İlkin Əzizov: Artıq iş mühitində süni intellekt alətlərindən istifadə geniş vüsət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İlkin Əzizov: Artıq iş mühitində süni intellekt alətlərindən istifadə geniş vüsət alıb

Oksana Orucova17:02 - Bu gün
İlkin Əzizov: Artıq iş mühitində süni intellekt alətlərindən istifadə geniş vüsət alıb

"İş mühitində süni intellektdən istifadə genişlənir və bu proses yeni risklərlə müşayiət olunur".

1news.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində “Rəqəmsal İnkişaf: Media, süni intellekt və innovasiya” panelində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov deyib.

O bildirib ki, artıq iş mühitində süni intellekt alətlərindən istifadə geniş vüsət alıb.

"İnsanların təxminən 43 faizi iş prosesində rəhbərlərinə məlumat vermədən bu texnologiyalardan yararlanır. Bu tendensiyanın qarşısını tam şəkildə almaq mümkün deyil və əsas məsələ mövcud reallıqlara uyğunlaşaraq süni intellektdən düzgün istifadə mexanizmlərini formalaşdırmaqdır".

O, həmçinin deepfake texnologiyalarına toxunaraq bildirib ki, bu anlayış artıq gələcəyin riski deyil, bugünün reallığıdır.

"Bir il əvvəl deepfake texnologiyalarını daha çox gələcəyin riski kimi qiymətləndirirdiksə, indi artıq bunun içindəyik. Hətta bəzən deepfake ilə qarşılaşdığımızı fərq etməyə də bilərik. Bu texnologiyaların sürətli inkişafı informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlar yaradır. Həm dövlət qurumları, həm media, həm də cəmiyyət bu dəyişikliklərə hazır olmalı, informasiya savadlılığını artırmalı və rəqəmsal risklərə qarşı daha ayıq yanaşmalıdır".

Departament rəsmisi sonda vurğulayıb ki, süni intellektdən məsuliyyətli istifadə mexanizmlərinin formalaşdırılması və deepfake kimi manipulyativ texnologiyaların təsirinin azaldılması yaxın dövr üçün əsas prioritetlərdən biridir.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər