Ucuz mənzil almaq istəyənlərə fürsət – Satış davam edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi çərçivəsində satışa çıxarılan mənzillərdən son aylarda daha 40-ı satılıb.
1news.az xəbər verir ki, hazırda satışda olan mənzillər Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış komplekslərindədir.
Məlumata görə, mənzillərin bir kvadratmetrinin qiyməti bazar dəyərindən xeyli aşağı olmaqla 435-830 manat arasında dəyişir.
Satışa çıxarılan bütün mənzillər 3 və 4 otaqlıdır, tam təmirlidir, istifadə olunmayıb və çıxarışla təmin edilib. Mənzillərin ipoteka krediti vasitəsilə alınması da mümkündür.
Vətəndaşlar mənzillərlə ms.sosial.gov.az portalında tanış ola, seçdikləri mənzili "Bron et" düyməsi vasitəsilə bron edə bilərlər. Bir mənzil üçün eyni vaxtda 3 nəfərin bron etməsi mümkündür. İlk bron edən şəxs mənzili almadığı halda, almaq hüququ növbəti bron edən şəxsə keçir.
Mənzili bron edərək almaq istəyən şəxslə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır.
Qeyd olunub ki, hüquqi və fiziki şəxslər satılan mənzillərdən istədikləri sayda ala bilərlər.
Satışdan əldə edilən vəsait isə ölkənin digər bölgələrində şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir.
Əlavə məlumat almaq istəyənlər 142 Çağrı Mərkəzinə müraciət edə bilərlər.












