Özbəkistanın baş prokuroru Kəlbəcər və Gəncəyə səfər edib
Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfəri çərçivəsində Kəlbəcər və Gəncəyə səfər ediblər.
Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, qonaqlar Kəlbəcər şəhərində və İstisu ərazisində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri, regionun sosial-iqtisadi inkişafı və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində görülən tədbirlərlə yaxından tanış olublar.
Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev tərəfindən rayonda həyata keçirilən bərpa-quruculuq layihələri, yaradılan müasir infrastruktur, əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən işlər, eləcə də qarşıdakı inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verilib.
Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonunda müasir şəhərsalma prinsipləri əsasında geniş quruculuq işləri ardıcıl şəkildə davam etdirilir.
Səfər proqramı çərçivəsində nümayəndə heyəti, həmçinin, Gəncə şəhərində olub.
Qonaqlar əvvəlcə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edib. Onlara Gəncə şəhərinin raket hücumlarına məruz qalması, dinc əhaliyə qarşı törədilmiş hücumların ağır nəticələri və həlak olmuş mülki şəxslərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib.
Şəhərlə tanışlıq çərçivəsində qonaqlar Gəncənin zəngin tarixi və mədəni irsini əks etdirən Şah Abbas Məscidini, İmamzadə dini-memarlıq kompleksini və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.
Bununla da nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başa çatıb.












