Yaş əngəl deyil: “Fəal yaşlanma” layihəsi stereotiplərə qarşı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaş əngəl deyil: “Fəal yaşlanma” layihəsi stereotiplərə qarşı - VİDEO

13:00 - 01 / 10 / 2019
Yaş əngəl deyil: “Fəal yaşlanma” layihəsi stereotiplərə qarşı - VİDEO

Bu gün 1 oktyabr – Beynəlxalq Ahıllar günüdür. 1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb.

Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar. Həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaq, onların hüquqlarını, ehtiyaclarını diqqətə çatdırmaqdır.

El arasında belə bir söz var: “Qocaya hörmət elə, çünki sən də qocalacaqsan”. Yaşlı və ahil  şəxslərə  hörmət və ehtiram göstərmək, onların qayğısına qalmaq hər kəsin borcudur. Hamının birgə səyi ilə insanların təkcə uzun ömür sürməsinə deyil, həm də rəngarənglik və məmnunluq gətirən həyat yaşamasına çalışmaq lazımdır.

Rəqəmlər nə deyir?

BMT-nın məlumatına görə, son onilliklər ərzində dünya əhalisinin tərkibi kəskin şəkildə dəyişmişdir. Belə ki, 1950-ci ildən 2010-cu ilə qədər dünyada  orta ömür uzunluğu 46 yaşdan 68 yaşa yüksəlib və əsrin axırlarında 81-ə çatacağı proqnozlaşdırılır. Hazırda dünya əhalisinin 700 milyonunu yaşı 60-dan yuxarı olanlar təşkil edir. 2050-ci ildə isə bu göstəricinin iki milyarda çatacağı gözlənilir. Bu, dünya əhalisinin 20 faizi deməkdir.

Azərbaycanın əhalisi nisbətən cavan yaş strukturuna malikdir. Rəsmi statistikaya görə, əhalinin ümumi yaş strukturunda 15-29 yaş arası gənclərin payı 25% təşkil edir. Lakin əhalinin yaşlanması fenomeni getdikcə özünü daha çox büruzə verir. Ötən illər ərzində sosial rifahın yüksəlməsi orta ömür uzunluğunun müddətinə də müsbət təsir edib. Bu göstəricinin 2050-ci ilə qədər 75.7 yaşa çatacağı proqnozlaşdırılır. 1959-2009-cu illər arasında əhalinin strukturunda 60 və daha yuxarı yaşda olan insanların xüsusi çəkisi 8-9% idisə, 2020-ci ilə bu göstəricinin 12% dən artıq, 2030-cu ilədək 18%-ə çatması, 2050-ci ilə qədər isə bütün əhalinin 25%-ni təşkil etməsi gözlənilir.

Qocalıqda yorğalıq: niyə də yox

Belə bir deyim var: qocalıqda yorğalıq. Bu ifadə əsasən yaşlı adama yaraşmayan hərəkət edəndə işlədilir. Çünki cəmiyyətimizdə belə qəbul olunub ki, insan yaşa dolduqca özünü daha “ağır” aparmalı, hərəkətlərinə sərhəd qoymalıdır. Təbii ki, insan hansı yaşda olmasından asılı olmayaraq davranışlarında müəyyən norma və qayda-qanunlara əməl etməlidir. Lakin bu onların fəal həyat sürməsinə mane olmamalıdır.

Cəmiyyətimizdə elə stereotiplər var ki, onlar insanların həyatını çətinləşdirir, daha darıxdırıcı edir. Məsələn, 60 yaşı keçdikdən sonra bir çox insanlar üçün həyat sanki dayanır. Yaşlı insanlara baxdıqda görürük ki, onların bir çoxu elə də aktiv həyat tərzi sürmürlər. Günlərini əsasən evdə, parklarda keçirirlər. Yəni, bir növ özlərini cəmiyyətdən təcrid edirlər. Bu isə heç də yaxşı hal deyil. 

Bu məsələ tək yaşlıları deyil, gəncləri də narahat etməlidir. Çünki 30-40 ildən sonra onlar da təbii olaraq yaşlanacaqlar və eyni problemlərlə üzləşəcəklər. Odur ki, yaş insan üçün əngəl olmamalı, onun istək və arzularını məhdudlaşdırmamalıdır. Yaşlı bir insanın velosiped sürməsinin, rəqs etməsinin, idmanla məşğul olmasının nəyi pisdir ki? Əksinə, insan yaşa dolduqca keçirdiyi hər gündən, hər andan zövq almağı bacarmalıdır. BMT-nin Əhali Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) cari ilin iyul ayından etibarən Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə icrasına başladığı “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı layihə də məhz buna xidmət edir.

“Fəal yaşlanma” nədir?

Sözügedən layihə yaşlıların rifah halının yaxşılaşdırılmasına töhfə verərək hökumətin fəal yaşlanma prosesinin təşviqi istiqamətində göstərdiyi səylərə dəstək vermək məqsədini daşıyır. Buna nail olmaq üçün keyfiyyətli məlumatların hazırlanması, yaşlanma məsələsində ictimai məlumatlılığın artırılması, sosial xidmətlər vasitəsilə yaşlıların sağlam və müstəqil həyat sürmək imkanlarını dəstəkləmək üçün müvafiq tədbirlərin pilot olaraq sınaqdan keçirilməsi üzrə bir-biri ilə sıx əlaqəli fəaliyyətlər həyata keçiriləcək. Layihə 65 və daha yuxarı yaş kateqoriyasından olan şəxsləri əhatə edir.

Əsas tərəfdaş ƏƏSMN olmaqla yanaşı, layihə Dövlət Statistika Komitəsi (DSK), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. Daha uğurlu və səmərəli nəticələr əldə etmək üçün  yerli icra hakimiyyəti orqanları, KİV və QHT-lərlə də əməkdaşlıq edilir.

Layihə 3 əsas komponent üzrə həyata keçirilir:

1. Yaşlı insanların fəal və sağlam yaşlanmasını qiymətləndirmək və ölçmək məqsədilə Fəal Yaşlanma İndeksinin tərtib edilməsi

2. Fəal yaşlanmanın təşviqi məqsədilə ənənəvi və müasir kommunikasiya alətləri vasitəsilə maarifləndirmə səviyyəsinin artırılması

Layihə çərçivəsində yaşlanmanın özü ilə gətirdiyi fürsətlər və çətinliklər, məsələn, yaşa görə ayrı-seçkilik, stereotiplər və yaşlanma ilə bağlı digər geniş yayılmış yanlış təsəvvürlər barədə ictimai məlumatlılığın artırılması gözlənilir.

3. Yaşlılar üçün inteqrasiya olunmuş sosial xidmətlər

Layihə çərçivəsində sosial müdafiə və təminat sahələri üzrə məsləhət xidmətinin yaradılması, yeni texnologiyaların istifadəsi üzrə maarifləndirmə və səlahiyyətləndirmə, uzunmüddətli qayğı imkan və xidmətləri barədə yaşlıların hər zaman yeni, etibarlı və qərəzsiz məlumata malik olmalarını təmin etmək və yaşlıların peşəkar təcrübə və biliklərinə əsaslanan məsləhət xidmətlərindən yararlanmaq məqsədilə müxtəlif tədbirlərin və fəaliyyətlərin təşkil edilməsi (məsələn, məsələn, görmə problemi olanlar üçün səsli kitabların təchiz edilməsi, kompüter kurslarının aparılması, sosial çağrı mərkəzləri vasitəsilə məlumatların verilməsi) işləri həyata keçiriləcək.

Bundan əlavə, təlimçi qismində yaşlıların cəlb edilməsi, incəsənət və sənətkarlıq – yaşlılardan gənclərə biliklərin ötürülməsi, yaşlıların asudə vaxtının təşkili (ekskursiya, kurslar, mühazirələr, seminarlar), kənd təsərrüfatı sahəsində yaşlıların məsləhətçi qismində cəlb olunması və s. işlərin görülməsi də nəzərdə tutulur.

"Fəal yaşlanma" pilot layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsinin yaşlı insanların rifahına töhfə qazandıracağına ümid edirik!

Babək Cahandarov

Paylaş:
3140

Son xəbərlər

ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla! - FOTOBu gün, 15:37Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşübBu gün, 15:1420 yaşlı qadın körpəsini itirdiBu gün, 14:55“Brilyant əl” filminin məşhur aktrisası vəfat edibBu gün, 14:29COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTOBu gün, 14:12BDU-nun dosenti Feyruz Həsənov vəfat edibBu gün, 13:49Türkiyədə zəlzələ olubBu gün, 13:34Anar Məmmədov Samuxda vətəndaş qəbulundaBu gün, 13:20Tərtərdə polis əməkdaşı vəfat edibBu gün, 12:51Qar yağacaq - Sabahın hava proqnozuBu gün, 12:35Tənzilə Narbayeva: COP29 iqlim dəyişikliyi ilə mübarizədə böyük önəmə sahibdirBu gün, 12:13Saymon Stil: İqlim dəyişikliklərinin mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı planlar kağız üzərində qalmamalıdırBu gün, 12:05COP29 Prezidenti: İqlim dəyişikliyi problemlərinin aradan qaldırılmasında parlamentlər mühüm rola sahib ola bilərlərBu gün, 11:55Qəzadan yaralı çıxan sürücünü başqa avtomobil vurduBu gün, 11:32PAİ prezidenti: İqlim dəyişikliyi ilə mübarizə təkcə qanunvericiliklə deyil, eyni zamanda siyasi iradə ilə olmalıdırBu gün, 11:12AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edibBu gün, 10:55COP29 çərçivəsində Bakıda Parlament Görüşü keçirilir - FOTOBu gün, 10:50Bakının Hövsan qəsəbəsinin su təchizatı sabah bərpa ediləcəkBu gün, 10:40AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:222024 “SOCAR Green” və “Holcim Azerbaijan” Anlaşma Memorandumu imzalayıb - FOTOBu gün, 10:09
Bütün xəbərlər