Mari Hukman: “Bakıda olmaq mənim üçün böyük şərəfdir - bu, maraqlı tarixi memarlığa malik gözəl şəhərdir”
“Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfədir ki, tədbirdə məhz mənzil və qeyri-formal yaşayış məntəqələri məsələlərinə bu qədər güclü diqqət ayrılır.
Bu da foruma xüsusi əhəmiyyət qazandırır”.
Bunu 1news.az-ın müxbirinə Cənubi Afrikanın Yohannesburq şəhərində yerləşən Vitvatersrand Universitetinin professoru Mari Hukman Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü günü çərçivəsində deyib.
Onun sözlərinə görə, bu tədbirdə iştirak etmək onun üçün böyük şərəfdir:
“Bakı çox gözəl şəhərdir. Dünən bizə şəhərin tarixi və onun tarixi memarlığının inkişafı barədə də məlumat verildi ki, bu da son dərəcə maraqlı idi”.
“Əlbəttə, urbanistika və şəhərsalma sahəsində çalışan bir müəllim kimi şəhərlərə daha çox tənqidi analiz prizmasından baxmağa öyrəşmişəm. Bu baxımdan tikinti hasarlarının arxasında aparılan söküntü işləri ilə bağlı müəyyən suallarım yaranır. Peyk görüntülərinə baxdıqda görmək olur ki, şəhərin bəzi qeyri-formal məhəllələri təmizlənir - görünür, daha genişmiqyaslı şəhərsalma layihələri üçün yer açılır. Bu məndə müəyyən narahatlıq yaradır, baxmayaraq ki, Azərbaycanın hazırda keçdiyi iqtisadi mərhələni də anlayıram”, - deyə professor bildirib.
Bununla yanaşı, ekspert qeyd edib ki, forum çərçivəsində hökumətin bu məsələ ilə bağlı baxışı da səsləndirilib:
“Bu gün iqtisadiyyat nazirinin çıxışını dinlədik. O, hökumətin planlarından, o cümlədən sakinlərin köçürülməsi və ən azı belə qeyri-formal yaşayış məntəqələrinin bir hissəsinin leqallaşdırılması istiqamətində görülən işlərdən danışdı”.
Mari Hukman forumun təşkilini də yüksək qiymətləndirib. Onun sözlərinə görə, yadda qalan WUF forumları arasında ilk dəfədir ki, tədbir stadionda keçirilir və bu, olduqca innovativ yanaşmadır:
“Məkan çox yaradıcı şəkildə uyğunlaşdırılıb: burada olmaq xoşdur və ərazidə istiqamət tapmaq çox asandır. Naviqasiya əladır, brendinq yüksək səviyyədə hazırlanıb və ümumilikdə təşkilatçılıq çox peşəkar həyata keçirilib”, - deyə Mari Hukman yekunlaşdırıb.












