Samir Şərifov: Əgər qiymətlər aşağı düşərsə alternativ büdcə variantı gündəmə gələ bilər
Dünən beynəlxalq bazarlarda brent neftinin qiyməti 40 dollardan aşağı düşərək son 7 ilin ən aşağı səviyyəsini gördü. Neft qiymətlərinin daha da aşağı düşməsi və gələn il qiymətlərin 40 dollardan aşağı qalması, ixracının 90%-dən çoxunu xam neft təşkil edən Azərbaycan üçün yaxşı nəticələrə səbəb olmaya bilər.
1news.az xəbər verir ki, "Marja"nın məlumatına görə, neftin ucuzlaşması, gəlirləri 14 milyard 566 milyon manat, xərcləri isə 16 milyard 264 milyon manat olaraq təsdiq edilmiş gələn ilin büdcəsində dəyişikliyə gedilməsinə gətirib çıxarda bilər.
Çünki, maliyyə naziri Samir Şərifov bildirmişdi ki, dekabrın 7-də təsdiq edilən gələn ilin büdcəsi neftin qiymətinin 50 dollar olması ssenarisi üçün nəzərdə tutulmuşdur. Əgər qiymətlər aşağı düşərsə alternativ büdcə variantı gündəmə gələ bilər.
“Növbəti il üçün pessimist və optimist variantlar da mövcuddur. Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət büdcəsi əsasən neftdən gələn gəlirdən asılıdır. Əgər neftin qiyməti 40 dollar və ondan aşağı olarsa ona uyğun büdcə sistemi hazırlanıb. İkincici variant isə optimist variantdır ki, bunun üçün hazırlanan sistem neft qiymətinin 60 dollar və yuxarı olmasına bağlıdır. Hələ ki, növbəti il üçün hazırlanan büdcədə neftin qiymətinin 1 bareli 50 dollar olaraq götürülüb. Alternativ büdcə sisteminin hazırlanması ölkəmizə dünya iqtisadiyyatında baş verəcək hər hansı proseslərə çevik reaksiya verməyə imkan yaradacaq. 40, 50, 60 dollarlıq ssenarilər Dövlət Neft Fondunun gəlirlərinə təsir edir. 60 dollarlıq ssenari reallşadığı təqdirdə valyuta ehtiyatlarımız artacaq. 40 dollarlıq ssenari bizim üçün pisdir. Bu halda valyuta ehtiyatlarımız azalacaqdır”,”,- Milli Məclisdə “Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zaman maliyyə naziri Samir Şərifov demişdi.
Neftin qiymətinin 40 dollar olaraq götürüldüyü büdcənin gəlirlərinin və xərclərinin daha aşağı olacağı gözlənilir. Xərclərin daha da azalması iqtisadi aktivliyə pis təsir edə bilər. İnvestisiyalar, xərcləmələr azaldığından satışlar, iş yerləri də azala bilər.
Qeyd edək ki, dünən axşam saatlarında Brent nefti 39,85 dollara, ABŞ xam nefti isə 36,65 dollara düşmüşdü.
Analitiklərin, brent neftinin qiymətində hazırda müşahidə etdiyi nöqtə 42 dollar səviyyəsidir. Qiymətin bu səviyyədən aşağı qalmaqda davam etməsi vəziyyətində qarşıdakı həftələrdə qiymətin 36 dollar və 30 dollar səviyyələrinə doğru düşməsi görülə bilər. Onsuz da hazırda neftin qiymətininartmasını dəstəkləyəcək bir əsas görünmür. Ancaq neft 47 dollara yüksəlməsi vəziyyətində satış repressiyasından qurtula bilər. Artım bu səviyyəni aşarsa, neftin alışı başlaya bilər və qiymət nisbətən yüksələr.