Naxçıvanın artan regional əhəmiyyəti – "Yeni iqtisadi və nəqliyyat imkanları yaranır" - ŞƏRH
Dövlət başçısı İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına növbəti səfəri, sadəcə protokol xarakterli bir tədbir kimi qiymətləndirilə bilməz.
Bu, ölkəmizin son illərdəki inkişaf fəlsəfəsinin məntiqi davamı və eyni zamanda gələcəyə ünvanlanmış ciddi bir mesajdır.
Prezidentin özünün vurğuladığı kimi, bu, onun dövlət başçısı statusunda Naxçıvana 17-ci səfəridir və hər dəfə olduğu kimi, bu səfər də konkret nəticələrlə, yeni layihələrin təməlqoyma və istifadəyə vermə mərasimləri ilə yadda qalıb.
Sosial evlər kompleksindən Sənaye Parkına, tarixi-mədəni abidələrin bərpasından nəqliyyat infrastrukturunun yenilənməsinə qədər geniş spektrli tədbirlər, Naxçıvanın hərtərəfli inkişaf strategiyasının nə qədər sistemli və ardıcıl həyata keçirildiyini bir daha göstərir.
Lakin bu səfərin mahiyyəti yalnız daxili quruculuqla bağlı deyil.
Uzun illər blokada şəraitində yaşamış, xarici təsirlərdən təcrid olunmuş Naxçıvan bu gün fərqli bir kimlik qazanır, regionun ən mühüm geosiyasi məkanlarından, yeni nəqliyyat və iqtisadi qovşaqlarından birinə çevrilir. Azərbaycan, Türkiyə və İranla həmsərhəd olan bu unikal ərazi, indi böyük tranzit potensialının reallaşdığı, TRIPP kimi strateji layihələrin əhəmiyyət kəsb etdiyi bir məkana çevrilib. Elə buna görə də prezidentin "Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevriləcək" bəyanatı təsadüfi deyil. Bu, real, konkret əsaslara söykənən strateji baxışın ifadəsidir.
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Naxçıvanın bugünkü inkişaf proseslərini yalnız daxili quruculuq və regional inkişaf müstəvisində qiymətləndirmək kifayət deyil.
O bildirib ki, Azərbaycanın bu qədim diyarı yerləşdiyi coğrafi mövqeyə, tarixi irsinə və regional kommunikasiya imkanlarına görə həm geosiyasi, həm də geoiqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır.
"Bu səbəbdən Cənubi Qafqazda və ətraf regionlarda baş verən dəyişikliklər Naxçıvanın gələcək roluna birbaşa təsir göstərir. Son dövrdə Naxçıvanda həyata keçirilən genişmiqyaslı quruculuq və yenidənqurma tədbirləri Muxtar Respublikanın inkişafında yeni mərhələnin əsasını qoyur. Şəhər və yaşayış məntəqələrinin müasir standartlara uyğunlaşdırılması, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, sosial obyektlərin təkmilləşdirilməsi və abadlıq işlərinin genişləndirilməsi regionun uzunmüddətli inkişaf perspektivlərinin nəzərə alındığını göstərir".
Ş.Həsənova qeyd edib ki, xüsusilə sosial siyasətin genişləndirilməsi bu prosesin mühüm istiqamətlərindən biridir.
"Cənab Prezident İlham Əliyevin sosial məsələlərə həssas yanaşması fonunda Naxçıvanda sosial infrastrukturun yenilənməsi insanların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, regionun gələcək inkişafı üçün də möhkəm zəmin yaradır. Naxçıvanın böyük potensiala malik olduğu digər istiqamət turizmdir. Qədim tarixi, zəngin mədəni irsi, çoxsaylı tarixi abidələri, təbii ehtiyatları və özünəməxsus coğrafiyası bu ərazini müxtəlif turizm növlərinin inkişafı üçün əlverişli məkana çevirir".
Politoloqun sözlərinə görə, turizmin inkişafı Naxçıvanda yeni iqtisadi fəaliyyət sahələrinin və əlavə gəlir mənbələrinin yaranmasına şərait yarada bilər.
"Bu prosesin əhəmiyyəti yalnız Naxçıvanın iqtisadi inkişafı ilə məhdudlaşmır. Naxçıvanda iqtisadi fəallığın artması bütövlükdə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə xidmət edə bilər. Uzun illər davam edən blokada reallığından yeni iqtisadi imkanlar mərhələsinə keçid Naxçıvanın qarşısında tamamilə fərqli perspektivlər açır".
Ş.Həsənova vurğulayıb ki, nəqliyyat məsələsi bu yeni mərhələnin əsas istiqamətlərindən biridir.
"Azərbaycanın əsas hissəsi ilə birbaşa nəqliyyat əlaqələrinin məhdudluğu uzun müddət Naxçıvanın mövcud potensialından tam istifadə etməyə imkan verməyib. Bu gün əsas vəzifələrdən biri həmin potensialı üzə çıxarmaq və Naxçıvanın regional nəqliyyat sistemindəki rolunu gücləndirməkdir. Azərbaycan, Türkiyə və İran arasında yerləşməsi Naxçıvana mühüm strateji üstünlük qazandırır".
O əlavə edib ki, bu coğrafi mövqe gələcəkdə nəqliyyat, logistika, ticarət və yükdaşımalar sahəsində Naxçıvanın rolunun daha da artmasına imkan verir.
"Beləliklə, Naxçıvan yalnız keçid məkanı deyil, həm də regional iqtisadi fəaliyyətin mühüm mərkəzlərindən birinə çevrilə bilər. TRIPP çərçivəsində nəzərdə tutulan bağlantıların reallaşdırılması istiqamətində Naxçıvanla bağlı işlərin sürətləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır".
Politoloq qeyd edib ki, burada söhbət yalnız avtomobil yollarının və dəmir yollarının bərpasından getmir.
"Kommunikasiyaların açılması ilə yanaşı, logistika imkanlarının genişləndirilməsi, yüklərin qəbul edilməsi, saxlanılması, çeşidlənməsi və müxtəlif istiqamətlərə yönləndirilməsi üçün yeni imkanlar yarana bilər. Bu isə Naxçıvanın tranzit əhəmiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər. Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinə inteqrasiyası Azərbaycanın Avrasiya nəqliyyat sistemində mövqeyinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır".
Ş.Həsənovanın sözlərinə görə, Naxçıvanın inkişafı yalnız bir regionun iqtisadi yüksəlişi deyil, Azərbaycanın daha geniş regional strategiyasının tərkib hissəsidir.
"Bu gün Naxçıvanda müşahidə olunan prosesləri yeni dirçəliş mərhələsi kimi xarakterizə etmək mümkündür. Çünki burada məqsəd yalnız mövcud infrastrukturun yenilənməsi deyil. Daha mühüm məsələ Naxçıvanın regional sistemdəki funksiyasının dəyişməsi və onun yeni iqtisadi, nəqliyyat və geosiyasi imkanlarının reallaşdırılmasıdır".








