Supermarket biznesinin gəlirləri azalır
Əhalinin istehlak səbətini kiçiltməsi ilə əlaqədar olaraq pərakəndə ticarət şirkətlərinin gəlirləri azalır.
1news.az-ın “Marja”ya istinadən məlumatına görə, 41 şöbəsi ilə Azərbaycanın ən böyük supermarket şəbəkəsi olan “ARAZ”ı idarə edən “Azretail” şirkətinin İcraçı direktoru Vüsal Şərifov bildirib ki, indiki durumda müəyyən çətinliklər var:
“İstehlak bazarında səbət kiçilir, rəqabət artır. Əvvəllər supermarketlər az idi, daha çox ənənəvi marketlər idi. Bu gün isə, supermarketlər artdığından bazar payı daralır. Ev altında, yol üstündə kiçik marketlər hələ də güclü mövqedədir. İri supermarketlər həmin marketlər ilə rəqabət aparmaq üçün işini düzgün qurmalıdır”.
Vüsal Şərifov qeyd edib ki, artıq bəzi “ARAZ” şöbələri zərər ilə işləyir: “Bizdə elə supermarketlər var zərər ilə, elələri də var mənfəət ilə işləyir”.
Qeyd edək ki, bir müddət əvvəl, “Azersun Holding”in prezidenti Abdolbari Goozal “Bazarstore”un da zərər ilə işlədiyini bildirmişdi.
Son iqtisadi vəziyyət ilə bağlı olaraq əhalinin gəlirlərinin və xərclərinin azaldığı müşahidə olunur. “Satan çox, alan isə yox” vəziyyəti yarandığından bir çox supermarketlər gəlir gətirmir. Hazırda bəzi şirkətlər bazarda paylarını qorumaq ilə məşğul olurlar. Supermarketlərin saxlanılmasının bir səbəbi də, sahibkarın digər şirkətlərinin fəaliyyətini dəstəkləməkdir.