Oğuzda kompleks mülki müdafiə təlimi keçirilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda kompleks mülki müdafiə təlimi keçirilib - FOTO - VİDEO

11:12 - Bu gün
Oğuzda kompleks mülki müdafiə təlimi keçirilib - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Oğuz rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, təlimdə FHN Şimal-qərb Regional Mərkəzinin (RM) rəisi polkovnik Ceyhun Babayev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, FHN-in aidiyyəti yerli strukturlarının nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Əvvəlcə, Oğuz rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib.

Müşavirədə çıxış edən Şimal-qərb RM-in rəisi polkovnik Ceyhun Babayev mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Müşavirədə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə fəaliyyətinin və əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonra kompleks mülki müdafiə təliminə start verilib.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri simulyasiya edilib.

Kompleks mülki müdafiə təliminə ümumilikdə 254 nəfərdən ibarət şəxsi heyət və 41 ədəd texnika cəlb edilib. Tədbirin gedişində FHN qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər