Müdafiə təyinatlı məmulatların həcmi 210 dəfədən çox artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə təyinatlı məmulatların həcmi 210 dəfədən çox artıb

17:44 - 17 / 12 / 2015
Müdafiə təyinatlı məmulatların həcmi 210 dəfədən çox artıb

Bu il nazirliyin müəssisələrində yaradılma üzrə nəzərdə tutulan 81 mövzunu və 143 mərhələni əhatə edən təcrübi-konstruktor işləri uğurla davam etdirilir.

1news.az-ın məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov Nazirliyin işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə,  hal-hazıradək 11 məmulat üzrə işlər tam başa çatdırılıb.

2015-ci ildə gecəgörmə cihazının, kompaslı prizmatik binoklların, mina üçün atəş yığımının, qumbaraatan üçün atəş yığımlarının, müxtəlif tipli mina partladıcılarının yaradılması işləri başa çatdırılmış və seriyalı istehsalı təmin edilib. NATO standartlarına uyğun xüsusi təyinatlı ”Yalquzaq” snayper tüfənginin, avtomatik topun, xüsusi təyinatlı hücum pulemyotunun və s. məmulatların təcrübi-konstruktor işləri davam etdirilir. 

Qeyd olunub ki, nazirliyin fəaliyyəti dövründə 1000 addan çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib. Bunlardan universal və tank pulemyotlarını, tank əleyhinə əl qumbaraatanını, müxtəlif mm-lik minaatanları və onlar üçün minalı atəş yığımlarını, pilotsuz uçuş aparatlarını, mina təsirinə dayanıqlı zirehli texnikaları, BTR və BRDM tipli zirehli texnikaların təkmilləşdirilməsini və s. göstərmək olar.

Ümumilikdə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2006-cı ilə nisbətən 2015-ci ilin ilkin yekunlarına görə 210 dəfədən çox artıb. Ümumi məhsul istehsalının tərkibində müdafiə və xüsusi təyinatlı məmulatların həcminin xüsusi çəkisi 2006-cı illə müqayisədə 47 faiz artaraq 86 faiz təşkil edib. 

Ötən müddət ərzində tabeli müəssisələrdə 450 addan çox mülki və ikili təyinatlı məhsulların istehsalı mənimsənilib, mülki məhsulların yeni növlərinin yaradılması və istehsalı istiqamətində məqsədyönlü işlər davam etdirilib. Görülmüş tədbirlər nəticəsində mülki məhsulların istehsal həcmi ildən-ilə artmaqdadır. Belə ki, 2006-cı illə müqayisədə 2015-ci ildə istehsal olunmuş mülki məhsulların həcmi 2,9 dəfə artıb. Cari ildə proqnoz tapşırığa 102,5 faiz əməl olunub.

İstehsalı mənimsənilmiş mülki məhsullardan - əleyhqazı, 12 kalibrli ov tüfənglərini və onların patronlarını, müxtəlif tutumlu akkumulyator batareyalarını, müxtəlif tutumlu termosları, maskalanma torunu, DVB-T peyk dekoderini, müxtəlif laylı çap lövhələrini, plastik taraları, parket məmulatını, müxtəlif mebel dəstlərini, traktor tırtılını və s. göstərmək olar. 

Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 2009-cu ildən etibarən 15 beynəlxalq sərgidə nümayiş etdirildiyini və böyük maraqla qarşılandığını da diqqətə çatdırıb.

Nəzərə çatdırılıb ki, nazirliyin təmsil olunduğu digər beynəlxalq sərgilərdə olduğu kimi cari ilin may ayında Türkiyədə keçirilən “İDEF-2015” sərgisində də nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb. İki ildən bir keçirilən “İDEF” sərgisində Müdafiə Sənayesi Nazirliyi artıq dördüncü dəfə idi ki, iştirak edirdi.

İlk qatıldığı “İDEF-2009” beynəlxalq sərgisində 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi “İDEF-2015”də - müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. olmaqla 184 adda məmulat nümayiş etdirdi.

Müdafiə Sənayesi Nazirliyində 2016-cı ildə Bakıda keçiriləcək “ADEX-2016” ikinci Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı hazırlıq işləri də davam etdirilir. Artıq 100-dən çox beynəlxalq şirkət sərgidə iştirak üçün qeydiyyatdan keçib.

MSN-in müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar Azərbaycan Silahlı Qüvvələrini təmin etməklə yanaşı, artıq xarici ölkələrə də ixrac olunur.

Müdafiə Sənayesi Nazirliyində hərbi-texniki əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə davamlı olaraq görüşlər keçirilir, mövcud əməkdaşlıqların genişləndirilməsi və yeni əməkdaşlıqların yaradılmasına dair danışıqlar aparılır.

Nazir bildirib ki, son zamanlar  Ermənistanla təmas xəttində tam üstünlüyü əldə edən və düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusunun təminatını daha da gücləndirmək məqsədilə, nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 

Digər çıxış edənlər də Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 10 illiyinin və nazirliyin işçilərinin peşə bayramı gününün yüksək səviyyədə qeyd edilməsilə əlaqədar sevinc hisslərini bölüşüblər və qeyd ediblər ki, daim dövlət başçısının diqqət və qayğısını hiss edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini səfərbər edərək, Azərbaycan ordusunu yeni növ silah, hərbi texnika və döyüş sursatı ilə təmin edəcək.

Tədbirdə Respublika Prezidentinin müvafiq sərəncamları ilə fəxri adlara layiq görülən və medallarla təltif olunan nazirliyin əməkdaşları kollektiv tərəfindən təbrik edilib. Nazirlik tərəfindən bir neçə qabaqcıl işçiyə“Qabaqcıl müdafiə sənayesi işçisi” nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr təqdim edildi. Ötən illərdə olduğu kimi, bu il də nazirliyin bir neçə əməkdaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Fəxri Fərmanlarla təltif olunublar.

Tədbirin sonunda nazirliyin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

1news.az

Paylaş:
881

Son xəbərlər

Bütün xəbərlər