Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi

19:42 - 02 / 04 / 2020
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi

2016-cı il aprelin 2-5-də Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı.

Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə dördgünlük döyüşlərin əks-sədası beynəlxalq aləmdə də dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

O qeyd edib ki, 2003-cü ildən Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün Azərbaycan Ordusunun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən il aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki çıxışında bildirdi ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, hərbi hissələrimiz yenidən qurulur və tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb.

Bununla yanaşı, hazırda ordu quruculuğu baxımından respublikamızın dünyanın güclü ölkələrindən olduğunu diqqətə çatdıran Ali Baş Komandan qeyd edib : “Sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir və 2018-ci ildə il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik”.

2016-cı ilin Aprel döyüşlərini tariximizin şanlı səhifəsi adlandıran dövlət başçısı İlham Əliyev deyib: “...Azərbaycan böyük hərbi qələbə əldə etmişdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik... Əgər Aprel döyüşlərinə qədər onlar öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, Aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb. O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur. Aprel hadisələri orada dərin hərbi və siyasi böhrana gətirib çıxarıb. Bu, hələ qısamüddətli döyüşlər idi. Ona görə onlar düzgün nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyatın verildiyini bildirən Azərbaycan Prezidenti bildirib: “Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu, 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikildi, yeni iş yerləri yaradılır. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Bu, bir daha onu göstərir ki, hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır - bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin”.

Qeyd etmək vacibdir ki, 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirmiş və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında 2 min hektar ərazini düşməndən azad etmiş, işğal altında qalan torpaqlara nəzarət etmək imkanını artırıb. Bunun davamı olaraq, 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmiş, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilmiş, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürülüb. Nəticədə, minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır.

Ali Baş Komandan hərbi potensialımıza yüksək diqqət göstərdiyimizi və bu sahədə böyük nailiyyətlər əldə etdiyimizi bildirərək qeyd edib ki, bizim ordumuzun döyüş qabiliyyəti artmış, uğurlu Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut etmiş və bu əməliyyat nəticəsində Azərbaycan Ordusu strateji yüksəkliklərə sahib olmuşdur: “Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir. Bütün bunlar reallıqdır. Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında danışan dövlətimizin başçısı bizim mövqeyimizdə heç bir dəyişiklik olmadığını bildirərək vurğulayıb ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağın bizim əzəli, tarixi torpağımız olduğunu, əsrlərboyu xalqımızın bu torpaqlarda yaşadığını, qurub, yaratdığını bildirən Ali Baş Komandan deyib: “Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bütün beynəlxalq təşkilatlar müvafiq qərar, qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır”.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. Bu il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Ermənistanın baş naziri Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə qüvvələrindən danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söylədiyini bildirən Prezident İlham Əliyev diqqətə çatdırıb: “O, çox yaxşı bilir və mən də bilirəm ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan”.

E.Əhmədov qeyd edib ki, münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır: “Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də beynəlxalq birlik təcavüzkarın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır”.

1news.az

Paylaş:
766

Son xəbərlər

Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36
Bütün xəbərlər