Neft Emalı Zavodunda yanğın söndürülüb - YENİLƏNİB
İyunun 18-də saat 08:30 radələrində Neft Emalı Zavodunun 31 saylı Katalitik Reforminq Qurğusunda yerləşən 211/1 saylı isti dəyişdiricinin üst qapaq hissəsində buraxılış nəticəsində yanğın hadisəsi baş verib.
1news.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.
"Hadisə dərhal nəzarətə götürülüb və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb.
Zavodun fəaliyyəti təhlükəsizlik tələblərinə uyğun şəkildə davam etdirilir və istehsalat prosesində hər hansı fasilə müşahidə olunmur. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır", nazirlikdən bildirilib.
09:15
Neft Emalı Zavodunda yanğın başlayıb.
Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.












