Azərbaycanda rəqəmsal nəqliyyat ekosistemi – Süni intellekt və rəqəmsal xidmətlər ölkə nəqliyyatına nə qazandırır?
Rəqəmsallaşma bu gün dünyada bütün sahələrin inkişaf istiqamətini müəyyən edən əsas amillərdən birinə çevrilib.
Süni intellekt, böyük datalar və digər müasir texnologiyalar həyatımızın demək olar ki, hər anında yer alır. Dünyanın bir çox yerində olduğu kimi Azərbaycan da rəqəmsal transformasiya prosesində fəal iştirak edir.
Son illər ölkəmizdə dövlət idarəçiliyindən tutmuş sosial xidmətlərə qədər müxtəlif sahələrdə rəqəmsal həllərin tətbiqi genişlənib. Bu istiqamətdə həyata keçirilən islahatlar həm vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini artırır, həm də dövlət qurumlarının işində şəffaflığı təmin edir
Nəqliyyat sahəsi isə rəqəmsallaşmanın xüsusilə aktual olduğu sahələrdən biridir. Müasir şəhərlərdə əhalinin sayının artması, avtomobillərin sayının çoxalması tıxacların, ekoloji problemlərin və nəqliyyat infrastrukturuna yüklənmənin artmasına səbəb olur.
Bu problemlərin həllində rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt və böyük data təhlili mühüm alət kimi çıxış edir. Real vaxt rejimində məlumat toplanması və təhlili marşrutların optimallaşdırılmasına, tıxacların azaldılmasına və ictimai nəqliyyatın idarə olunmasının daha səmərəli təşkilinə imkan yaradır. Bu texnologiyalar həmçinin sərnişinlərə daha rahat, sürətli və şəffaf xidmət göstərilməsinə şərait yaradır.
Azərbaycanda da nəqliyyat sahəsində rəqəmsallıq getdikcə genişlənir.
1news.az Azərbaycanda nəqliyyat sahəsində rəqəmsallaşma ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə suallar ünvanlayıb.
- Azərbaycanın nəqliyyat sisteminin rəqəmsallaşdırılması hazırda hansı mərhələdədir və qarşıdakı illər üçün əsas prioritetlər nələrdir?
- Azərbaycanda rəqəmsal nəqliyyat ekosisteminin formalaşdırılması dövlətin nəqliyyat siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illərdə həyata keçirilən islahatlar nəticəsində nəqliyyatın idarə olunması, xidmətlərin göstərilməsi və sərnişin mobilliyi sahəsində müasir rəqəmsal platformalar yaradılıb. Qarşıdakı dövrdə əsas prioritet bu sistemlərin daha da inteqrasiyası, süni intellekt və böyük verilənlər (Big Data) əsasında idarəetmənin təkmilləşdirilməsi, eləcə də vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin genişləndirilməsidir.
Azərbaycanda 2023-cü ildən həyata keçirilən Mobilliyin transformasiyası proqramı çərçivəsində ictimai nəqliyyatda nağdsız ödəniş sistemi genişləndirilib, AYNA İnformasiya Sistemi, onun “E-daşıyıcı”, “E-taksi” və digər altsistemləri, həmçinin “Rəqəmsal Əkiz” (Digital Twin) və “AYNA MaaS” platformaları istifadəyə verilib. Bu layihələr ictimai mobilliyin və ölkənin nəqliyyat sisteminin rəqəmsal transformasiyasında mühüm mərhələ olub.
Rəqəmsal həllər sayəsində sərnişinlər avtobuslarda “BakıKart”, bank kartları, QR-kod, NFC texnologiyasını dəstəkləyən mobil cihazlar, “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş edə bilirlər. Bu imkanlar Bakı şəhərində nağdsız ödəniş sistemi tətbiq olunan bütün avtobus marşrutlarını, Gəncə, Xankəndi şəhərdaxili avtobusları, eləcə də Bakı–Sumqayıt marşrutlarını əhatə edir.
Rəqəmsallaşma artıq ayrı-ayrı layihələrdən ibarət proses deyil. Bu, nəqliyyat sisteminin davamlı inkişaf modelidir. Yeni texnologiyalar yarandıqca onların nəqliyyatın idarə edilməsinə inteqrasiyası davam etdiriləcək və xidmətlərin keyfiyyəti daha da artırılacaq.
- Süni intellekt, böyük datalar və digər rəqəmsal texnologiyalar nəqliyyatın idarə edilməsində hansı dəyişiklikləri yaradacaq? Bu sahədə yaxın perspektivdə hansı yeniliklər gözlənilir?
- Süni intellekt və böyük verilənlərin tətbiqi artıq nəqliyyatın idarə edilməsində mühüm qərarların qəbuluna imkan yaradır. Bu texnologiyalar təkcə mövcud vəziyyəti təhlil etmir, həm də gələcək ssenariləri proqnozlaşdırmağa imkan verir.
Məsələn, Bakı şəhərinin “Rəqəmsal Əkiz”i (Digital Twin) olduqca qabaqcıl bir alətdir və bu platforma paytaxtın ümumi idarəetməsində strateji rol oynayır. Şəhərin virtual modelini formalaşdıran bu sistem süni intellekt alqoritmləri ilə real zamanlı böyük həcmli (Big Data) məlumatları emal edir, nəqliyyat axınlarının proqnozlaşdırır, yol infrastrukturunun effektivliyini təhlil edir, yollarda qəza və ya təmir zamanı alternativ ssenariləri simulyasiya edərək sıxlığın qarşısının elmi əsaslarla alınmasına kömək edir. Mühüm məqam ondan ibarətdir ki, yol hərəkətinin daha effektiv və təhlükəsiz təşkili üçün təklif olunan bütün dəyişikliklər əvvəlcə “Rəqəmsal Əkiz” vasitəsilə simulyasiya edilir və yalnız ətraflı təhlil və digər qurumların mütəxəssisləri ilə müzakirələrdən sonra Nəqliyyatı Əlaqələndirmə Şurasında müvafiq qərarlar qəbul edilir.
Eyni zamanda taksi xidmətlərinin real vaxt rejimində təhlili üçün yaradılan Taksi Rəqəmsal Əkiz (Taxi Digital Twin) platforması taksi aqreqatorlarından və digər mənbələrdən əldə olunan məlumatlar əsasında nəqliyyat axınlarını analiz edir. Sistem taksilərin hərəkət marşrutlarını, sürətini, səfər müddətini, yol sıxlığını və günün müxtəlif saatlarında taksiyə tələbatı müəyyən etməyə imkan verir.
Sərnişin təhlükəsizliyinin artırılması məqsədilə yaradılan “E-taksi” altsistemi vasitəsilə taksi operatorlarının adsızlaşdırılmış məlumatları real vaxt rejimində AYNA-nın sisteminə ötürülür. Bu sistem qeydiyyatdan keçmiş avtomobildən fərqli nəqliyyat vasitəsi ilə fəaliyyət göstərilməsi və ya sürücü hesabından başqa şəxslərin istifadə etməsi kimi halların qarşısını alaraq xidmətin təhlükəsizliyini artırır.
Yaxın perspektivdə süni intellekt əsaslı adaptiv işıqfor idarəetməsi, nəqliyyat axınlarının proqnozlaşdırılması, ictimai nəqliyyatın hərəkət qrafiklərinin avtomatik optimallaşdırılması istiqamətində işlər davam etdiriləcək. Eyni zamanda ölkəmizdə avtonom nəqliyyat vasitələrinin də tətbiqi nəzərdə tutulub. Belə ki, Milli Məclisdə artıq bununla bağlı qanun layihəsi də qəbul olunub.
- Rəqəmsallaşma tıxacların azaldılması, marşrutların optimallaşdırılması və ictimai nəqliyyatın vaxtında hərəkətinin təmin olunmasına necə təsir edir? Artıq əldə olunan konkret nəticələr varmı?
- Rəqəmsallaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, nəqliyyat sahəsində qəbul edilən qərarlar artıq yalnız müşahidələrə deyil, real vaxt rejimində toplanan məlumatlara əsaslanır. “Digital Twin” platforması vasitəsilə yol hərəkətində planlaşdırılan dəyişikliklər əvvəlcədən virtual mühitdə sınaqdan keçirilir, onların mümkün təsirləri qiymətləndirilir və yalnız bundan sonra tətbiq edilir. Bu da marşrutların optimallaşdırılmasına, yol infrastrukturunun daha səmərəli istifadəsinə və sıxlığın azaldılmasına kömək edir.
Rəqəmsallaşma təkcə nəqliyyatın idarə olunmasını deyil, sərnişinlərə göstərilən xidmətləri də əhəmiyyətli dərəcədə təkmilləşdirib. Bunun bariz nümunələrindən biri ictimai nəqliyyatda tətbiq olunan nağdsız ödəniş sistemidir.
Hazırda NFC ilə ödəniş sistemi Bakı və Gəncə, Xankəndi şəhərlərində, eləcə də Bakı–Sumqayıt marşrutlarında tətbiq olunur. Eyni zamanda, avtobus parkı yenilənərkən istismara verilən bütün yeni avtobuslar mütləq qaydada nağdsız ödəniş sistemi ilə təchiz edilir.
Bu yeniliklər ödəniş prosesini sürətləndirir, minib-düşmə zamanı vaxt itkisini azaldır, avtobusların hərəkət intervalının qorunmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
- Nəqliyyatla bağlı müxtəlif tətbiqlər var, “AYNA MaaS”, “biletim.az”, “Yolumuz Qarabağa” və s. bu platformalar insanlara nə qazandırır? Gələcəkdə vahid platformada birləşdirilməsi mümkün olarmı?
- Qısaca desək, vaxt qazandırır. Məsələn, hazırda üç dildə fəaliyyət göstərən “AYNA MaaS” (Mobility as a Service) mobil tətbiqi avtobus, metro, dəmiryolu, skuter və velosiped kimi müxtəlif nəqliyyat növlərini vahid platformada birləşdirir. Artıq 50 mindən çox istifadəçi tərəfindən yüklənən tətbiq səfərlərin real vaxt rejimində planlaşdırılmasına, gəliş vaxtının dəqiq hesablanmasına və marşrut seçiminə imkan yaradır. Tətbiq mütəmadi yenilənir, avtobusların GPS izləmə sistemi və xəritə üzərində canlı hərəkətinin göstərilməsi daha da təkmilləşdirilib. Gələcəkdə elektrik və hibrid nəqliyyat vasitələri üçün rəqəmsal şarj xəritələrinin də tətbiqə inteqrasiyası nəzərdə tutulur.
AYNA-nın digər rəqəmsal platformaları da davamlı olaraq təkmilləşdirilir. “Biletim.az” portalında artıq gediş-gəliş biletlərini eyni vaxtda almaq, əvvəlcədən alınmış bilet üzrə oturacaq yerini və reys vaxtını dəyişmək, həmçinin “myGov ID” ilə sistemə daxil olmaq mümkündür. Hazırda portal vasitəsilə 58 məntəqəyə 94 istiqamət üzrə bilet satılır və sistemə 370 reys üzrə 418 nəqliyyat vasitəsi qoşulub.
"Yolumuz Qarabağa" portalında da xidmətlər sadələşdirilib. Fərdi avtomobillərlə işğaldan azad edilmiş ərazilərə səfər üçün verilən icazənin müddəti 5 günə qədər artırılıb, bir müraciətlə 1 sürücü daxil olmaqla 9 nəfər üçün icazə almaq mümkün olub. Xarici ölkə vətəndaşlarının həmin ərazilərə səfər imkanları da genişləndirilib.
Bu kimi yeniliklər AYNA-nın rəqəmsal xidmətlərinin daha əlçatan və istifadəçi yönümlü olmasına xidmət edir. Uzunmüddətli məqsəd isə vətəndaşların müxtəlif nəqliyyat xidmətlərinə vahid rəqəmsal mühitdən çıxışını təmin etməkdir. Bu istiqamətdə bəzi xidmətlərin “MyGov” platformasına inteqrasiyası nəzərdə tutulur.
- Dünyada ağıllı nəqliyyat sistemləri sürətlə inkişaf edir. Azərbaycanın bu istiqamətdə hədəfi nədir və ölkəmiz regional rəqəmsal nəqliyyat mərkəzinə çevrilmək üçün hansı addımları atır?
- Azərbaycanın məqsədi nəqliyyat sahəsində regionun ən qabaqcıl rəqəmsal ekosistemlərindən birini formalaşdırmaq, beynəlxalq yükdaşımalarında rəqəmsal sənəd dövriyyəsini genişləndirmək və ölkəni regional rəqəmsal nəqliyyat və logistika mərkəzlərindən birinə çevirməkdir.
Bu istiqamətdə daim araşdırmalar aparılır, müxtəlif pilot layihələr üzərində iş gedir. Bu fəaliyyət və təşəbbüslər bir müddətdən sonra artıq real nəticələr verir, praktik şəkildə həm ölkə daxilində, həm də beynəlxalq əməkdaşlıq prosesində uğurla tətbiq edilir.
Rəqəmsal həllər beynəlxalq avtomobil yükdaşımalarında da geniş tətbiq olunur. Qafqazda bu sahədə rəqəmsal sənədlərin tətbiqinə ilk başlayan ölkə Azərbaycan olub. Hazırda “e-Permit (Elektron İcazə)” sistemi vasitəsilə ölkələr arasında icazə blanklarının elektron mübadiləsi mərhələli şəkildə genişləndirilir.
Azərbaycan artıq Türkiyə, Qırğızıstan və Özbəkistanla “e-Permit” mübadiləsinə başlayıb, Gürcüstanla sistemi pilot rejimdə tətbiq edir, Rusiya və İranla isə razılıq əldə edib. Türk Dövlətləri Təşkilatı çərçivəsində də işlər davam etdirilir. Belə ki, növbəti ildən Qazaxıstanla elektron icazə blanklarının mübadiləsinə başlanılacaq. Çin və Monqolustanla da bu istiqamətdə danışıqlar aparılır. Eyni zamanda, Monqolustanla qarşılıqlı icazə blanklarının sayı 10 dəfə, Çinlə isə cari il üzrə kvota 5 dəfə artırılıb.
Bununla yanaşı, BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində “e-CMR” elektron əmtəə-nəqliyyat qaiməsi sistemi də tətbiq olunur.
Azərbaycan son illər nəqliyyat sahəsində həyata keçirilən infrastruktur və rəqəmsallaşma layihələri sayəsində beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyini daha da gücləndirir. Məqsəd müasir rəqəmsal həllərdən istifadə etməklə ölkənin tranzit potensialını artırmaq, beynəlxalq məlumat mübadiləsini sadələşdirmək və regionun rəqəmsal nəqliyyat qovşaqlarından birinə çevrilməkdir.







