Tramp İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışı ilə bağlı paylaşım etdi
ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına həsr olunmuş yazı paylaşıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, yazının müəllifi Coşua Kleyn qeyd edir ki, Prezident İlham Əliyev Donald Trampı "müstəsna dərəcədə səmərəli sülhyaradıcı" adlandıraraq, onun diplomatiyaya tamamilə fərqli yanaşmasının Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin əldə olunmasında həlledici rol oynadığını, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərində yeni və görülməmiş bir mərhələnin əsasını qoyduğunu bildirib.
Müəllif yazır ki, "Breitbart News"un müxbirinin Trampın yanaşmasını əvvəlki ABŞ administrasiyalarından fərqləndirən cəhətlər barədə sualını cavablandıran İlham Əliyev bu uğuru uzunmüddətli münaqişələrin həllinə tamamilə fərqli baxışla izah edib.
Prezident bildirib ki, əvvəlki ABŞ administrasiyaları təxminən 30 il ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək əvəzinə, faktiki olaraq onu dondurmaq siyasəti yürüdüblər. Donald Tramp isə məsələyə tamamilə fərqli yanaşıb.
İlham Əliyevin sözlərinə görə, Tramp "sülhü sevən" və "dünyada yeni imkanlar görən" liderdir. Azərbaycan Prezidenti qeyd edib ki, sülh sazişi üzrə danışıqların yekun mərhələsində Tramp və komandası Bakının narahatlıqlarını anlayışla qarşılayıb, Ermənistanı sülhün hər iki ölkənin maraqlarına uyğun olduğuna inandırmağa çalışıb və nəticədə "sülhü mümkün edən çərçivəni formalaşdırıb".
Məqalədə vurğulanır ki, İlham Əliyev ötən ilin avqustunda Ağ Evdə keçirilən zirvə görüşünü xüsusi qeyd edib. Həmin görüşdə Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib. Görüş zamanı tərəflər Birgə Bəyannaməni imzalayıb, hər iki ölkənin xarici işlər nazirləri isə sülh sazişini paraflayıblar.
Sənəddə, həmçinin, razılaşmanın müddəalarının növbəti altı ay ərzində icrasına nəzarət edəcək ABŞ–Azərbaycan birgə işçi qrupunun yaradılması da nəzərdə tutulub. Coşua Kleyn yazır ki, İlham Əliyevin fikrincə, bu proses Tramp administrasiyasının sülh prosesini sona qədər aparmaq əzmində olduğunu açıq şəkildə nümayiş etdirib.
Azərbaycan Prezidenti əlavə edib ki, Tramp administrasiyası Ağ Evdə əldə olunan razılaşmalar çərçivəsində üzərinə götürdüyü bütün öhdəlikləri tam yerinə yetirib.
"Yadıma gələn ilk haldır ki, Amerika rəsmiləri verdikləri sözə bu qədər dəqiq əməl ediblər", - deyə İlham Əliyev vurğulayıb.
Prezidentin sözlərinə görə, bu addımların uğurla həyata keçirilməsi Vaşinqton və Bakı arasında daha genişmiqyaslı Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasına zəmin yaradıb və ABŞ-Azərbaycan münasibətlərini "misli görülməmiş" səviyyəyə yüksəldib.
İlham Əliyev ikitərəfli əlaqələrin inkişafını belə qiymətləndirib:
"Bu, heyrətamizdir. Bu, inanılmazdır. Bu, yalnız arzulaya biləcəyimiz bir şey idi."
Məqalədə qeyd olunur ki, dövlət başçısının fikrincə, genişlənmiş tərəfdaşlıq ABŞ ilə Azərbaycan arasında əməkdaşlıqda tamamilə yeni bir mərhələnin başlanğıcını qoyub.












