Çində sel fəlakəti: Ölənlərin sayı artır | 1news.az | Xəbərlər
Dünya

Çində sel fəlakəti: Ölənlərin sayı artır

Oksana Orucova10:53 - Bu gün
Çində sel fəlakəti: Ölənlərin sayı artır

Çinin cənub-qərbində yerləşən Çonqçinq şəhərində baş verən güclü sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə çatıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Xinhua agentliyinin yaydığı məlumata görə, Yonqçuan rayonunda mayın 23-ü gecə saatlarında başlayan və səhərə qədər davam edən intensiv yağışlar ciddi daşqınlara səbəb olub. Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Ümumilikdə 1827 nəfərin cəlb olunduğu əməliyyat zamanı indiyədək 9 nəfərin meyiti aşkarlanıb. Daha 11 nəfərin taleyi isə hələ də naməlum olaraq qalır.

Sel fəlakətindən zərər çəkən sakinlər üçün yaradılan 42 müvəqqəti sığınacaqda 2141 nəfər yerləşdirilib.

Qeyd edək ki, mövsümi yağışların yaratdığı daşqınlar Çonqçinqin bir çox ərazilərində ciddi fəsadlara yol açıb. Təbii fəlakətlə əlaqədar Yonqçuan rayonunda 1-ci səviyyəli, 29 rayon və qəsəbədə 2-ci səviyyəli, 9 yaşayış məntəqəsində isə 3-cü səviyyəli fövqəladə vəziyyət elan olunub.

Bundan əlavə, 22 rayon və qəsəbədə çaylarda suyun səviyyəsinin təhlükəli həddi aşdığı bildirilir. Bölgədə fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər