Risklər və təhdidləri yenən inkişaf strategiyasının memarı - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Risklər və təhdidləri yenən inkişaf strategiyasının memarı - Newtimes.az

15:06 - 10 / 05 / 2016
Risklər və təhdidləri yenən inkişaf strategiyasının memarı - Newtimes.az

Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, onun daim tədqiqinə ciddi ehtiyac vardır. Xüsusilə müasir tarixi mərhələdə səmərəli müstəqil dövlət quruculuğu modelinin reallaşdırılması aspektində Ulu Öndərin zəngin irsinin öyrənilməsi olduqca böyük əhəmiyyət kəsb edir.

Təcrübə göstərir ki, postsovet məkanında ziddiyyətli və mürəkkəb geosiyasi proseslər suveren ölkələr qarşısına gözlənilməz, bir sıra hallarda isə risklərlə dolu situasiyalar çıxarır. Tarixin bu cür qaranlıq dolanbaclarında yalnız öncədən düzgün inkişaf strategiyası seçmiş cəmiyyətlər bu yoldan sapmır, çətin vəziyyətlərdən uğurla çıxa bilir. Məhz bu işdə millətin yetişdirdiyi dahi liderlərin zəngin təcrübəsi və dövlətçiliyi əhatə edən irsi əsas rol oynayır. Konkret ifadə edilsə, Heydər Əliyev elə dühalardandır ki, onun əvəzolunmaz irsindən bəhrələnmədən müstəqil dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması perspektivləri və təhlükəsizliyin təmini kimi aktual məsələləri həll etmək mümkün deyil. Azərbaycanın dövlət və cəmiyyət olaraq bu gün yüksəldiyi səviyyənin təhlili həmin tezisin doğruluğunu tam təsdiq edir.

Xarici siyasət: geosiyasi risklərlə üz-üzə

Qlobal miqyasda müşahidə edilən geosiyasi proseslərin dinamikasının bir sıra aspektləri kontekstində Azərbaycanın daxili və xarici siyasətinin təhlili həm də Ulu Öndərin Vətən üçün nə dərəcədə əhəmiyyətli işlər gördüyünü bir daha təsdiq etmiş olardı. Bir yazıda bu geniş məsələnin bütün cəhətlərinə toxunmaq mümkün deyil. Lakin aktual hesab etdiyimiz bir sıra problemlər işığında müəyyən tezislər ifadə etmək olar.

Hazırda dünya siyasətini risklər və qeyri-müəyyənliklər meydanı kimi təqdim edən siyasi liderlər, analitik və ekspertlər kifayət qədərdir (bax: məs., Zbigniew Brzezinski. Toward a Global Realignment / "The American Interest", aprel, 2016). Bu vəziyyət birbaşa dünyanın müxtəlif regionlarında dövlətlərarası münasibətlərə təsir edir. Əksər hallarda isə müstəqilliyini əldə etmiş ölkələrin suverenliyi xarici proseslərin təsiri altında çox məhdudlaşır. Cənubi Qafqazda Ermənistan məhz bu kimi ziddiyyətli proseslərə görə hazırda suverenliyini tam itirmiş durumdadır. Bunun əsas səbəbi odur ki, Ermənistanda müstəqil dövlət quruculuğu konsepsiyasını müasir geosiyasi proseslərə uyğun, strateji məqamları nəzərə alaraq işləyən və reallaşdıra bilən şəxsiyyət yoxdur.

Azərbaycan xalqının taleyinə isə belə vəzifələrin öhdəsindən ustalıqla gələn Heydər Əliyev kimi şəxsiyyət qismət oldu. Ümummilli Lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoya bildi. Sirr deyil ki, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze məhz Heydər Əliyevin məsləhəti və siyasi yardımı ilə öz ölkəsini məhv olmaqdan xilas etdi. XX əsrin 90-cı illərində sözün həqiqi mənasında Heydər Əliyev bu qonşu ölkənin suverenliyi yolunda həyati əhəmiyyətli addımlar atdı. Bunu Eduard Şevardnadze dəfələrlə etiraf edib. İndi geosiyasi kataklizmlərin tüğyan etdiyi bir mərhələdə də Azərbaycan Gürcüstanın bir sıra aspektlərdə təhlükəsizliyi üçün ciddi işlər görür.

Geosiyasi risklərin baş alıb getdiyi bir zamanda Heydər Əliyevin Azərbaycanın suverenliyini tam təmin edən kurs qoyub getməsi, yuxarıdakı fikirlərdən göründüyü kimi, həm də regional əhəmiyyətli bir hadisədir. Əgər Azərbaycanın tam müstəqil siyasət yeritməsi ilə yanaşı, Gürcüstan qismən də olsa, müstəqil davrana bilməsəydi, hazırda Cənubi Qafqazda geosiyasi vəziyyət və təhlükəsizlik olduqca acınacaqlı durumda olardı. Ciddi geosiyasi, hərbi və təhlükəsizlik riskləri ilə üz-üzə qalmış bir regionda dağıdıcı qüvvələr milyonlarla insanları məhvə aparardı. Burada bir müqayisə aparmağa ehtiyac duyuruq.

Keçən əsrin 90-cı illərində birbaşa Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. O zaman Heydər Əliyev bilirdi ki, gələcəkdə bu başlanğıc region üçün çox vacib proseslərə təkan verəcək. Doğrudan da, indi görürük ki, Bakı-Tbilisi-Ceyhan olmasaydı, dünya əhəmiyyətli enerji layihələrinin reallaşması olduqca çətin bir iş olacaqdı.

Bunu daim xatırladan Prezident İlham Əliyev Ulu Öndərin təməlini qoyduğu kursun nə dərəcədə səmərəli nəticələr verdiyini əsaslandırır. Qərb də indi dərk edir ki, TAP, TANAP, "Cənub qaz dəhlizi", "Yeni İpək Yolu" və başqa strateji əhəmiyyətli layihələrin bünövrəsini Heydər Əliyevin uzaqgörən dövlət quruculuğu kursu təşkil edir. Təsadüfi deyil ki, Qərb ölkələrinin liderləri Azərbaycanın təşəbbüslərini təşəkkürlərlə qarşılayırlar.

Bu məqamda Heydər Əliyevin ölkəmiz üçün ağır olan zamanlarda bir xarici jurnalistin məzmunlu "Zaman kimin xeyrinə işləyir – Ermənistanın, yoxsa Azərbaycanın?" kimi sualına çox inamlı qısa cavabını xatırlamağa dəyər: "Baxarıq". Şübhə yoxdur ki, onda Ulu Öndər bu günləri görürdü və bilirdi ki, Ermənistan dövrün ruhuna zidd olan təcavüzkar siyasəti ilə uzağa gedə bilməyəcək. Gec-tez Azərbaycan onu bütün sahələrdə üstələyəcək və qalib gələcək. İndi heç bir regional layihədə iştirak edə bilməyən Ermənistanın mövqeləri getdikcə zəifləyir.

Deməli, Ulu Öndər Azərbaycanın dövlət kimi taleyini və gələcək nəsillərin azad ölkədə yaşamasını düşünərək hərəkət edib. O, şəxsi həyatını böyük risklərə ataraq nəzərdə tutduğu enerji və iqtisadi layihələri, siyasi islahatları və dövlət quruculuğunun bütün aspektlərini müstəqil Azərbaycanın yaşaması naminə həyata keçirməkdən çəkinmədi. Burada Uinston Çörçillin "dövlət xadimi gələcək nəsilləri düşünərək fəaliyyət göstərir", deyiminin tam yerinə düşdüyünü vurğulamaq istərdik.

Aydın olur ki, indi qlobal siyasətin təlatümlü dinamikasının Cənubi Qafqaza dağıdıcı təsirinin qarşısını almaqda Heydər Əliyevin keçən əsrin 90-cı illərində hazırladığı siyasi kurs kömək edir. Bunun sayəsində böyük enerji layihələri həyata keçə bilir, regionun təhlükəsizlik sisteminin formalaşması üçün addımlar atmaq mümkün olur. Bu aspektdə İlham Əliyevin təşəbbüsü ilə yeni əməkdaşlıq formatlarının həyata keçirilməsi olduqca əhəmiyyətlidir. Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Türkmənistan kimi formatlar öz səmərəsini verməkdədir. Bu formatlar regionda yeni geosiyasi qüvvələr balansını yaratmaq üçün vacibdir (Zbiqnev Bjezinskinin qlobal miqyasda yeni qüvvələr balansının formalaşdırılması zərurətindən bəhs etdiyini xatırlayaq: bax: əvvəlki mənbəyə). Deməli, burada söhbət Ulu Öndərin balanslaşma siyasətinin daha da inkişaf etdirilməsindən gedir. Prezident İlham Əliyev tərəfindən bu kursa yeni şərtlər daxilində yeni məzmun verilməsi prosesi gedir.

Həmin sırada Azərbaycanın Qərb, Rusiya, Çin və başqa böyük dövlətlərlə əməkdaşlığa dövrün tələblərinə uyğun yeni məzmun verməsi mütləq vurğulanmalıdır. Avropa İttifaqı ilə Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlar kimi qurmaqda davam edir. Digər postsovet ölkələrindən fərqli olaraq, rəsmi Bakı Brüsselin təklifləri ilə qeyd-şərtsiz razılaşmır. Prezident İlham Əliyev Azərbaycanın suverenliyinə, milli maraqlarına, dövlət müstəqilliyi prinsipinə uyğun strateji əməkdaşlıq modeli təklif edib. Əvvəllər avropalı siyasətçilər bir qədər narazı qalsalar da, son zamanlar bu təşəbbüsün hər iki tərəf üçün faydalı olduğunu açıq etiraf edirlər ki, bu istiqamətdə də konkret fəallıq hiss olunmaqdadır. Burada Ulu Öndər Heydər Əliyevin müstəqil siyasət kursunun ruhu vardır. Onu İlham Əliyev son dərəcə səmərəliliklə inkişaf etdirir.

Ölkənin imici: xarici səfərlər və beynəlxalq təşkilatlardakı fəallıq

Bu kontekstdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldiyinə dəlalət edən faktları vurğulamaq yerinə düşərdi. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə çoxlu sayda xarici səfərlər edib. Ulu Öndərin bu sahədə fəaliyyəti dünyanın müxtəlif regionlarında yerləşən dövlətləri əhatə edirdi. Təbii ki, Heydər Əliyev bölgə ölkələrinə səfərlərə də ciddi önəm verirdi.

Onun Rusiyaya, İrana, Gürcüstana və Türkiyəyə məhsuldar səfərləri daim yaddaşlarda qalacaq. Heydər Əliyev həmin ölkələrin rəhbərləri ilə aktual problemləri müzakirə edir və müsbət nəticəyə nail olurdu. Bu sırada Ulu Öndərin İran və Rusiya başçıları ilə mütəmadi görüşləri Azərbaycanın regionun geosiyasi dinamikasında rolunu xeyli yüksəltdi. Gürcüstanla isə strateji tərəfdaşlığın müxtəlif aspektləri daha konkret məzmun kəsb etdi. Məsələn, Azərbaycan sərmayəsinin qonşu dövlətə axını, enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişaf prinsipləri məhz Heydər Əliyevin təşəbbüsləri ilə konkretləşdi.

Türkiyə ilə əlaqələrə isə Ulu Öndər xüsusi önəm verirdi. Onun "Bir millət, iki dövlət" tezisi qardaş ölkə ilə əməkdaşlıqda istiqamətverici rol oynamaqdadır. Ankara ilə Bakı indi də qarşılıqlı münasibətlərini bu tezisin üzərində qururlar. Təcrübə göstərdi ki, Heydər Əliyevin başladığı bu yol hər iki dövlət üçün strateji əhəmiyyətə malikdir. Hazırda Türkiyə ilə Azərbaycan birgə iqtisadiyyat, enerji, nəqliyyat, ticarət və təhlükəsizlik sahələrində olduqca vacib layihələr reallaşdırırlar.

Bütün bunların fonunda Heydər Əliyevin Qərb ölkələri və Çinlə əlaqələrin inkişafına xidmət edən fəaliyyəti maraq kəsb edir. Ulu Öndər Avropa dövlətlərinin paytaxtlarına (Paris, London, Berlin, Brüssel və s.) və ABŞ-a səfərləri zamanı Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini onlara anladırdı. Bunun nəticəsində Qərb enerji təhlükəsizliyi, mədəni əməkdaşlıq, ticari-iqtisadi əlaqələr sahəsində Azərbaycanla yaxından əməkdaşlıq etməyə başladı.

Özü də bunlar Heydər Əliyevin beynəlxalq təşkilatlarda Azərbaycanın fəallığını artırması fonunda baş verirdi. Bunun təsdiqi kimi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Azərbaycanın xeyrinə 4 qətnamənin qəbul edilməsini göstərə bilərik. Sonralar onların yerinə yetirilməsinə əngəllər yaradılsa da, faktın özü Azərbaycan üçün çox əhəmiyyətli idi.

Nəticədə, həm Qərblə bərabərhüquqlu əməkdaşlıq yarandı, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin real məzmunu dünyaya çatdırıldı, həm də beynəlxalq təşkilatlarda Bakının səsi daha ucadan eşidilməyə başlandı. Şübhə yoxdur ki, İlham Əliyevin aktiv diplomatik fəaliyyəti nəticəsində 2003-cü ildən başlayaraq əldə olunan uğurlarda Heydər Əliyevin həmin fəaliyyətinin çox ciddi rolu vardır.

Belə ki, Azərbaycan AŞPA-da İlham Əliyevin rəhbərliyi ilə fəallığını daha da artıraraq Ermənistanın təcavüzkarlıq siyasətini pisləyən sənədlər qəbul etdirməyə nail oldu. Azərbaycan BMT çərçivəsində də Heydər Əliyevin əsasını qoyduğu kursa uyğun aktiv surətdə işlər gördü. Bunun da nəticəsi olaraq Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu, sözün həqiqi mənasında böyük uğur idi. Nəzərə alaq ki, Azərbaycan bu yeri Ermənistan da daxil olmaqla bir neçə ölkə ilə rəqabətdə qazandı.

Ulu Öndərin Azərbaycan üçün ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələri İlham Əliyev dönmədən və qətiyyətlə yerinə yetirməkdədir. Bunun üçün beynəlxalq təşkilatların tribunasından maksimum istifadə edilir. Heydər Əliyev böyük səbir və diplomatik ustalıqla hər bir fürsətdə bu problemin əsl mahiyyətini xaricdə anladırdı. Onun BMT, İƏT, Aİ, AŞPA və başqa təşkilatlardakı çıxışlarında Dağlıq Qarabağ məsələsi daim yer alırdı. İlham Əliyev bu istiqaməti daha da inkişaf etdirib və hazırda bütün dünya kimin kim olduğunu yaxşı bilir.

İstanbulda keçirilən "Böyük İyirmilik" (G20) ölkələrinin liderlər sammitində, Münxen təhlükəsizlik konfransında, İslam Əməkdaşlıq Təşkilatının İstanbul zirvəsində, Londonda Suriyaya həsr edilmiş beynəlxalq konfransda, nüvə təhlükəsizliyi ilə bağlı Vaşinqtonda təşkil edilən sammitdə, Bakıda "Cənub qaz dəhlizi" ilə bağlı keçirilən tədbirdə, yenə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının qlobal forumunda və digər tədbirlərdə Prezident Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyəti geniş izah edib.

Həmin kontekstdə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində son illər atdığı addımlar diqqəti çəkir. Bu istiqamətdə atılan addımlar göstərir ki, Azərbaycan diplomatiyasının beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti əsas olaraq Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin gücləndirilməsinə köklənib.

Bu faktın təsdiqi təkcə 2015-ci ildə beynəlxalq təşkilatların qəbul etdikləri qərarlarda öz əksini tapıb. Onların bir neçəsini xatırlatmaq yerinə düşərdi. 2015-ci il mayın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçirilib və orada "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" adlı qətnamə qəbul olunub. Sənəddə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində ölkəmizin ərazilərinin işğal edilməsi qətiyyətlə pislənilib. Bununla yanaşı, münaqişənin Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünün təmini prinsipləri əsasında həllinin zəruriliyi də vurğulanıb.

Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il 16 iyun tarixli qərarı ilə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını təsdiqləyib. Eyni zamanda, Dağlıq Qarabağda yaradılmış qondarma quruma Yerevanın həlledici təsirə malik olduğu və işğal edilmiş ərazilərə faktiki olaraq Ermənistanın nəzarət etdiyi göstərilib. Bununla da Avropa İnsan Hüquqları Məhkəməsi işğal faktını hüquqi əsaslandırıb (bax: Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışı / AZƏRTAC, 12 yanvar 2016). Bu, çox mühüm nailiyyətdir, çünki Azərbaycanın hüquqi olaraq öz torpaqlarını işğaldan azad etməsinə beynəlxalq səviyyədə əsas verir.

Yuxarıda vurğulanan kontekstdə 2015-ci il iyulun 5-9-da keçirilmiş ATƏT-in Parlament Assambleyasının iclasında qəbul edilən "ATƏT məkanında dövlətlərarası münasibətlərdə Helsinki Prinsiplərinə sadiqlik haqqında" qətnamə də xüsusi əhəmiyyət kəsb edir. 2015-ci il noyabrın 4-də isə AŞPA-nın siyasi məsələlər və demokratiya komitəsi "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması" adlı qətnamə layihəsini təsdiq edib ki, burada da Ermənistanın Azərbaycan ərazilərini 20 ildən artıq müddətdə işğal altında saxlaması pislənilib. Sənəddə Ermənistanın Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və etnik təmizləmə siyasətinin qəbuledilməz olduğu qeyd olunub (bax: əvvəlki mənbəyə).

Bunlarla yanaşı, 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatının İstanbul zirvəsində Azərbaycanla bağlı vacib qərarlar qəbul olunub. Yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz təmin edilməsi zərurəti və təşkilata daxil olan dövlətlərin bu məsələdə Bakıya yadım edəcəyi vurğulanıb. Bu, sözsüz ki, Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin böyük diplomatik uğurudur.

Bununla yanaşı, dövlət başçısı ərazi bütövlüyünün mütləq təmin ediləcəyi və düşmənə bir qarış da olsun torpaq verilməyəcəyini açıq bildirib. Aprel ayında olan 4 günlük müharibə bu aspektdə dünyaya və Ermənistan rəhbərliyinə çox məqamları çatdırdı.

Bunlarla yanaşı, Azərbaycan son 10 ildə enerji sahəsində strateji əhəmiyyətli addımlar atdı. Bakı bir neçə layihələrin təşəbbüskarı olaraq qlobal miqyasda enerji təhlükəsizliyinin əsas təminatçılarından biri statusuna yüksəldi. Bu barədə ABŞ və Aİ rəsmiləri dəfələrlə fikirlərini bildiriblər. Şübhə yoxdur ki, bundan sonra da Azərbaycan Prezidenti xarici siyasətdə yeni-yeni uğurlara imza atacaq. Ulu Öndərin əsasını qoyduğu xarici siyasət kursu ölkəni yeni zirvələrə yüksəldəcək.

O cümlədən Azərbaycanın sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun baş tutmasında oynadığı rol daim artacaq. Artıq bunun bir sıra müsbət nəticələri göz önündədir. Bu məsələ bütövlükdə multikultural dəyərlərin qorunması, müasir ideoloji konseptin hazırlanması və ölkə daxilində sabit sosial siyasətin yeridilməsi ilə sıx bağlıdır.

Sivilizasiyalararası əməkdaşlıq, multikulturalizm və sosial rifah: Azərbaycan modeli

Müasir Azərbaycan üçün böyük əhəmiyyəti olan ideoloji konseptin – azərbaycançılığın yeni tarixi şəraitdə banisi məhz Heydər Əliyevdir. Azərbaycançılıq milliliklə beynəlmiləlin sintezi olan ideoloji prinsiplərə söykənir. Ulu Öndər yeni əsr və üçüncü minilliyin gəlişi ilə bağlı Azərbaycan xalqına müraciətində həmin ideoloji sistemin mühüm aspektlərini dəqiq ifadə edib. Onların sırasında azərbaycanlıların harada olmasından asılı olmayaraq köklərinə, dilinə, mədəniyyətinə, dövlətçiliyinə sadiqliyi, Vətən sevgisi, vətənpərvərliyi vurğulamaq olar. Eyni zamanda, Ümummilli Lider azərbaycanlıların fərqli mədəniyyətlərə açıq olmasını, başqa xalqların mədəniyyətini əxz etməsini, fərqli dinlərə tolerant yanaşmasını vacib sayırdı. Bu müddəalarda Azərbaycanın dövlət və cəmiyyət olaraq əhəmiyyətli özəllikləri öz əksini tapıb.

Bir tərəfdən, Azərbaycan vətəndaşı öz milli keçmişinə bağlı olmalı, digər tərəfdən isə, fərqli mədəniyyət və din sahiblərinə tolerant münasibət göstərməli və onların mədəni dəyərlərini öyrənməlidir. Bu, XXI əsr üçün ciddi ideoloji istiqamətlərdir. Onlar dövlət siyasətinin tərkib hissəsinə çevrildikdə isə çox yüksək nəticələr əldə etmək mümkündür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev məhz Ulu Öndərin müəyyənləşdirdiyi prinsiplər üzrə Azərbaycanı sivilizasiyalar, mədəniyyətlər və dinlərarası əməkdaşlığın məkanına çevirdi. Bu prosesin təkanverici qüvvəsi Ulu Öndərin müəyyənləşdirdiyi ideoloji prinsiplərdir.

İndi Azərbaycan cəmiyyətinin özü tolerantlıq, fərqli mədəniyyətə və dinə sahib insanların birgə yaşaması sahəsində nümunəvi modeldir. Konstitusiyamızda əks olunan bir sıra müddəalar bunun hüquqi sübutudur. Əsas Qanunun 18-ci maddəsində qeyd edilir ki, "bütün dini etiqadlar qanun qarşısında bərabərdir". 21-ci maddədə vurğulanır: "Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir". 25-ci maddədə ifadə olunub: "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır".

Azərbaycan Konstitusiyasında mədəniyyət və milli mənsubluqla bağlı xüsusi maddələr vardır. 40-cı maddədə deyilir: "I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır. II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır". 41-ci maddədə isə təsbit edilib ki, "I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz". Bunlardan başqa, 45-ci maddədə hər kəsin öz ana dilindən istifadə etmək və təhsil almaq hüququnun olduğu bildirilir (bax: Azərbaycan Respublikasının Konstitusiyası, 12 noyabr 1995-ci il / "http://www.president.az").

Bütün bunlar müasir dövrün tələblərinə tam uyğun olan hüquqlardır və onlar konkret olaraq reallaşır. Bu Konstitusiyanın memarı isə Ulu Öndər Heydər Əliyevdir. Onun bu cür demokratik və hüquqi cəhətdən mükəmməl Konstitusiya yaratması Azərbaycanı qısa müddətdə mədəniyyətlərin, sivilizasiyaların və dinlərin ortaq dildə "ünsiyyət qurduğu" bir məkana çevirmək imkanı verdi.

Sadəcə bir neçə nümunə ilə fikrimizi əsaslandıra bilərik. Bu gün Azərbaycanda 2054 məscid, 13 kilsə var. Ölkəmizdə xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Dünyada yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir. Azərbaycan, demək olar ki, yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi ölkədir. Azərbaycanda 7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir. Hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, Bakıda erməni kilsəsi qorunub saxlanılır (bax: Azərbaycançılıq ideyasının banisi / "Azərbaycan" qəzeti, 7 may 2016).

Başqa bir misal kimi Azərbaycanda sivilizasiyalar, dinlər və mədəniyyətlərarası əməkdaşlığa həsr edilmiş çoxlu sayda beynəlxalq tədbirlərin keçirilməsini göstərə bilərik. Bu sırada "Bakı prosesi"ni, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Bakı Humanitar Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının VII Forumunu və digərlərini vurğulaya bilərik. Onu deyək ki, bu istiqamətdə Heydər Əliyev Fondu çox böyük işlər görür. Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çoxlu sayda mötəbər tədbirlər keçirib. Onlardan yalnız bir neçəsini xatırladaq: "Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər" adlı beynəlxalq konfrans (3-4 aprel 2007-ci il), "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfrans (2 dekabr 2008-ci il), "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfrans (6-7 noyabr 2009-cu il), "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" adlı konfrans (11 noyabr 2009-cu il), Dünya Dini Liderlərinin Bakı Sammiti (26-27 aprel 2010-cu il) və s.

2016-cı ildə isə "Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi" mövzusunda II Beynəlxalq Bakı Forumunun keçirilməsi planlaşdırılıb. Bu, Prezident İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsi çərçivəsində həyata keçirilməli olan tədbirlər sırasındandır.

Bizcə, yuxarıda göstərilən nümunələr tam təsdiq edir ki, Azərbaycan sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında real dialoqun, əməkdaşlığın qurulmasına ciddi töhfələr verir. Dövlət başçısı bu istiqamətdə çox vacib addımlar atır. Şübhəsiz ki, bütün bunlar Heydər Əliyevin uzaqgörən siyasətinin birbaşa nəticəsidir.

Yeri gəlmişkən, onu xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyevin yaratdığı Azərbaycanın sosial dövlət konsepsiyası bütün uğurların əldə olunmasında ciddi rol oynayıb. Çünki sosial sahədə insanların rifahı təmin olunmasa, ölkədə sabitliyə çox böyük çətinliklə nail olunardı. Bu səbəbdən Ulu Öndər sosial sabitlikdən innovativ inkişafa aparan dəqiq kurs müəyyən etdi. Lakin bu cür keçid, bir qayda olaraq, cəmiyyətin zəif təminatlı təbəqəsinin durumuna mənfi təsir göstərə bilərdi.

Ulu Öndər bu məqamı ciddi nəzərə alaraq müstəqilliyin ilk illərində xüsusi vurğulamışdı: "Biz yaxşı bilirik ki, aparılan iqtisadi siyasət, həyata keçirilən islahatlar iqtisadiyyatı ümumən inkişaf etdirməklə yanaşı, aztəminatlı təbəqənin vəziyyətinə müəyyən qədər mənfi təsir göstərir. Ona görə də biz islahatlarımızın sosial yönümünə xüsusi fikir veririk və bundan sonra da bu, bizim diqqət mərkəzimizdə olacaqdır" (bax: Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin Andiçmə mərasimində nitqi, 18 oktyabr 1998-ci il / "http://lib.aliyev-heritage.org").

Bu yanaşmanın müsbət bəhrələrini Azərbaycan xalqı hər zaman görürdü. 1996-cı ildə pensiya və müavinətlər 50% artırıldı, 1997-ci ilin avqust ayında əlilliyi olan şəxslərin, tənha ahıl vətəndaşların, sosial pensiyaçıların pensiyalarına əlavə müavinətlər hesablandı, 1998-ci ilin avqust ayında şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiya məbləğləri 2 dəfədən çox artırıldı, 2000-ci ilin əvvəlindən pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddi 50 min manata çatdırıldı, 2001-ci ilin əvvəlindən 20 Yanvar əlillərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olanların pensiyalarına hesablanan aylıq müavinətləri orta hesabla 1,5 dəfə, aztəminatlı ailələrdə uşaq doğularkən verilən birdəfəlik müavinət 1,4 dəfə, dəfn üçün müavinət 1,5 dəfə, üç uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinət orta hesabla 1,8 dəfə artırıldı.

Bununla da Heydər Əliyevin nəzərdə tutduğu sosial sabitliyə nail olundu. Sonrakı mərhələdə müasir innovasiyaların tətbiqi reallaşmalıdır. Bu istiqamətdə də Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Burada dövlət başçısının sosial islahatlarla innovativ inkişafın sintezini təmin etdiyi aydınlaşır. Belə ki, islahatlar kursu ölkədə son 12 ildə iqtisadiyyatda 3,4 dəfə artıma nail olmağa imkan verdi. Qeyri-neft sektorunun ÜDM-də payı 70%-i keçib. Əhalinin gəlirləri 7 dəfə artıb. Orta aylıq əməkhaqqı 5,6 dəfədən çox artıb. Bu, cari ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çoxdur. Pensiyaların orta aylıq məbləği 10,3 dəfədən çox artaraq 18,4 manatdan 190 manata çatıb. O cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği hazırda 210,8 manat təşkil edir ki, bu da MDB məkanı üçün yüksək göstəricidir.

Bunların fonunda Azərbaycan yeni informasiya-kommunikasiya texnologiyalarını intensiv surətdə mənimsəyir və tətbiq edir. İndi Azərbaycan kosmik fəzada süni peyki olan dövlətlər sırasındadır. Ölkə başçısı "elektron hökumət" yaratmaq istiqamətində davamlı addımlar atır. "ASAN xidmət" mərkəzi artıq dünyada Azərbaycanın brendinə çevrilib. May ayının 4-də Prezident İlham Əliyev "ASAN Kommunal" mərkəzlərinin yaradılması haqqında da sərəncam imzalayıb.

Bir sözlə, müasir innovasiya elementləri ölkə həyatına sürətlə daxil olmaqdadır. Heydər Əliyevin arzuladığı və reallaşması üçün bütün əsasları hazırladığı müasir, innovasiyalı inkişafa nail olmuş Azərbaycan artıq dünyada öz sözünü daha əminliklə deyir.

Prezident İlham Əliyevin bu sahədə Ulu Öndərin siyasətini daha da inkişaf etdirərək, yeni uğurlar qazanacağına şübhə yoxdur. Təsadüfi deyil ki, dünya maliyyə böhranı ilə mübarizə apardığı bir vaxtda Azərbaycan sosial-iqtisadi, enerji, ordu quruculuğu, yeni texnologiyalara yiyələnmək və başqa perspektivli layihələrini uğurla reallaşdırmaqdadır.

Biz heç zaman unutmamalıyıq ki, bu sabit və dönməz inkişaf strategiyasının müəllifi Heydər Əliyevdir. Ulu Öndərin böyük əsəri olan müstəqil Azərbaycan həmişə Günəş kimi parlayacaq. Deməli, Heydər Əliyev imzası da daim yüksəklərdə olacaqdır!

Novruz Məmmədov

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, səfir, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

 

Paylaş:
1599

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər