Yeni Komissiya yaradıldı: Şahin Mustayev sədr, Mikayıl Cabbarov müavin oldu - ÜZVLƏR
Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiya yaradılıb.
1news.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Komissiya aşağıdakı tərkibdə yaradılıb:
Komissiyanın sədri
- Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiya sədrinin müavini
- Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri:
- Azərbaycan Respublikası maliyyə nazirinin müavini
- Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
- Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
- Azərbaycan Respublikası energetika nazirinin müavini
- Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
- Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
- Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
- Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
- Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
- Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini.
Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Komissiya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılan ilkin qiymətləndirmənin nəticələrinə əsasən təqdim olunan strateji investisiya layihələrinə baxılmasını və seçilməsini həyata keçirəcək.
Seçilmiş strateji investisiya layihələrinin siyahısını illik əsasda təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.
Strateji investisiya layihələrinin icrası zamanı aidiyyəti qurumlar arasında əlaqələndirməni, yaranan institusional, inzibati, texniki və digər maneələrin operativ olaraq aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini təmin edəcək.
Strateji investisiya layihələrinin icrası ilə əlaqədar müvafiq təşviq tədbirləri, güzəşt mexanizmləri, infrastruktur dəstəyi, torpaq sahələrinin ayrılması, dövlət zəmanəti, subsidiya barədə və digər təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.
İldə iki dəfə strateji investisiya layihələrinin icrası ilə bağlı məlumatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.
Müzakirə olunan strateji investisiya layihələrinin fəaliyyət istiqamətindən asılı olaraq, zəruri hallarda Komissiyanın üzvü olmayan digər dövlət orqanları (qurumları) Komissiyanın işinə cəlb oluna biləcəklər.












