İnkişafın yeni üfüqləri: North West şirkətinin strateji investisiyaları və İtaliyanın Falorni şirkətinin texnologiyaları - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İnkişafın yeni üfüqləri: North West şirkətinin strateji investisiyaları və İtaliyanın Falorni şirkətinin texnologiyaları - FOTO

1news Redaksiyası10:00 - Bu gün
İnkişafın yeni üfüqləri: North West şirkətinin strateji investisiyaları və İtaliyanın Falorni şirkətinin texnologiyaları - FOTO

North West Construction MMC (Azərbaycan) və FALORNI TECH S.R.L. (İtaliya) Bakının Qaradağ rayonu ərazisində yerləşən şüşə tara istehsalı zavodunun modernləşdirilməsi, bərpası və istismara verilməsi üzrə kompleks “açar təslim” müqaviləsini imzalayıblar.

Tərəflər arasında müqavilə sənədlərinin imzalanması və mübadiləsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin himayəsi ilə 23 noyabr 2026-cı ildə Bakı şəhərində keçirilmiş Azərbaycan-İtaliya Biznes Forumunda baş tutmuşdur. Qeyd edək ki, zavod Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi investisiya müsabiqəsi çərçivəsində North West Construction MMC tərəfindən özəlləşdirilmişdir.

 Müqaviləyə əsasən, Falorni Zavodun etibarlı və səmərəli fəaliyyətinin bərpasına yönəlmiş mühəndislik, satınalma, təchizat, quraşdırma, inteqrasiya, istismara vermə, performans sınaqları, təlim və təhvil-təslim xidmətlərini həyata keçirəcək. Layihənin birinci mərhələsi başa çatdıqdan sonra Zavodun istehsal gücünün, təsdiq ediləcək yekun istehsal konfiqurasiyasından asılı olaraq, təxminən gündə 120 ton və ildə 110 milyon ədəd şüşə tara təşkil edəcəyi nəzərdə tutulur.

FALORNI TECH 1958-ci ildən fəaliyyət göstərən, şüşə istehsalı texnologiyaları, şüşə əritmə sobalarının layihələndirilməsi və beynəlxalq səviyyədə “açar təslim” EPC layihələrinin həyata keçirilməsi üzrə ixtisaslaşmış, zəngin təcrübəyə malik İtaliya mühəndislik və texnologiya şirkətidir.

Layihənin növbəti mərhələsində Zavodun istehsal imkanlarının daha da genişləndirilməsi məqsədilə ikinci şüşə əritmə sobasının quraşdırılması planlaşdırılır. İkinci sobanın gündəlik istehsal gücünün 100–130 ton, illik istehsal həcminin isə təxminən 90–125 milyon ədəd şüşə tara təşkil etməsi nəzərdə tutulur. Bununla da hər iki mərhələ tamamlandıqdan sonra Zavodun ümumi gündəlik istehsal gücü 220–250 tona, illik şüşə tara istehsalı isə təxminən 200–235 milyon ədədə çatacaqdır. Bu genişlənmə ölkənin şüşə tara bazarında mövcud olan yüksək tələbatın daha böyük hissəsinin yerli istehsal hesabına qarşılanmasına, idxaldan asılılığın azaldılmasına və məhsul çeşidinin genişləndirilməsinə xidmət edəcəkdir.

Modernləşdirilmiş Zavod yerli və regional bazarlar üçün geniş çeşiddə şüşə tara məhsullarının istehsalını həyata keçirəcək.  Məhsul çeşidinə içkilər və qida məhsulları üçün şüşə butulkalar, qida və konserv məhsulları üçün bankalar, habelə müxtəlif ölçü, forma və texniki xüsusiyyətlərə malik digər şüşə qablaşdırma məhsulları daxil olacaq. Layihə North West-in yerli layihələrin inkişafı və investisiya imkanlarını və Falorni-nin beynəlxalq təcrübəsini və şüşə istehsalı texnologiyaları üzrə ixtisaslaşmış texniki biliklərini birləşdirərək Azərbaycanda ilk bu cür müasir, səmərəli və rəqabətqabiliyyətli istehsal müəssisəsinin yaradılmasını təmin edəcək.

Xüsusilə qeyd edilməlidir ki, tərəflər arasındakı əməkdaşlıq Zavodun yenidən qurulması işləri ilə yekunlaşmayacaq. Falorni həmçinin North West-in əməliyyat tərəfdaşı qismində çıxış edərək, texniki nou-hau-su, əməliyyat dəstəyi, texniki xidmət sahəsində ekspertiza və istehsal proseslərinin optimallaşdırılması üzrə təcrübəsi ilə Zavodun davamlı səmərəli fəaliyyətinə töhfə verəcəkdir. Uzunmüddətli əməliyyat tərəfdaşlığının məqsədi sabit istehsalı, məhsul keyfiyyətinin və səmərəliliyin davamlı yüksəldilməsini, eləcə də Zavodun dayanıqlı inkişafını təmin etməkdir.

Layihənin, həmçinin, yerli şüşə qablaşdırma istehsalını keyfiyyət və kəmiyyət baxımından əhəmiyyətli dərəcədə gücləndirməklə və idxaldan asılılığı azaltmaqla Azərbaycan iqtisadiyyatına və sənayenin şaxələndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir. Yerli istehsal şüşə məmulatları və qablaşdırma məhsullarının alıcıları üçün satınalma, daşınma və logistika xərclərinin azaldılmasına, təchizatın etibarlılığının artırılmasına və çatdırılma müddətlərinin qısaldılmasına imkan verəcək. Eyni zamanda Layihə yüzlərlə yeni iş yerinin yaradılmasına, yerli texniki bilik və bacarıqların artırılmasına, yerli təchizatçıların inkişafına, habelə dövlət büdcəsinə əlavə vergi daxilolmalarının və davamlı iqtisadi səmərinin təmin edilməsinə xidmət edəcəkdir.

Layihənin birinci mərhələsi çərçivəsində Zavodun 2028-ci ilin əvvəlində istehsal fəaliyyətinə başlaması gözlənilir.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər