Azərbaycan dəyişkən konyunktura şəraitində | 1news.az | Xəbərlər
Dünya

Azərbaycan dəyişkən konyunktura şəraitində

11:57 - 16 / 12 / 2015
Azərbaycan dəyişkən konyunktura şəraitində

Dünyada etnik, dini və mədəni tərkibinə görə son dərəcə qarışıq və qəliz olan bir neçə bölgə mövcuddur. Bunların arasında Yaxın Şərq, Balkan yarımadası və Qafqazın adı xüsusilə qeyd edilməlidir.

Qafqaz hər zaman xüsusi yanaşma tələb edən bir bölgə özəlliyinə sahib olmuşdur. Maraqlıdır ki, hələ XVIII əsrin əvvəllərində Qafqazı işğal etmənin planlarını quran Rusiya imperiyası bu məsələdə tələskənliyə yol vermənin səhv addım olduğunu başa düşmüşdü. Bəzi kiçikmiqyaslı yürüşləri nəzərə almasaq, təxminən 100 ili əhatə edən bir dövr ərzində Qafqaz hərbi kampaniyasının hazırlıqlarını görən Rusiya məsələyə köklü şəkildə yanaşmış, qısamüddətli mənfəət dalınca qaçmamış, yüzilliklərə hesablanmış perspektivləri əldə rəhbər tutaraq hərəkət etməyə üstünlük vermişdi.

Hərbi kampaniyanı uğurla başa çatdırdıqdan sonra isə rus imperializmi ən azı 50 ilini bu qəliz bölgənin çözülməsinə və yerli xalqların əhval-ruhiyyələrinə uyğun bir strategiya hazırlanmasına sərf edib. Bu işə XIX əsrdə özünün intibah dövrünü yaşayan rus mədəniyyətinin ən görkəmli nümayəndələri – alimlər, şərqşünaslar, coğrafiyaşünaslar, tarixçilər, kartoqraflar, etnoqraflar, antropoloqlar və digər ziyalılar cəlb edilmişdilər. Rus və fransız ədəbiyyatının klassikləri isə onlara son dərəcə yad olan Qafqaz məişətinin fraqmentlərini daima öz əsərlərində ölümsüzləşdirməyə çalışıblar. Yalnız bundan sonra bir neçə yüzilliyə hesablanmış missiyasını başa vuran rus ekspansionizmi yeni üfüqlərə doğru hərəkət etməyə başlamışdı.

Lakin bu gün dünyada müşahidə edilən tendensiya onu göstərir ki, hətta ən uğurlu imperializm maşını belə uzun bir müddət sonra bumeranq effekti verərək əks-təsirini göstərməyə başlayır. Tarix böyük dövlətlərin zaman keçdikcə öz ekspansionist siyasətlərinin əsirinə çevrildiklərini dəfələrlə sübut etmişdir.    

Bu gün Qafqazda xalqlarının etnik mənsubiyyətləri, dini etiqadları, milli dəyərləri və mədəniyyətləri biri-birindən kəskin surətdə fərqlənən üç respublikanın mövcud olduğu məlumdur. Əslində bu dövlətlərin hər birinin xarici siyasət kursu özündə onları idarə edən əsas xalqların siyasət anlayışlarını, ənənəvi dünyagörüşlərini, emosional kimliklərini, milli-mənəvi dəyərlərini və digər xüsusiyyətlərini əks etdirir.     

Məsələn, Gürcüstan birmənalı şəkildə Qərb inteqrasiyasının yolunu tutan, Avropa İttifaqına üzvlüyü və NATO-ya qoşulmanı dövlət prioriteti elan edən, gələcək taleyini Avropa ailəsi ilə bağlamağa çalışan bir dövlət olduğu halda, Ermənistan Rusiyanın forpostu olaraq qalmağa, imperiyanın “beşinci kolonu” funksiyasını yerinə yetirməyə üstünlük verən və müttəfiqliyinin müqabilində arada bir “mükafatlandırılmanın” ümidi ilə yaşayan bir ölkədir. Azərbaycan isə hər hansı bir siyasi düşərgəyə və ya hərbi bloka qoşulmağa can atmayan, balanslaşdırılmış siyasət yeritməyə səy göstərən və tətbiq etdiyi iqtisadi model sayəsində beynəlxalq aləmdə söz sahibi olmağa çalışan bir dövlət imici formalaşdırmaq niyyətindədir.     

Əslində bu üç dövlətin təməlini təşkil edən və tarixdən gələn etnik, dini və mədəni fərqliliklər heç də onların xarici siyasət kurslarının istiqamətlərinin müxtəlifliyini şərtləndirmir. Hətta bölgədə hər zaman aktiv olan bölücü ünsürlər müəyyən mənada Qafqaz üst kimliyindən də ehtiyat edirlər. Burada qarışıq etnik-konfessional vəziyyət sadəcə bir alət rolunu oynayır. Qafqaz temperamenti və emosionallığı isə təbii ki şər qüvvələrin dəyirmanına su tökür. 

Müqayisə üçün Baltik ölkələrini misal göstərə bilərik. Estonların finmənşəli olmaları, litvalıların katolik təriqətinə inanmaları, latışların isə lüteran və pravoslav dini etiqadlarına bağlılıqlarına baxmayaraq, bölgənin gələcəyi ilə bağlı strateji qərarlar qəbul edilərkən hər üç ölkənin rəhbərliyi hər zaman eyni mövqedən çıxış ediblər. Baltik regional üst kimliyi o qədər güclü olub ki, bölgədə tarix boyunca kəsişən alman və rus maraqları belə bu özünəməxsus mədəniyyətin dayaqlarını sarsıda bilməyib.     

Qeyd etmək lazımdır ki, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası ilə Rusiya arasındakı münasibətlər yeni müstəviyə çıxmışdı. Təbii ki, ötən əsrin 90-cı illərinin əvvəllərində iki ölkə arasındakı əlaqələrdə müəyyən problemlər var idi. Qarabağ müharibəsi illərində bu problemlər xüsusilə nəzərə çarpırdı.  

90-cı illərin ortalarından başlayaraq, Azərbaycan-Rusiya əlaqələri daha yüksək templə inkişaf etməyə başladı. İkitərəfli əlaqələri xarakterizə edən əsas xüsusiyyət münasibətlərin sabitliyindən ibarət idi. Bununla belə, Azərbaycanın strateji qərarlar qəbul etdiyi məqamlarda rəsmi Moskvanın periodik olaraq özünü xatırlatması xüsusi qeyd edilməlidir. 

İki ölkə arasındakı əlaqələrin hazırkı vəziyyəti haqqında azacıq təsəvvürə malik olmaq üçün son 10-15 il ərzində Azərbaycanın xarici siyasət kursunun ümumi təhlilini vermək kifayətdir. Məsələn, Azərbaycan keçmiş sovet coğrafiyasında Rusiyanın təşəbbüsü ilə yaradılmış regional təşkilatlara üzvlükdən imtina edən nadir dövlətlərdəndir. Bir çox postsovet respublikasından fərqli olaraq, rəsmi Bakı Avrasiya İqtisadi Qrupu (EURASEC) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (CSTO) üzv olmaqdan imtina etmiş, həmçinin Kreml tərəfindən Avropa İttifaqının alternativi olaraq irəli sürülən Avrasiya İttifaqı ideyasına soyuq yanaşmışdır.

Digər tərəfdən, Azərbaycanın Rusiyadan yan keçən iri enerji layihələrində iştirakı, onun Türk Şurası və Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatdakı (GUAM) fəallığı, eləcə də Qoşulmama Hərəkatındakı aktiv rolu Moskvada birmənalı qarşılanmır.       

Bütün bunlara rəğmən, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiyanın Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe tutacağına olan ümidlərini itirmir. Heç şübhəsiz ki, bölgənin ən qüdrətli dövlətlərindən biri olan Rusiyanın təsir imkanları genişdir. Bəzi ekspertlərin fikrincə, hətta Moskva istədiyi anda böyük regional və etnik münaqişələri bir neçə saatın içində həll etmək iqtidarındadır.     

Son illər ərzində Azərbaycanın geostrateji hədəfləri, onun beynəlxalq aləmdə artan nüfuzu rəsmi Moskvanı Bakı ilə olan münasibətlərə yenidən baxmağa vadar edir. Rusiyanın davranışındakı dəyişkənlik sonuncu dəfə bir neçə il bundan öncə özünü büruzə vermişdi. Moskvanın Qəbələ RLS-in icarə müddətini uzatmaqdan imtina etməsi və digər amillər bu ehtimalları bir daha təsdiqləmişdi.   

Təbii ki, ikitərəfli münasibətlərdə Azərbaycanı qane etməyən bir çox nüanslar mövcuddur. Misal üçün, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olduğu halda, eyni zamanda Ermənistanın – Qarabağ münaqişəsindəki tərəflərdən birinin hərbi müttəfiqidir. Moskva mütəmadi olaraq Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistana hərbi yardım edir və bu ölkədə hərbi baza saxlayır. Bu azmış kimi, əgər əvvəllər Rusiya Ermənistana silah ötürdüyünü ört-basdır etməyə çalışırdısa, indi bunu nümayişkaranə şəkildə etməkdən çəkinmir. 

İstənilən halda, Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasına təsir imkanları tükənməyib. Moskvanın bu məsələ ilə bağlı mövqeyindəki hər hansı bir müsbət dəyişiklik Azərbaycan ilə olan ikitərəfli münasibətlərin yenidən canlanmasına təkan verə bilər.  

Ceyhun Ələkbər

Paylaş:
1362

Sizin üçün xəbərlər

Son xəbərlər

KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53
Bütün xəbərlər