Bakı–Tbilisi–Bakı marşrutunda komfortlu qatarlar hərəkət edəcək - FOTO
Bakı–Tbilisi–Bakı marşrutu üzrə yataq tipli müasir qatarlar hərəkətə başlayacaq.
1news.az-ın mediaturda iştirak edən əməkdaşı xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) təşkil etdiyi mediatur zamanı bildirilib ki, marşrut üzrə sərnişinlərə “komfort”, “komfort+” və “lüks” olmaqla üç sinif üzrə xidmət göstəriləcək.
Məlumata görə, qatar 6 vaqondan ibarət olacaq: 1 “lüks”, 1 qarışıq “lüks” və “komfort+”, 3 “komfort” və 1 vaqon-restoran. Ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. “Komfort” sinif vaqonunda 1 kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub.
Bundan əlavə, qarışıq “lüks” və “komfort+” vaqonunda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərləri zamanı bu arakəsmə açılaraq vahid kupe kimi istifadə oluna bilər.
Qeyd olunub ki, İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan vaqonlar yeni nəsil təhlükəsizlik texnologiyaları və innovativ mexanizmlərlə təchiz edilib.
“Lüks” sinif kupelər iki nəfərlik olmaqla masa, televizor, duş kabinəsi və sanitar qovşaqla təmin olunub. “Komfort+” kupelər də iki nəfərlikdir və televizor, masa, əlüzyuyanla təchiz edilib. “Komfort” sinif kupelər isə dörd nəfərlikdir və hər birində televizor mövcuddur.
“Komfort” və “komfort+” vaqonlarda ümumi istifadəyə açıq sanitar qovşaqlar, “lüks” vaqonlarda isə hər kupe üçün ayrıca duş kabinəsi və sanitar qovşaq nəzərdə tutulub.
Kupelər fərdi tənzimlənən temperatur və işıqlandırma sistemi, bələdçi ilə əlaqə düyməsi və səs izolyasiyası ilə təchiz edilib. Həmçinin sərnişinlərin istifadəsi üçün kart sistemi ilə işləyən seyf, elektrik yuvaları, internet, dörd dildə məzmun təqdim edən TV monitor, pult və qulaqlıq yerləri mövcuddur.
Sərnişinlərə siniflər üzrə fərqli səfər paketləri təqdim olunacaq. Bu paketlərə gigiyenik vasitələr, yataq dəsti, su, tərlik və digər zəruri əşyalar daxildir.

.jpeg)

.jpeg)

.jpeg)














