İnfeksionist: Koronavirus pandemiyası bitsə də, onun epidemik ocaqları qalmaqdadır | 1news.az | Xəbərlər
Cəmiyyət

İnfeksionist: Koronavirus pandemiyası bitsə də, onun epidemik ocaqları qalmaqdadır

Oksana Orucova11:19 - Bu gün
İnfeksionist: Koronavirus pandemiyası bitsə də, onun epidemik ocaqları qalmaqdadır

Soyuq mövsümün təsiri ilə yanaşı, son illərdə müşahidə olunan qlobal sağlamlıq prosesləri respirator virusların yayılmasını yenidən gündəmə gətirib.

Xüsusilə COVID-19 pandemiyasından sonra formalaşan yeni epidemioloji şəraitdə virus infeksiyaları əvvəlki illərlə müqayisədə daha mürəkkəb və çoxşaxəli xarakter almağa başlayıb. Mütəxəssislər qeyd edirlər ki, pandemiya mərhələsi formal olaraq başa çatsa da, virusun müxtəlif ştamları, o cümlədən Omikron variantı dövriyyədə qalmaqda davam edir və müəyyən regionlarda lokal yayılmalar müşahidə olunur.

Bununla yanaşı, mövsümi qrip, influenza, respirator sinsitial virus və digər tənəffüs yolu infeksiyaları da xüsusilə payız-qış aylarında daha aktiv şəkildə yayılır.

Hava şəraitinin qeyri-sabit olması, temperaturun tez-tez dəyişməsi, küləkli və rütubətli günlərin artması insanların immun sisteminə əlavə yük yaradır. Bu amillər isə virusların yayılması üçün daha əlverişli mühit formalaşdırır. Nəticədə əhali arasında soyuqdəymə və digər respirator xəstəliklərə yoluxma hallarında artım müşahidə olunur.

Belə bir şəraitdə mütəxəssislər əhalini daha diqqətli olmağa, hava şəraitinə uyğun geyinməyə və sağlamlıqlarını qorumağa çağırırlar. Mövzu ilə bağlı Tibb elmləri doktoru, professor, infeksionist Adil Qeybulla 1news.az-a açıqlamasında mövcud vəziyyəti şərh edib.

Professorun sözlərinə görə, hazırda insanlar mürəkkəb epidemioloji vəziyyətdə yaşayır:

“Bir tərəfdən koronavirus pandemiyası bitsə də, onun epidemik ocaqları qalmaqdadır. Omikron ştamının müxtəlif mutasiya variantları dövriyyədədir. Digər tərəfdən influenza-qrip virusu, metapnevma virusu, respirator sinsitial virus kimi müxtəlif respirator infeksiyalar da fərqli vaxtlarda müşahidə olunur. Əslində bunların hamısı soyuqdəymə xəstəlikləri qrupuna daxildir.

Soyuq havalarda, xüsusilə temperaturun kəskin dəyişdiyi dövrlərdə bu viruslar daha da fəallaşır və yuxarı tənəffüs yollarının iltihabına səbəb olur. Bu zaman öskürək, burun axması, burun tutulması, hərarət, halsızlıq və zəiflik kimi əlamətlər meydana çıxır".

Adil Qeybulla qeyd edib ki, bu viruslara yoluxmağa əsas səbəblərdən biri olaraq insanların hava şəaritinə uyğun geyinməməsini misal göstərə bilərik:

"İlkin səbəblərdən biri də insanların hava şəraitinə uyğun geyinməməsi, küləkli havada başı açıq gəzməsi və nazik geyimdə uzun müddət qalmasıdır. Bu hallar virusların aktivləşməsinə şərait yaradır.

Soyuqdəymə xəstəlikləri çox vaxt orqanizmin termorequlyasiya - istilik tənzimi mexanizminin pozulması nəticəsində baş verir. Xarici mühitin temperaturu ilə orqanizmin daxili temperaturu arasında balans pozulduqda bədən bunu kompensasiya edə bilmir. Nəticədə daxili temperatur aşağı düşür və müxtəlif xəstəliklər yaranır.

Hətta bəzi hallarda soyuqdəymə fonunda plevrit və pnevmoniya kimi ağırlaşmalar da inkişaf edə bilər ki, bu da əsasən temperatur dəyişiklikləri ilə bağlıdır".

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər