Tələbələr BDU-nun C bloku ilə bağlı sosial şəbəkədə müraciət etdi, Məleykə Abbaszadə reaksiya verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Tələbələr BDU-nun C bloku ilə bağlı sosial şəbəkədə müraciət etdi, Məleykə Abbaszadə reaksiya verdi

Qafar Ağayev11:07 - Bu gün
Tələbələr BDU-nun C bloku ilə bağlı sosial şəbəkədə müraciət etdi, Məleykə Abbaszadə reaksiya verdi

Bakı Dövlət Universitetinin (BDU) C bloku ilə bağlı tələbələrin sosial şəbəkələrdəki müraciəti araşdırılacaq, əraziyə baxış keçiriləcək.

1news.az xəbər verir ki, bunu BDU-nun rektoru Məleykə Abbaszadə sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, tələbələrin müraciətini nəzarətə götürüb və məsələ ilə bağlı işçi qrupu ayırıb.

“Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm. Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq. Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm”, – deyə rektor qeyd edib.

Məleykə Abbaszadə universitetin tarixi irsinin qorunmasının və inkişaf etdirilməsinin rəhbərliyin əsas məsuliyyətlərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, BDU-nun nüfuzu təhsilin keyfiyyəti, elmi tədqiqatların nəticələri, akademik dürüstlük və məzunların fəaliyyəti ilə təsdiqlənməlidir.

Rektor tələbələrin öz suallarını verməsi, cavabları müstəqil axtarması və elmi tədqiqatlarda iştirak etməsi üçün imkanların yaradılmasının vacibliyini də diqqətə çatdırıb. O, müəllimlərin tələbkarlığı ilə yanaşı, tələbələrə göstərilən hörmət və qayğının da təhsil prosesində mühüm rol oynadığını bildirib.

Məleykə Abbaszadə dekanların fakültələrin akademik liderləri kimi fəaliyyət göstərməli olduğunu qeyd edib. O bildirib ki, fakültələrdə təhsil proqramlarının vəziyyəti, elmi tədqiqatların inkişafı, müəllim və gənc alimlərin imkanları, eləcə də tələbələrin fikirləri daim diqqətdə saxlanılmalıdır.

Rektor yaxın müddətdə fakültələrin vəziyyəti, güclü tərəfləri, problemləri, kadr və elmi potensialı barədə obyektiv təsəvvür əldə etmək istədiyini vurğulayıb. Bunun üçün həmkarlarından dürüst və peşəkar təhlil gözlədiyini bildirib.

Qeyd edək ki, BDU-nun “C” korpusunda təhsil alan tələbələr daha əvvəl universitetin yeni rektoru Məleykə Abbaszadəyə açıq müraciət ünvanlayıblar.

Müraciət “Azərbaycan Tələbələri” səhifəsində yayımlanıb. Tələbələr tədris korpusunun ətrafındakı səs-küydən və mövcud şəraitdən narazılıqlarını bildirərək problemin həllinə kömək göstərilməsini istəyiblər.

Onların sözlərinə görə, magistral avtomobil yolunun səsi, eləcə də korpusun yaxınlığında yerləşən qəssabxana və avtomobil yuma məntəqəsi dərs prosesinə mane olur, diqqətlərini cəmləmələrinə çətinlik yaradır.

Tələbələr bildiriblər ki, əvvəllər də narazılıqlarını ifadə etsələr də, məsələ həllini tapmayıb. Onlar universitetə qəbul olarkən akademik mühit və təhsil şəraiti ilə bağlı gözləntilərinin olduğunu, lakin hazırkı vəziyyətin bu gözləntiləri doğrultmadığını qeyd ediblər. Müraciətdə tələbələrin artıq 3-4 aydır belə şəraitdə təhsil almağa məcbur olduqları vurğulanıb.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər