ölümcül Andes hantavirusu yayıldı
Andes hantavirusu ilə bağlı yeni hallar dünya tibb ictimaiyyətində narahatlıq yaradıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, alimlər bildirirlər ki, digər hantavirus növlərindən fərqli olaraq, bu variant insandan insana yoluxa bilir və ölüm faizi 40 faizə qədər yüksəlir.
Məlumata görə, virus ilk dəfə 2018-ci ildə Argentinanın cənubundakı Epuyen qəsəbəsində baş verən və 11 nəfərin ölümü ilə nəticələnən epidemiya zamanı geniş diqqət çəkib. Hazırda isə “MV Hondius” kruiz gəmisində səkkiz sərnişində virus şübhəsi müəyyən edilib.
Mütəxəssislər bildirirlər ki, Andes hantavirusu təkcə gəmiricilərdən deyil, insanlar arasında da yayıla bilir. Araşdırmalara əsasən, yoluxmuş şəxslə qısa təmas belə virusun ötürülməsi üçün kifayət edə bilər.
Alimlərin sözlərinə görə, virusun ən təhlükəli xüsusiyyətlərindən biri uzun inkubasiya dövrüdür. Yoluxmuş şəxsdə simptomlar 17–40 gün sonra ortaya çıxa bilər ki, bu da virusun fərqli bölgələrə yayılma riskini artırır.
Həkimlər qeyd edirlər ki, Andes hantavirusu yüksək hərarət, ağır sətəlcəm və ciddi tənəffüs çatışmazlığı ilə müşahidə olunur. Bir çox xəstə reanimasiya dəstəyinə ehtiyac duyur.












