Vergi sistemində “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vergi sistemində “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq

12:28 - 16 / 11 / 2015
Vergi sistemində “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq

Azərbaycanın vergi sistemində mütərəqqi yeniliklər tətbiq olunacaq. Bu yeniliklərdən biri də elektron vasitələrdən daha səmərəli istifadə edilməsidir.

1news.az-ın verdiyi xəbərə görə  Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar olaraq  elektron auditin aparılması üzrə qanunvericilik bazasının yaradılması və vergi ödəyicilərində mühasibat uçotunun elektron qaydada aparılmasına keçidin sürətləndirilməsi, audit sahəsində çalışan əməkdaşlara iş yerlərində ayrı-ayrı funksional sahələr üzrə e-audit, e-mühasibat və informasiya texnologiyaları sahəsində təlim proqramlarının təşkili nəzərdə tutulur.

Qabaqcıl beynəlxalq təcrübələr öyrənilərək “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq və tətbiqi ilə bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək. Bununla yanaşı, vergidən yayındırılan dövriyyələrin aşkar olunması ilə əlaqədar mənəvi cəhətdən köhnəlmiş nəzarət-kassa aparatlarının daha müasir avadanlıqlarla əvəz edilməsi üzrə təkliflərin verilməsi, əhalinin nağd ödənişlər zamanı çek tələb etmələri üçün stimullaşdırıcı tədbirlərin (lotereyalar, bonus kampaniyaları və s.) həyata keçirilməsi planlaşdırılır.

Vergi potensialının qiymətləndirilməsi və proqnozlaşdırılması modelləri sisteminin tətbiqi, onun müvafiq proqram paketi ilə təmin olunması, vergi orqanları tərəfindən nəzarət edilməsi nisbətən çətin olan peşələr üzrə (ev təmiri ilə məşğul olan ustalar, bağbanlar, dayələr, ev qulluqçuları və digər oxşar peşələr), habelə digər sahələrdə vergidən yayınma hallarının minimuma çatdırılması məqsədilə ictimai nəzarətin gücləndirilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi istisna olunmur.

Qeyd olunub ki, vergi sistemində tədris və təlim prosesinin yüksəldilməsi məqsədilə vergi orqanları əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması prosesində müasir informasiya texnologiyalarından istifadə etməklə beynəlxalq təlim metodlarının tətbiqi mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin cəlb olunmasını tələb edir.

Vergi sisteminin inkişafı və hüquqi təminatına dair aktual elmi-tədqiqat və araşdırma işlərinin genişləndirilməsi, Vergilər Nazirliyinin Tədris Mərkəzinin bazasında Regional Təlim və Tədqiqat Mərkəzinin yaradılması, əməkdaşların peşə hazırlığı prosesində elektron təhsil sisteminin tətbiqi istiqamətində də işlər davam etdiriləcək.

Paylaş:
859

Son xəbərlər

Bütün xəbərlər