DDLA: Azərbaycan dənizçilərini həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırırıq | 1news.az | Xəbərlər
Cəmiyyət

DDLA: Azərbaycan dənizçilərini həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırırıq

First News Media13:42 - Bu gün
DDLA: Azərbaycan dənizçilərini həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırırıq

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) xüsusilə Qara və Azov dənizləri hövzəsində, habelə Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik risklərinin yüksək olduğunu nəzərə alaraq Azərbaycan dənizçilərini öz həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırır.

Bu barədə 1news.az- a DDLA-dan məlumat verilib.

"Dövlət Dəniz və Liman Agentliyi olaraq son aylar ərzində xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı aldığımız xəbərlər bizi dərindən sarsıdır. Həlak olan dənizçilərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr arzulayırıq. Müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirmələrini, rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıq və təlimatlarını nəzərə almalarını, habelə mümkün olduğu hallarda belə səfərlərdən çəkinmələrini tövsiyə edirik", - agentlikdən bildirilib.

Məlumata əsasən, eyni zamanda, Dövlət Dəniz və Liman Agentliyi gəmiçilik şirkətlərini və aidiyyəti qurumları dənizçilərin həyat və təhlükəsizliyini prioritet hesab etməyə, onları müharibə riskinin yüksək olduğu bölgələrə göndərərkən bütün təhlükəsizlik tədbirlərini görməyə və mümkün olduqda belə marşrutlardan istifadə etməməyə səsləyir:

"Bütün dənizçilərimizi ehtiyatlı olmağa, özlərinin və ailələrinin təhlükəsizliyini düşünməyə və müharibə zonalarından uzaq durmağa çağırırıq".

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər