Vahid Ələkbərov neftin gələcək qiymətləri ilə bağlı münasibət bildirib
“Bəşəriyyət yeni enerji mənbələri axtarmağa davam edəcək”.
1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov bolqar qəzeti “Trud”a verdiyi müsahibəsində bildirib.
“Vyanada OPEK ölkələri ilə görüşdə olmuşam, İran və İraq nazirləri, müxtəlif analitiklər ilə söhbət etmişəm, onların hamısı qiymətlərin gələcəkdə də indiki səviyyədə qalacağını hesab edirlər.
Yəni biz bir barel üçün 42-47 dollar səviyyəsindən danışırıq. 2016-cı ilin sonunda 2017-ci ilin əvvəlində qiymətlər bahalaşacaq”, - Ələkbərov bəyan edib.
Onun fikrincə, 2017-ci ildə neft istehsalının və istehlakının həcmi bərabərləşəcək, bundan sonra neftin qiyməti, böhran illərində olduğu kimi sürətlə olmasa da artmağa başlayacaq.
“Bizim hesablamalarımıza görə, ortamüddətli planda qiymətlər bir barel üçün 60 dollar səviyyəsində dəyişə bilər. Bəşəriyyət yeni enerji mənbələri axtaracaq, amma növbəti 40-50 il ərzində ənənəvi enerji mənbələri - neft, qaz və kömür üstünlük təşkil edəcək”- Ələkbərov dəqiqləşdirib.