Bu gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramıdır

Bu gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günüdür.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev 7 oktyabr 2005-ci il tarixində imzaladığı “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncama əsasən hər ilin məhz oktyabrın 13-ü Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı qeyd edilir.
Azərbaycanda yük və sərnişin daşımalarını həyata keçirən dəmir yolu nəqliyyatının yaranma tarixi XIX əsrin sonlarına təsadüf edir. Azərbaycanda neft sənayesinin inkişafı bunun daşınma zəruriyyətini yaradıb. Bu istiqamətdə polad magistralının əsası 1878-ci ildə qoyulub. 20 kilometr uzunluğunda olan Bakı-Suraxanı-Sabunçu xətti çəkilib və 1880-ci ildə istifadəyə verilib.
Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan dəmir yolu keçmiş SSRİ Nazirlər Sovetinin 1955-ci il 11 oktyabr qərarı ilə Ümumittifaq Yollar Nazirliyinin tərkibindən ayrılaraq müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib.
145 illik önəmli bir dövr yaşayan Azərbaycan dəmir yolu çox əzəmətli fəaliyyət yolu keçib. Bu yol Ümummilli Lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-80-ci illərində öz tərəqqisinin zirvəsinə çatıb. Ulu Öndərin rəhbərliyi ilə ölkəmizin nəqliyyat sistemi daim diqqət mərkəzində saxlanılıb, ən böyük çeşidləyici stansiya olan “Şirvan” stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri inşa edilərək istismara verilib. Dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrlərdə 80-90 milyon tona çatdırılıb.
XX əsrin 90-cı illərinin əvvəllərində sovetlər ittifaqı dağıldıqdan sonra dəmir yolu sahəsi tənəzzülə uğrasa da, Ümummilli Lider Heydər Əliyevin xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdışı ilə ölkənin polad şəbəkəsi sistemi dirçəliş dövrünə qədəm qoyub. Dəmir yolunun idarəetmə strukturları dəyişdirilib, xidmət və şöbələrin bazasında müstəqil idarə edilən istehsalat birlikləri, müəssisə və təşkilatlar yaradılıb. Ölkədaxili, qonşu ölkələrə sərnişin daşımanın yüksək səviyyədə təşkil olunması üçün yeni vaqonlar alınaraq istifadəyə verilib, qonşu ölkələrin dəmir yolları ilə iqtisadi əlaqələr bərpa edilib. Dəmir yolu vasitəsilə tranzit yüklərin daşınmasına da böyük əhəmiyyət verilib. 1996-cı ildən hazırkı dövrədək ölkə ərazisindən dəmir yolu vasitəsilə daşınan tranzit yük dövriyyəsi ilbəil artıb.
Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Belə ki, Ümummilli Liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.
2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Tikintisi 2007-ci il noyabrın 27-də başlayan Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışı 2017-ci il oktyabrın 30-da olub. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars xəttinin fəaliyyəti “Şərq-Qərb” nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb. Artıq Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu yerləşdiyi regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərir.
44 gün davam edən müharibə ərzində dəmiryolçular cəbhəboyu zonada yerləşən stansiyalara və geriyə müxtəlif yüklər, o cümlədən hərbi texnika, qida məhsulları və yanacaq daşıyıblar. Düşmənin qənimət götürülmüş texnikaları da Bakıya dəmir yolları ilə gətirilib. Gecə-gündüz fədakarlıqla çalışan polad magistral əməkçiləri özlərinə bir şüarı rəhbər tutmuşdular: “Vaxtında cəbhəyə çatdırılan hər bir qatar düşmənə vurulmuş ağır zərbədir!” Bundan əlavə, cəsarət təcəssümü olan Vətən müharibəsində 200-ə yaxın dəmiryolçu döyüşüb, onlardan dördü şəhidlik zirvəsinə ucalıb. Müharibə bitdikdən sonra işğaldan azad edilən ərazilərdə yerləşən dəmir yolu xətlərinin bərpasına start verilib.
Həmçinin 2020-ci ildə Abşeron dairəvi xətti tam istifadəyə verilib. 2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk “Stadler” qatarı yola düşüb. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan və ən yüksək standartlara cavab verən bu qatarların parkını genişləndirməkdədir. 2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verilib. 2020-ci il martın 18-də isə Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verilib. Abşeron dairəvi xəttinin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrilib.
Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında vətəndaşların rahatlığını təmin etmək məqsədilə dəmir yollarının yenidənqurma işləri artıq öz bəhrəsini verir. Vətəndaşlarımıza yüksəkkeyfiyyətli dəmir yolu xidmətləri göstərmək üçün ADY-nin qatar parkı “Stadler” markalı müasir dizel və elektrik qatarları, həmçinin “Alstom” istehsalı olan lokomotivlərlə yenilənib. İstismar müddəti bitmiş qatarların istifadəsi dayandırılıb, Abşeron dairəvi dəmir yolu xətti boyunca stansiya, vağzal və dayanacaqlar əsaslı təmir olunub.
Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında ötən 20 il ərzində Azərbaycan dəmir yollarında irimiqyaslı tikinti və yenidənqurma layihələri icra edilib. 2022–2023-cü illərdə Yeni Biləcəri və Yeni Gəncə lokomotiv depolarının tikintisi tamamlanıb. 2023-cü ildə Kür çayı üzərində ikinci yeni dəmir yolu körpüsü tikilib, Araz və Kür çayları üzərində dəmir yolu körpüləri əsaslı təmir edilib.