Temu Azərbaycanda bağlanacaq? - Qiymətlərlə bağlı araşdırma, reklam fırıldaqları və ekspert rəyi
Bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Temu onlayn alış-veriş saytının sahibi olan “PDD Holdings” şirkəti barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri ilə iş qaldırdığı barədə məlumat yayılıb.
Bu xəbər Azərbaycanda platformanın istifadəçiləri arasında geniş rezonans doğurub. Alıcıları əsasən iki sual maraqlandırır: Temu vasitəsilə ölkəyə sifarişlərin çatdırılması dayandırılacaqmı və baş verənlər qiymətlərə təsir göstərəcəkmi?
Məsələyə aydınlıq gətirmək məqsədilə 1news.az-a Azərbaycan Respublikası Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, platformanın müvafiq bazarda dominant mövqeyindən sui-istifadə etməsi nəticəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri müəyyən edilib.
"Azərbaycan Respublikası Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi rəqabət qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarəti tədbirlərini davam etdirir".
Agentlikdən qeyd olunub ki, Temu elektron ticarət platformasının fəaliyyəti ilə bağlı aparılmış araşdırma nəticəsində platformanın müvafiq bazarda dominant mövqe tutduğu və bu mövqedən sui-istifadə əlamətlərinin olduğu müəyyən edilib.
“Araşdırma zamanı platforma tərəfindən inhisarçılıq yolu ilə yüksək və ya aşağı qiymətlərin tətbiq edilməsi, müvafiq bazarda rəqabətin məhdudlaşdırılmasına və ya rəqiblərin davamlı gəlirlə fəaliyyət göstərməsinə mane olan qiymətlərin müəyyən edilməsi, həmçinin iqtisadi və ya texnoloji əsaslandırma olmadan malların maya dəyərindən aşağı qiymətlə satılması (fiziki və mənəvi cəhətdən köhnəlmiş mallar, silinmiş əsas və dövriyyə vəsaitləri istisna olmaqla) əlamətləri aşkar edilib”.
Qurum vurğulayıb ki, qeyd olunan hallar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri kimi qiymətləndirilib və bu əsasla Temu elektron ticarət platformasının sahibi olan “PDD Holdings” şirkəti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
"Qeyd edək ki, işə baxılmasının nəticələrindən asılı olaraq, rəqabət qanunvericiliyinin pozulduğu təsdiq edilərsə, Rəqabət Komissiyası müvafiq məsuliyyət tədbirlərinin tətbiqi barədə qərar qəbul edə bilər. Əks halda, pozuntu faktı sübuta yetirilmədiyi təqdirdə, iş üzrə icraata xitam veriləcək".
Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan İstehlakçılar Birliyinə də müraciət etdik
Birliyin sədri Eyyub Hüseynov deyib ki, Temu ilə bağlı çoxsaylı şikayətlər daxil olur:
"İstehlakçıların sifarişinə uyğun olmayan məhsulların göndərilməsi, reklam çarxları vasitəsilə alıcıların aldadılması kimi hallarla tez-tez rastlaşırıq və bununla bağlı konkret nümunələrimiz var. Məsələn, istehlakçılar sosial şəbəkələrdəki hesablarında saat satıldığını görərək sifariş verirlər, lakin onlara kartondan hazırlanmış saat göndərilir. Paltar asılqanı sifariş edən şəxsə cəmi 1 santimetr uzunluğunda əşya göndərilir. Hamam dəsmalı sifariş edilir, amma əvəzində uzunluğu 25 santimetr olan kiçik dəsmallar çatdırılır. Bu şirkətlə bağlı çatdırılma, məhsulların keyfiyyəti və tələblərə cavab verməyən malların geri qaytarılması sahəsində ciddi problemlər mövcuddur. Hesab edirəm ki, dövlət qurumları bu məsələni həll edəcək. Aparılan yoxlama istehlakçıların yalnız xeyrinə olacaq".
Qarşı tərəfin mövqeyini işıqlandırmaq məqsədilə “PDD Holdings” şirkətinin nümayəndələri ilə də əlaqə saxlamağa çalışdıq. Şirkətlə əlaqə üçün yalnız elektron poçt ünvanı mövcud olduğundan sorğumuzu həmin ünvana göndərdik. Lakin material dərc olunan vaxta qədər şirkətdən sorğumuza cavab daxil olmayıb.
Dövlət Agentliyinin araşdırmasının necə yekunlaşacağı, Temu-ya qarşı hər hansı sanksiyaların tətbiq olunub-olunmayacağı və bunun alıcıların xərclərinə necə təsir göstərəcəyi zamanla məlum olacaq. Biz isə mövzunu diqqətdə saxlayacaq və yeni təfərrüatları oxucularımızla bölüşəcəyik.












