Bakıda zərərli informasiyaya qarşı birgə mübarizə müzakirə olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda zərərli informasiyaya qarşı birgə mübarizə müzakirə olundu

Qafar Ağayev15:09 - Bu gün
Bakıda zərərli informasiyaya qarşı birgə mübarizə müzakirə olundu

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” III Forum çərçivəsində “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” adlı panel sessiya keçirilib.

1news.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, vətərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova bildirib ki, rəqəmsal təhlükəsizlik artıq təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib. Onun sözlərinə görə, bu istiqamətdə sistemli layihələrə başlanılıb və rəqəmsal savadlılıq üzrə infrastruktur formalaşdırılır. O qeyd edib ki, ölkədə 4400 məktəbdən 2500-dən çoxu, ümumilikdə isə təhsil müəssisələrinin 90 faizindən çoxu internetlə təmin edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirib ki, uşaqların müdafiəsi sahəsində 11 qurum fəaliyyət göstərir. Onun sözlərinə görə, bəzi risklərin qarşısının alınması yalnız dövlət səviyyəsində mümkün deyil, xüsusilə sosial şəbəkələrdə uşaqlar üçün təhlükələr artmaqdadır.

O, həmçinin qadınlara qarşı sosial şəbəkələrdə yaranan risklərin aradan qaldırılmasında qurumlararası əməkdaşlığın vacibliyini vurğulayıb, medianın isə bu məsələlərdə etik prinsiplərə əməl etməsinin önəmini qeyd edib: “Cinayət işi yekunlaşmadan ad-soyadların və yetkinlik yaşına çatmayanlarla bağlı məlumatların yayılması düzgün deyil. Bəzi hallarda diskriminasiya xarakterli ifadələrə rast gəlinir”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəsmisi Esmira Qasımova isə bildirib ki, sosial platformalarda uşaqlar və böyüklər kiberbullinqə məruz qala bilər. Onun sözlərinə görə, bu problemlə mübarizədə əsas vasitə maarifləndirmədir: “Texnologiya yox, insan insana hücum edir. Bu səbəbdən ailə və qurumlararası əməkdaşlıq çox vacibdir”.

Panel müzakirə və sual-cavab sessiyası ilə davam etdirilib.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər