Qarabağ Dirçəliş Fondu ADA Universitetində gənclərlə maarifləndirmə görüşü keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondu ADA Universitetində gənclərlə maarifləndirmə görüşü keçirib

17:02 - Bu gün
Qarabağ Dirçəliş Fondu ADA Universitetində gənclərlə maarifləndirmə görüşü keçirib

23 aprel 2026-cı il tarixində ADA Universitetində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə tələbələrlə maarifləndirmə görüşü keçirilib.

Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə “#KarabakhTalks” müzakirə platforması çərçivəsində keçirilən görüşdə Fondun İdarə Heyətinin sədrinin müşaviri Rəşad Qasımzadə, Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova və ADA Universitetinin tələbələri iştirak edib.

“Böyük Qayıdış: Viranlıqdan dayanıqlığa” mövzusuna həsr olunan tədbirdə əsas diqqət Qarabağın dirçəlişində gənclərin roluna və bu tarixi prosesdə onların yaradıcı töhfələrinin stimullaşdırılmasına yönəldilib. Eyni zamanda tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, Fondun fəaliyyəti və layihələri haqqında ətraflı məlumatlar təqdim edilib.

Fondun nümayəndələri azad edilmiş ərazilərdəki mövcud mənzərəyə toxunaraq bildiriblər ki, Qarabağın sürətli dirçəlişi və yüksək rifahlı regiona çevrilməsi prosesi cəmiyyətin bütün təbəqələrinin, xüsusilə gənclərin vahid bir amal ətrafında sıx birləşməsini tələb edir.

Görüş zamanı nümayiş etdirilən “Faciədən Zəfərə” videoçarxı vasitəsilə tələbələr azad edilmiş ərazilərdə görülən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.

İnteraktiv formatda davam edən görüşdə Fondun rəsmiləri tələbələrin çoxsaylı suallarını cavablandırıb, onları maraqlandıran məqamlara ətraflı aydınlıq gətiriblər. Tədbir “Böyük Qayıdış” prosesi ətrafında səmimi müzakirələr və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

Eyni zamanda gənclər işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi ilə tanış olublar.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu gənclər arasında maarifləndirmə işini genişləndirmək məqsədilə mütəmadi olaraq müxtəlif ali təhsil müəssisələrində görüşlər təşkil edir, analoji tədbirlərin gələcəkdə digər universitetlərdə də davam etdirilməsi nəzərdə tutulur.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər