Pol Mavima Azərbaycanın mənzil sektorundakı nailiyyətlərini yüksək qiymətləndirib
“Burada aparılan müzakirələr mənzil böhranının aradan qaldırılması, yerli icmaların dayanıqlığının artırılması və qeyri-rəsmi yaşayış məntəqələrinin abad şəhər ərazilərinə çevrilməsi yollarına həsr olunub”.
Bunu 1news.az-ın müxbirinə Zimbabve Respublikasının milli mənzil tikintisi və sosial rifah naziri, professor Pol Mavima Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) üçüncü günü çərçivəsində bildirib.
“Yeni başa çatan dialoq çoxşaxəli həll yollarını nümayiş etdirdi. Eyni zamanda, bu müzakirələr müxtəlif ölkələrin üzləşdiyi reallıqları, hökumətlərin, ictimaiyyətin və digər maraqlı tərəflərin vəziyyəti yaxşılaşdırmaq üçün necə çalışdıqlarını daha dərindən anlamağa imkan verdi”, - deyə Pol Mavima qeyd edib.
Onun sözlərinə görə, bu forum dövlət nümayəndələri və qanunvericilər üçün son dərəcə faydalıdır. Çünki burada əldə olunan bilik və praktiki ideyalar sonradan öz ölkələrində tətbiq edilə bilər.
Nazir Azərbaycana səfəri ilə bağlı təəssüratlarını da bölüşüb:
“Qeyd etmək istəyirəm ki, sizin çox gözəl ölkəniz var - həqiqətən də möhtəşəmdir. Xüsusilə mənzil sektoru sahəsində inkişaf səviyyəsi dərin təəssürat yaradır. Məni ayrıca təsirləndirən məqamlardan biri statistik göstəricilər oldu: burada ev təsərrüfatlarının təxminən 95 faizi öz mənzilinə sahibdir. Görünür ki, hökumət daşınmaz əmlaka əlçatanlığın genişləndirilməsi istiqamətində çox böyük işlər görür - həm də bunu yalnız hazır mənzillərin birbaşa təqdim olunması yolu ilə deyil, tikinti və güzəştli maliyyələşdirmə mexanizmləri vasitəsilə həyata keçirir. Hesab edirəm ki, bu, digər ölkələrin də öyrənə biləcəyi güclü bir modeldir”.
Nazir vurğulayıb ki, Bakı son dərəcə təmiz, gözəl təşkil olunmuş şəhərdir və inkişafını aktiv şəkildə davam etdirir - burada mütəmadi olaraq yeni binalar və infrastruktur elementləri inşa olunur.
“Və əlbəttə ki, insanlar. Yerli sakinlər inanılmaz dərəcədə qonaqpərvərdirlər. Biz burada keçirdiyimiz vaxtdan səmimi şəkildə zövq alırıq və həm Azərbaycan hökumətinə, həm də xalqına bu qədər isti qarşılanmaya görə minnətdarıq”, - deyə Pol Mavima yekunlaşdırıb.












