Travmatologiya İnstitutunda növbələrə səbəb TƏBİB-in sistemindəki nasazlıqdır - Nazirlikdən AÇIQLAMA
Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda elektron sistemdə yaranan problem səbəbindən sıxlıq və uzun növbələrin yarandığı bildirilib.
1news.az xəbər verir ki, sosial şəbəkədə bloqer Gülnar Nəsibli məsələ ilə bağlı paylaşım edib.
Onun sözlərinə görə, texniki problem səbəbindən müraciət edən vətəndaşlar saatlarla növbədə gözləməli olurlar.
“Artıq ikinci gündür ki, TƏBİB-in sistemi işləmir. Travmalı insanlar saatlarla növbədə gözləməli olur. Ağrı içində gözləyən xəstələrin əsəbləri tarıma çəkilir. Vətəndaşlar bu qədər əziyyət çəkməməlidir. Qaytarın reyestr, kağız dövrünü, rəqəmsallıq bizə yarımadı...” - deyə o bildirib.
Məsələ ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib ki, yayılan məlumatlarda qeyd olunan vəziyyət TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla əlaqədardır.
Qeyd olunub ki, sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb.
Sistemin tam bərpa olunmasından sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir.
İnstitut yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyib və anlayış göstərmələrini xahiş edib.
Qeyd edək ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu TƏBİB-in deyil, birbaşa Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir.












