Mavrikinin ilk qadın prezidenti: Gender bərabərliyi müasir şəhərlərin inkişafının açarıdır
“Şəhər inkişafında gender bərabərliyi potensialının üzə çıxarılması inklüziv mühitin yaradılması və firavan cəmiyyətin formalaşdırılması üçün əsas şərtdir”.
1news.az xəbər verir ki, bunu Mauritius Respublikasının altıncı prezidenti və ilk qadın prezidenti Amina Qurib-Fakim bildirib.
O qeyd edib ki, ətraf mühitin deqradasiyası, iqlim dəyişiklikləri, təbii fəlakətlər və silahlı münaqişələr yaşayış məntəqələrinin həyat qabiliyyətini təhdid etməkdə davam edir. Onun sözlərinə görə, 1975-ci ildən etibarən təbii fəlakətlərin sayı dörd dəfə artıb və onların 70 faizi birbaşa iqlim dəyişiklikləri ilə əlaqəlidir.
Bununla yanaşı, Amina Qurib-Fakim vurğulayıb ki, şəhərlər hələ də tərəqqi və mədəni fəallığın əsas mərkəzləri olaraq qalır. Lakin şəhər mühiti neytral deyil - o, ya bərabərsizliyi dərinləşdirə, ya da onun aradan qaldırılmasına töhfə verə bilər.
O bildirib ki, tarazlığa nail olmaq üçün infrastruktur əlçatanlıq prinsipi əsasında yenidən layihələndirilməli, eyni zamanda şəhərsalma üzrə proqramlar təkmilləşdirilməlidir ki, mütəxəssislər böhranların qadın və kişilərə fərqli təsirlərini daha yaxşı anlaya bilsinlər.
Amina Qurib-Fakimin fikrincə, müasir şəhərlərə gender prizmasından yanaşmaq həm düşüncə tərzində, həm də fəaliyyət modelində radikal dəyişiklik tələb edir.












