Şəfəq Mehrəliyeva: “Media infrastrukturla bağlı texniki müzakirələri insanyönümlü söhbətlərə çevirən əsas hərəkətverici qüvvədir”
“Urbanizasiya haqqında danışarkən düşüncələrimiz çox vaxt dərhal infrastruktura yönəlir: daha effektiv nəqliyyat sistemlərinə, dayanıqlı müasir memarlığa və iqlim dəyişikliklərinə daha uyğunlaşdırılmış sistemlərə”.
1news.az-ın müxbiri xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin “Kommunikasiya və rəqəmsal media” proqramının direktoru Şəfəq Mehrəliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü günü çərçivəsində təşkil olunan “Mənzil və şəhərlərin dayanıqlılığı məsələləri üzrə ictimai diskursun hərəkətverici qüvvəsi kimi media” adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, şəhərlər yalnız kərpicdən, proqram sənədlərindən və ya effektiv normativ aktlardan ibarət deyil - şəhərlər etimad üzərində qurulur. Hər şeydən əvvəl şəhərlər icmalardır, yəni birlikdə yaşayan böyük insan qruplarıdır və icmalar tərəfdaşlıq üzərində dayanır. Burada söhbət yalnız hüquqi və ya institusional əlaqələrdən getmir. Şəhərlər o zaman həqiqətən dayanıqlı olur ki, insanlar özlərini passiv sakinlər deyil, şəhər gələcəyinin formalaşdırılmasında fəal iştirakçılar kimi hiss edirlər. Məhz buna görə də bugünkü panelin mövzusu xüsusi əhəmiyyət daşıyır.
“Son üç gün ərzində yəqin ki, dəfələrlə qeyd olunub ki, dünya əhalisinin getdikcə daha böyük hissəsi şəhərlərdə yaşayır. Bunun əsas səbəbi iş yerləridir: iqtisadiyyatın inkişaf etdiyi, imkanların yarandığı, innovasiyaların, sosial həyatın və mədəniyyətin formalaşdığı məkanlar məhz şəhərlərdir. Lakin insanların şəhərlərə axını bizi başqa bir reallıqla da üz-üzə qoyur. Şəhərlər bərabərsizliyin, mənzil problemlərinin, ekoloji risklərin və sosial parçalanmanın daha qabarıq hiss olunduğu məkanlara çevrilir”, - deyə Şəfəq Mehrəliyeva bildirib.
Spiker qeyd edib ki, hökumətlər və institutlar nə qədər güclü olsalar da, bu çağırışlarla təkbaşına effektiv mübarizə apara bilməzlər - bunun üçün ictimai iştirakçılıq və vətəndaş etimadı vacibdir.
“Azərbaycanda postmünaqişə dövründə bərpa və yenidən məskunlaşma prosesi xüsusi bir nümunədir. Təxminən bir milyon insan 30 ilə yaxın məcburi köçkün həyatı yaşayıb. Bu gün torpaqlarımız azad edildikdən sonra həmin insanlar öz evlərinə qayıdırlar. İnsanlar Ağdama qayıdarkən tamamilə fərqli, daha dayanıqlı və gələcəyə yönəlmiş bir baxışın formalaşdığını görürlər. Bu baxımdan medianın rolunu xüsusi qeyd etmək istəyirəm. Media Ağdamın və digər azad edilmiş ərazilərin gələcəyinin işıqlandırılması istiqamətində mühüm iş görür”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, çox zaman şəhərsalma prosesləri vətəndaşlara əsas qərarlar qəbul edildikdən sonra təqdim olunur. Bu isə qlobal tendensiyadır: icmalar məlumatlandırılır, lakin hər zaman prosesə real şəkildə cəlb edilmirlər. Onlarla sorğular və ictimai rəy vasitəsilə məsləhətləşmələr aparılsa da, əsl təsir imkanları həmişə verilmir.
“Kommunikasiya şəhər inkişafının sonunda meydana çıxmamalıdır. O, prosesin əvvəlindən mövcud olmalıdır. Media məhz mənzil və şəhərlərin dayanıqlılığı ilə bağlı müzakirələri sırf texniki infrastruktur söhbətlərindən dərin insani dialoqa çevirən əsas hərəkətverici qüvvədir. Mənzil strategiyaları və şəhər planları kağız üzərində mövcud ola bilər. Lakin icmalar bu planların onların həyatına necə təsir etdiyini anlamayana, bu dialoqa daxil edilməyənə və həmin prosesdə özlərini görməyənə qədər siyasət cəmiyyətdən uzaq düşəcək və nəticədə effektivliyini itirəcək. Məhz buna görə jurnalistika, ictimai kommunikasiya və hekayəçilik bu gün olduqca vacibdir. Konstruktiv media həm real ehtiyacları görünən edir, həm də həll yollarını göstərir. Media sadəcə reallıq haqqında məlumat vermir. Gündəmi formalaşdırmaq gücü sayəsində onlar həm cəmiyyətlərin, həm də qərar qəbul edən şəxslərin hansı məsələləri prioritet hesab etdiyinə təsir göstərirlər”, - deyə Şəfəq Mehrəliyeva yekunlaşdırıb.












