“Dərs olmasın, telefon olsun” - Uşaqların bayram arzuları – SORĞU
Bu gün dünyada ən xoş, ilhamverici və əhəmiyyətli bayramlardan biri – Beynəlxalq Uşaqların Müdafiəsi Günü qeyd olunur.
Bu gün yalnız gülüş, əyləncə və hədiyyələrlə dolu sevincli bir hadisə deyil, eyni zamanda böyüklər üçün ciddi bir çağırış, hər bir uşağın həyatı, sağlamlığı və taleyi qarşısında daşıdığımız böyük məsuliyyətin ifadəsidir.
Bu gün cəmiyyəti bir daha düşünməyə vadar edir ki, böyüməkdə olan nəslin hüquqlarını qorumaq və onların rifahı üçün əlverişli şərait yaratmaq nə qədər vacibdir. Çünki hər bir ölkənin gələcəyinin təməli məhz uşaqlıq illərində qoyulur. Bu gün onlara göstərilən səmimi qayğı, sevgi və dəstək gələcəkdə onların sağlam, balanslı şəxsiyyət kimi formalaşmasına, şüurlu vətəndaş və qayğıkeş valideyn olmalarına zəmin yaradır.
1news.az-ın əməkdaşları Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə həm bayramın əsas qəhrəmanlarının – uşaqların, həm də onların valideynlərinin fikirlərini öyrənməyə çalışıb.
Uşaqlardan onların arzularını və xoşbəxt uşaqlığın onlar üçün nə demək olduğunu soruşduq. Valideynlərə isə övladlarına verəcəkləri ən vacib məsləhətin nə olduğunu, həmçinin öz uşaqlıqları ilə müasir uşaqların uşaqlığı arasındakı fərqləri öyrəndik.
Sorğuda iştirak edən uşaqların əksəriyyəti yeni smartfon sahibi olmaq istədiklərini bildirib. Həmçinin bir çoxu məktəbə getməmək və valideynlərin onlara uzun müddət gadjetlərdən istifadə etməyə icazə verməsini arzuladıqlarını qeyd edib.
Valideynlər isə tamamilə fərqli istəkləri bölüşüblər. Onların çoxu övladlarını daha rahat, özünə güvənən və xoşbəxt görmək istədiklərini bildirib. Onlar arzulayırlar ki, uşaqları məqsədlərinə doğru irəliləməkdən çəkinməsin, öz güclərinə inansın və arzularının arxasınca cəsarətlə getsinlər.
Daha ətraflı videomaterialımızda:








