Estoniya rəsmisi: Şəhərlərdə təhlükəsizlik urban inkişafın əsas göstəricilərindən biridir
Şəhərlərin uğurlu inkişafını uşaqların təhlükəsiz şəkildə məktəbə gedə bilməsi ilə ölçmək olar.
Estoniya kiçik ölkə olsa da, şəhərləri rəqəmsal innovasiya, yaşıl keçid və inklüziv planlaşdırma sahəsində mühüm təcrübə məkanına çevrilib. Təhlükəsiz şəhərlərin formalaşdırılması şəxsi prioritetlərindən biridir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Estoniyanın İqlim Nazirliyinin yaşayış mühiti və dairəvi iqtisadiyyat üzrə baş katib müavini İvo Yaanisoo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) çıxışı zamanı səsləndirib.
“Bu gün oğlum yeddi yaşını qeyd edir. Dörd aydan sonra o, Estoniyadakı digər uşaqlar kimi məktəbə tək gedəcək. Məhz bu, düzgün urban inkişafın göstəricisi sayıla bilər”, – deyə o vurğulayıb.
İ.Yaanisoo qeyd edib ki, Estoniya “Yeni Avropa Bauhausu” təşəbbüsünün fəal iştirakçısı kimi davamlılıq, estetik yanaşma və inklüzivliyi bir araya gətirən şəhər mühitinin formalaşdırılmasını dəstəkləyir. O bildirib ki, bu yanaşma BMT-nin Yeni Şəhər Gündəliyinin qlobal məqsədləri ilə üst-üstə düşür.
Estoniya rəsmisi BMT-nin Ətraf Mühit Proqramı ilə UN-Habitat arasında yenilənmiş “Yaşıl Şəhərlər Tərəfdaşlığı”nı da yüksək qiymətləndirib. Onun sözlərinə görə, iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması və çirklənmə kimi “üçqat planetar böhran”a qarşı məhz inteqrasiya olunmuş çoxtərəfli yanaşmalar tələb olunur.
Çıxışda dairəvi iqtisadiyyatın Avropa İttifaqının 2050-ci ilədək iqlim neytrallığı hədəflərinə çatmaq üçün əsas istiqamətlərdən biri olduğu vurğulanıb. İ.Yaanisoo əlavə edib ki, şəhərsalma siyasətində də resurslardan səmərəli istifadə, təbiətəsaslı həllər və binaların söküntü əvəzinə renovasiya yolu ilə yenilənməsi prioritet olmalıdır.
O, həmçinin biomüxtəlifliyi qoruyan kompakt şəhər inkişafı üçün yaradıcılıq, innovasiya və ictimai iştirakçılığın vacibliyini diqqətə çatdırıb.
Estoniya rəsmisinin sözlərinə görə, “ağıllı şəhər” həllərinin geniş tətbiqi üçün peşəkar mütəxəssislərin hazırlanması xüsusi əhəmiyyət daşıyır.












