Arzum ev dustaqlığına buraxıldı - YENİLƏNDİ
Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 9999” ləqəbli bloger İlduzə Hacıyevanın barəsində çıxarılmış hökmdən verdiyi apellyasiya şikayətinə bu gün baxılıb.
1news.az musavat.com-a istinadən xəbər verir ki, Müdafiə tərəfi İlduzə Hacıyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Məhkəmənin hökmü ilə "Arzum” ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay azadlıqdan məhrum edilib və hökm elan olunduqdan sonra məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. İstintaqın məlumatına görə, İlduzə Hacıyevanın idarə etdiyi avtomobil dönmə əməliyyatı zamanı arxadan gələn nəqliyyat vasitəsinə mane olub. Nəticədə baş verən qəzada bir nəfər həlak olub, daha bir nəfər ağır xəsarət alıb. O, Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilir.
***
Bu gün "Arzum 9999" ləqəbli bloqer İlduzə Hacıyevanın barəsində olan hökmdən apellyasiya şikayətinə baxılacaq.
1news.az xəbər verir ki, iş hakim Elnur Nuriyevin icraatındadır.
Xəzər rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.
Hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.












