ADA Universitetinin dosenti: "Bakıda son 5 ildə yağıntıların səviyyəsi adidən yüksək olub"
Bakıda son 5 ildə yağıntıların səviyyəsi adidən yüksək olub.
1news.az "Report"a istinadən xəbər verir ki, bunu ADA Universitetinin dosenti Anar Vəliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Davamlı, möhkəm və inklüziv bir bərpaya doğru: Azərbaycanda Davamlı Şəhərlər Çərçivəsinin tətbiqi" adlı tədbirdə deyib.
O bildirib ki, paytaxtda son illər müşahidə olunan intensiv yağıntılar şəhər təsərrüfatına mənfi təsir göstərib: "Bakı şəhərində son 5 ildə yağıntıların səviyyəsi adidən getdikcə daha yüksək olub. Bu da iqlimin dəyişdiyini göstərir. Ona görə də bir sıra görülməli işlər var. Drenaj infrastrukturu, kanalizasiya sistemi mövcuddur, lakin kanalizasiya yağış və sel sularının öhdəsindən gəlmək üçün kifayət deyil".
A. Vəliyev mənzil təminatı mövzusuna toxunaraq paytaxtın yaşayış fondundakı reallıqları vurğulayıb: "Burada mənzil əlçatanlığının nisbətən yaxşı vəziyyətdə olduğunu deyə bilərik. Mənzillərin mövcudluğu, mülkiyyət və sahiblik hüququ qaydasındadır. Mənzillərin keyfiyyəti isə ən böyük çağırışdır, xüsusən də yaşayış fondunun köhnəlməsi ilə bağlıdır. Şəhərdə yaşayış əlverişliliyi göstəricilərində isə hava keyfiyyəti, təmizlik, mədəniyyət, səhiyyə, təhlükəsizlik, hər şey yaxşıdır".
Rəqəmsallaşma və elektron xidmətlərin mövcud vəziyyətinə gəldikdə isə A.Vəliyev deyib ki, internetə çıxış kifayət qədər yüksəkdir: "Elektron hökumət xidmətlərindən istifadə, səsvermə nisbətən yaxşıdır, ağıllı xidmətlərin göstərilməsi və elektron hökumət qaydasındadır. Yəni, ağıllı və iştirakçı yanaşma ilə bağlı bu cür hallarda problem o qədər də çox deyil".












