Şöbə rəisi: 72 min peşə yox olacaq
"Texnologiyanın sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur və bəzi peşələrin aktuallığını itirməsi ilə müşayiət olunur".
1news.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində “Rəqəmsal İnkişaf: Media, süni intellekt və innovasiya” panelində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin rəisi Əzizə Vidadi deyib.
O, bildirib ki, yaxın perspektivdə təxminən 72 min peşə aktuallığını itirə bilər.
"Bu proses yeni imkanlar da yaradır və rəqəmsal transformasiya nəticəsində 190 minə yaxın yeni iş yerinin formalaşacağı gözlənilir. Bu isə əmək bazarında balansın qorunması və yeni ixtisasların meydana çıxması deməkdir".
Ə.Vidadi deyib ki, süni intellektin təsiri yalnız iş yerlərinin sayına deyil, eyni zamanda işin mahiyyətinə də təsir göstərir.
"Bir çox sahədə rutin və təkrarlanan proseslər avtomatlaşdırıldıqca, insan faktoruna daha çox yaradıcılıq, analitik düşüncə və qərarvermə tələb edən sahələrdə ehtiyac artacaq. Bu dəyişikliklərə uyğunlaşmaq üçün əsas məsələ insanların öz bacarıqlarını inkişaf etdirməsi və yeni texnologiyalara açıq olmasıdır. süni intellektdən necə istifadə olunacağı birbaşa insanın yanaşmasından asılıdır".
Vidadi sonda vurğulayıb ki, gələcək əmək bazarında uğur qazanmaq üçün davamlı öyrənmə, rəqəmsal savadlılıq və çevik düşüncə əsas amillərdən biri olacaq.












