Naxçıvan necə regionun mühüm geosiyasi məkanına çevrildi? - Deputatdan açıqlama
“Prezident İlham Əliyevin Naxçıvana səfəri və orada səsləndirdiyi mesajlar ölkəmizin ayrılmaz hissəsi olan muxtar respublikanın gələcək inkişaf perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyır”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Deputat bildirib ki, Naxçıvanın mühüm nəqliyyat mərkəzinə çevrilməsi bölgənin iqtisadi və geostrateji rolunu daha da artıracaq.
“Naxçıvanın Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşməsi, Azərbaycanın əsas hissəsi ilə yeni nəqliyyat bağlantısının formalaşması və gələcəkdə beynəlxalq marşrutlara inteqrasiyası onun tranzit əhəmiyyətini ciddi şəkildə artıracaq. Burada əsas məqamlardan biri Naxçıvanın sadəcə yük və ya sərnişinlərin keçdiyi ərazi deyil, yük axınlarının idarə olunduğu, logistika xidmətlərinin göstərildiyi və müxtəlif nəqliyyat istiqamətlərinin birləşdirildiyi regional qovşağa çevrilməsidir. Bu, eyni zamanda, Naxçıvanda yeni iqtisadi fəaliyyət sahələrinin yaranmasına səbəb olacaq. Logistika mərkəzləri, anbar kompleksləri, gömrük və terminal infrastrukturu, nəqliyyat xidmətləri, ticarət və istehsal müəssisələri üçün yeni imkanlar yaranacaq”.
V.Rəhimzadə qeyd edib ki, son illərdə Naxçıvanda həyata keçirilən layihələri kompleks şəkildə qiymətləndirmək lazımdır.
“Burada həm sosial infrastrukturun yenilənməsi, həm nəqliyyat, həm şəhər infrastrukturu, həm də iqtisadi fəaliyyətin genişləndirilməsi istiqamətində proseslər gedir. 2023–2025-ci illərdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının əsas makroiqtisadi göstəricilərində müsbət dinamika qeydə alınıb. 2023-cü illə müqayisədə 2025-ci ildə ÜDM real ifadədə 7,6 faiz, sənaye istehsalı 4,6 faiz, nəqliyyat və anbar təsərrüfatı 25,7 faiz, informasiya və rabitə sahəsi isə 2,1 faiz artıb”.
Deputatın sözlərinə görə, iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri investisiya fəallığının əhəmiyyətli dərəcədə genişlənməsi olub.
“Əsas kapitala investisiyalar 2023-cü illə müqayisədə 2,5 dəfə, o cümlədən tikinti-quraşdırma işləri real ifadədə 2,1 dəfə artıb. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Davamlı iqtisadi artımın təmin edilməsini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını və muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyasını hədəfləyən Dövlət Proqramında 11 prioritet istiqamət müəyyən edilib”.
O vurğulayıb ki, Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.
“2026-cı il 21 fevral tarixində imzalanmış Sərəncamla “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib, 24 fevral tarixində imzalanmış digər Sərəncamla isə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər müəyyən olunub. Prezident İlham Əliyevin avqustun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Sərəncamla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulub”.
V.Rəhimzadə bildirib ki, Naxçıvanın uzun illər blokada şəraitində qalmasına baxmayaraq, bu gün regionun mühüm geosiyasi məkanına çevrilməsini şərtləndirən amillər mövcuddur.
“Əsas məsələ Azərbaycanın tarixi Zəfəri və regionda yeni reallıqlar yaratmasıdır. Ölkəmizin son illərdə həyata keçirdiyi nəqliyyat və enerji siyasəti Azərbaycanın regional bağlantılardakı rolunu əhəmiyyətli dərəcədə artırıb. Digər mühüm məqam Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin və regional kommunikasiyaların açılması perspektivinin Naxçıvanın əhəmiyyətini daha da yüksəltməsidir”.
Deputat qeyd edib ki, Naxçıvanın coğrafi mövqeyi onun regional nəqliyyat və ticarət marşrutlarında mühüm rol oynamasına imkan yaradır.
“Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan bir tərəfdən Türkiyə ilə, digər tərəfdən İran və Ermənistanla birbaşa sərhədə malikdir. Eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə bağlantının təmin olunması istiqamətində yeni imkanlar yaranır. Bu isə Naxçıvanı müxtəlif nəqliyyat və ticarət marşrutlarının kəsişə biləcəyi məkana çevirir. Xüsusilə TRIPP layihəsi bu prosesə yeni məzmun verir”.
V.Rəhimzadə vurğulayıb ki, TRIPP-in reallaşması Naxçıvanın tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
“TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı yaradaraq Orta Dəhlizin mühüm seqmentinə çevrilə və Asiya ilə Avropanı birləşdirən beynəlxalq yükdaşımaların imkanlarını genişləndirə bilər. TRIPP-in reallaşması ilə Naxçıvanla ölkəmizin əsas hissəsi arasında daha sıx nəqliyyat əlaqəsi yaranacaq. Bunun ardınca Türkiyə və Avropa istiqamətində tranzit imkanları genişlənəcək. Digər tərəfdən, İran istiqaməti Fars körfəzi və daha geniş Cənubi Asiya bazarlarına çıxış üçün əlavə perspektivlər yaradır”.
O əlavə edib ki, Naxçıvanın yükdaşıma və tranzit qovşağına çevrilməsi yeni investisiyalar və biznes imkanları baxımından da mühüm nəticələr doğura bilər.
“Naxçıvanda logistika terminallarının, anbarların, gömrük və xidmət mərkəzlərinin yaradılması yeni bizneslərin meydana çıxmasına şərait yaradacaq. Digər vacib məqam Naxçıvanın investisiya cəlbediciliyinin artmasıdır. Naxçıvanın beynəlxalq nəqliyyat şəbəkəsinə daha sıx inteqrasiya olunması burada istehsal və xidmət sahələrinə investisiyanı da artıracaq”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində səsləndirilən mesajlar muxtar respublikanın gələcəyi ilə bağlı mühüm perspektivlər vəd edir.
“Ümumilikdə isə Prezident İlham Əliyevin Naxçıvana səfəri fonunda səsləndirilən mesajlar göstərir ki, muxtar respublikanın həyatında yeni inkişaf mərhələsi başlayır”.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Səfər çərçivəsində dövlət başçısı bir sıra mühüm obyektlərin açılışını edib, yeni layihələrin təməlini qoyub. Eyni zamanda, Prezident səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.








