ADY rəsmisi: Bakı-Tbilisi-Bakı” üzrə yeni qatarları köhnə tipli qatarlarla müqayisə aparmaq düzgün deyil | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY rəsmisi: Bakı-Tbilisi-Bakı” üzrə yeni qatarları köhnə tipli qatarlarla müqayisə aparmaq düzgün deyil

Qafar Ağayev12:20 - Bu gün
ADY rəsmisi: Bakı-Tbilisi-Bakı” üzrə yeni qatarları köhnə tipli qatarlarla müqayisə aparmaq düzgün deyil

“Bakı-Tbilisi-Bakı” reysi üzrə istifadəyə veriləcək qatarlar müasir standartlara cavab verir”.


1news.az xəbər verir ki, bu barədə mediatur zamanı Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözərinə görə, marşrutda İsveçrənin “Stadler Rail” kimi tanınmış istehsalçılarının vaqonlarından istifadə olunur.

“Köhnə tipli qatarlarla müqayisə aparmaq düzgün deyil. Əvvəlki kupeləri indiki komfort, SV vaqonlarını isə komfort+ sinfi ilə müqayisə etmək olar. Lakin qeyd edim ki, həm komfort+, həm də komfort sinfi əvvəlkilərdən daha üstündür – həm xidmət, həm də rahatlıq baxımından”, – deyə o qeyd edib.

B.Hacıyev bildirib ki, qatarlarda üç sinif – komfort, komfort+ və lüks üzrə xidmət göstəriləcək:

“Bu, sərnişinlərin daha rahat səyahət etməsinə imkan verəcək. Eyni zamanda inklüzivlik təmin olunub – hərəkət məhdudiyyətli şəxslər üçün xüsusi yerlər ayrılıb, minib-düşmə üçün əlavə şərait yaradılıb. Bəzi kupelər arasında arakəsmə mövcuddur ki, bu da ailəvi və qrup şəklində səyahət edənlər üçün əlavə rahatlıq yaradır”.

Qatarın hərəkət müddətinə toxunan qurum rəsmisi qeyd edib ki, səfər təxminən 9 saat 30 dəqiqə davam edəcək:

“Bu müddətə Azərbaycan və Gürcüstan sərhədlərində hər biri təxminən 1 saat olmaqla dayanma daxildir. Bu, sərhəd və gömrük yoxlamaları ilə bağlıdır”.

O əlavə edib ki, bilet satış sistemi yaxın zamanda açılacaq və digər istiqamətlər üzrə qiymətlər də orada əksini tapacaq:

“Artıq 2024-cü ildən etibarən dinamik qiymət siyasəti tətbiq olunur. Sərnişinlər biletləri 25–30 gün öncədən alaraq daha sərfəli qiymətlərdən yararlana bilərlər. Bu həm sərnişinlərin planlaşdırmasına kömək edir, həm də bizə tələbatı öncədən müəyyənləşdirməyə imkan verir”.

İlk reyslər haqqında da məlumat verilib:

“İlk qatarlar 6 vaqondan ibarət olacaq – bir vaqon-restoran, üç komfort, digərləri isə komfort+ və lüks siniflərdir. Ümumi tutum 118 sərnişindir. İlk qatar mayın 25-i saat 23:00-da Bakıdan yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Eyni qaydada, hər gün saat 21:00-da Tbilisidən çıxan qatar səhər 06:24-də Bakıya gələcək”.

Qidalanma məsələsinə aydınlıq gətirən B.Hacıyev qeyd edib ki, biletlərə yemək daxil deyil:

“Lakin sərnişinlər üçün səfər paketləri təqdim olunur. Bu paketlərə gigiyenik vasitələr – salfetlər, şampun, duş geli və digər zəruri ləvazimatlar daxildir. Həmçinin vaqonlarda multimedia xidmətləri, televizorlar, sanitar qovşaqlar və duş kabinələri mövcuddur. Lüks kupelərdə isə hər kupenin ayrıca sanitar qovşağı və duşu var”.

Qiymətlərlə bağlı müzakirələrə də münasibət bildirən qurum rəsmisi bildirib ki, artıq ötən gündən etibarən komfort sinfi üzrə qiymətlər açıqlanıb, yaxın vaxtlarda isə komfort+ və lüks siniflər üzrə tariflər də təqdim olunacaq.

“Bu tarifləri 2019-cu ilin qiymətləri ilə müqayisə etmək düzgün deyil. Çünki həm xidmət səviyyəsi dəyişib, həm də son illərdə qlobal inflyasiya, enerji daşıyıcılarının bahalaşması kimi amillər təsir göstərib. Bütün dünyada nəqliyyat tariflərində ciddi artım müşahidə olunur”.
B.Hacıyev bildirib ki, marşrut üzrə qatarlarda internet olacaq.

Qafar Ağayev

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər