Robert Sekuta: Azərbaycanın güclü, sabit, demokratik və müstəqil dövlət kimi inkişaf arzusu ABŞ-ın da marağındadır (MÜSAHİBƏ) | 1news.az | Xəbərlər
Siyasət

Robert Sekuta: Azərbaycanın güclü, sabit, demokratik və müstəqil dövlət kimi inkişaf arzusu ABŞ-ın da marağındadır (MÜSAHİBƏ)

01:19 - 28 / 12 / 2015
Robert Sekuta: Azərbaycanın güclü, sabit, demokratik və müstəqil dövlət kimi inkişaf arzusu ABŞ-ın da marağındadır (MÜSAHİBƏ)

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın Trend-ə müsahibəsi.

- "Azərbaycanda demokratiya aktı - 2015" adlı qanun layihəsi Azərbaycanda dərin narahatlığa səbəb oldu. Konqresmenin fərdi təşəbbüsü, əlbəttə ki, heç bir halda ABŞ administrasiyasının mövqeyini əks etdirmir. Lakin biz nə ABŞ-ın administrasiyasından, nə də səfirliyindən heç bir rəsmi reaksiya görmədik. Bu susqunluğu nə ilə izah edərdiniz?

- Artıq səfirlik açıq bəyan edib ki, biz qanun layihələrinə dair şərh vermirik. Birləşmiş Ştatların siyasi sistemi daxilində səlahiyyətlərin müxtəlif qurumlar arasında paylaşılmasına görə, bu bizim üçün adi bir təcrübədir. Qanunvericilik qurumu və ya Konqres, Prezidenti, Dövlət Departamentini və digər departmamentləri (Azərbaycanda nazirliklər kimi fəaliyyət göstərirlər) daxil edən icraçı qurum və məhkəmə qurumu bir-birindən ayrı fəaliyyət göstərir və bu fakt Konstitusiyamızda əks olunub. Bunu qeyd etmək istəyirəm ki, yerli mediada bizim qanunvericilik prosesini tam dərk etməyən fikirlərlə rastlaşmışam. Səfirliyimiz ABŞ-da qanunvericilik layihələrinin Konqres üzvləri tərəfindən təqdim olunması, nəzərdən keçirilməsi, onların muxtəlif qanunvericilik qurumları tərəfindən müzakirə olunması barədə məlumat verib və mövzuya dair faktları daha yaxşı dərk etmək istəyənlərə bu məlumatla tanış olmağı təklif edirəm.

- Belə bir fikir yayılıb ki, bu qanun layihəsi Amerika Milli Erməni Komitəsinin məhsuludur və Birləşmiş Ştatlardakı erməni lobbisinin Azərbaycan-ABŞ münasibətlərinə zərər vurmaq səyləridir. Bu vəziyyət ABŞ-ın Azərbaycandakı maraqlarına mənfi təsir edən 907-ci düzəlişi xatırladır və göstərir ki, Birləşmiş Ştatlardakı etnik lobbi qrupları bir sıra qanunverici aktlar vasitəsilə ölkənin milli təhlükəsizlik maraqlarını qəbul etməyə bilərlər.

- Yenə də qanunvericilik layihələrini şərh etməmək praktikasını əsas tutaraq, mən bu fərziyyələri müzakirə etməyəcəyəm. Lakin məsələyə ümumi qanunvericilik prosesi perspektivindən yanaşacağam. Sözügedən məsələ bir Konqres üzvü tərəfindən təqdim olunmuş qanun layihəsidir. İstənilən Konqres üzvü bunu edə bilər. Hər il Konqres üzvlərinin və onların seçki ərazilərinin maraqlarını əks etdirən minlərlə qanun layihəsi təqdim olunur. Bu il ərzində Konqresin iki palatasının üzvləri tərəfindən 7,000-dən artıq qanun layihəsi təklif olunub, lakin müxtəlif faktorlar əsasında onların yalnız 100-dən çoxu hər iki palata tərəfindən təsdiq olunaraq, Prezident tərəfindən imzalanıb və qanun gücünə malik olub. Bizim sistem digər dövlətlərin sistemlərindən fərqlidir və mən maraqlı olanlara Birləşmiş Ştatlarda Konqresin qanun layihələrini nəzərdən keçirməyə dair məlumatla tanış olmağı təklif edirəm.

- Biz Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin Vaşinqtonda da yüksək qiymətləndirildiyinə inanırıq. Azərbaycan aparıcı geosiyasi regionda ABŞ-ın tərəfdaşı olaraq qalır və terrorizmlə qlobal mübarizəyə öz töhfəsini verir. Amerikalı və azərbaycanlı hərbçilər Kosova, İraq və Əfqanıstanda xidmət ediblər. Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan cəmiyyətində heç bir antiamerikanizm elementi yoxdur. Bu qanun layihəsi fonunda iki ölkə arasında tərəfdaşlığın perspektivlərini necə görürsünüz?

- Tam açıq söyləmək istəyirəm ki, Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərinə yüksək dəyər verir. Azərbaycanla güclü və müsbət münasibətlərimizin olması vacibdir. Bu münasibətləri saxlamaq və gücləndirmək üçün, tərəfdaşlığımızdan maksimum fayda almaq üçün narahatlıq doğuran məsələləri bir-birimizlə rahat müzakirə etməliyik. Hər iki tərəf, həmçinin dərk etməlidir ki, hətta razılıq olmayan məsələlərin müzakirəsində də qarşı tərəf münasibətlərə hörmət və xoş məramla yanaşaraq qarşılıqlı fayda əldə etmək istəyir. Birləşmiş Ştatlar da daxil olmaqla, bütün ölkələr həm daxildə, həm də beynəlxalq müstəvidə mövcud olan məsələlərin açıq şəkildə müzakirəsini faydalı hesab edir və mən Azərbaycan rəsmiləri ilə görüşlərimə əsaslanaraq elə hesab edirəm ki, Azərbaycan tərəfi də eyni rəydədir.

Bununla əlaqədar bir məsələni də vurğulamaq istəyirəm. Bu barədə siz hamınız dəfələrlə eşitmisiniz, lakin onu təkrarlamağa dəyər. Bizim Azərbaycanla əməkdaşlığımız genişdir, iqtisadi, təhlükəsizlik və əlbəttə, demokratiya maraqlarını əhatə edir. Mənim bu sahələri vurğulamağımın səbəbi ondan ibarətdir ki, Azərbaycan güclü olması üçün bütün bu sahələrdə güclü olmalıdır.

Əvvəlki sualınızda ABŞ-ın milli təhlükəsizlik maraqlarını hallandırdınız. Qeyd etmək istəyirəm ki, Azərbaycanın güclü, sabit, demokratik, müstəqil və firavan dövlət kimi inkişaf arzusu ABŞ-ın da marağındadır. Qeyri-müəyyənliklərlə üzləşən bölgədə bu amil xüsusi önəm daşıyır. Belə ki, biz bütün sahələrə dair əməkdaşlığımıza qatılırıq. Təhlükəsizlik sahəsində əməkdaşlığımız Azərbaycanın yaranan təhlükələrə qarşı daha möhkəm olmasında yardım edir və bu, bölgədə və bölgə xaricində təhlükəsizliyin gücləndirilməsinə xidmət edir. Güclü iqtisadiyyat güclü dövlətin təməlini təşkil edir. Bu sahədə Şərq-Qərb ticarət dəhlizinin canlandırılması üçün vacib olan nəqliyyat sektorunun inkişafı da daxil olmaqla, Azərbaycanın iqtisadi diversifikasiya səylərini dəstəkləyirik. Sözügedən səylərimizlə yanaşı, biz Azərbaycanla qanunun aliliyinin və demokratik təsisatlarının gücləndirilməsi sahəsində davamlı əməkdaşlıq edirik. Biz hökumətin sabitlik, firavanlıq və müstəqillik məqsədlərinin əldə olunmasında tərəfdaşlıq edən güclü vətəndaş cəmiyyətinin inkişafına dəstək veririk.

- Dekabrın 19-da Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında göstərilən cari təkliflər əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların perspektivlərini necə görürsünüz?

- ABŞ həmsədri Ceyms Uorlikin qeyd etdiyi kimi, prezidentlər üçün üz-üzə görüşüb mövqelərini aydınlaşdırmaq vacib idi. Onlar təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginlik halları və münaqişənin həlli istiqamətində təkliflər də daxil olmaqla, müxtəlif məsələləri müzakirə ediblər. Bern şəhərində irəliləyiş əldə olunmasa da, qeyd etmək lazımdır ki, həmsədrlər və tərəflər prezidentlər arasında olan dialoqun dəyərini nəzərə alıblar. Həmsədrlər prezidentlərin gələn ildə də görüşlərinin təşkil olunması istiqamətində işləyəcəklər. Həmsədrlər xarici işlər nazirləri ilə birgə münaqişənin həllinə dair təkliflər, gərginliyin azaldılması və Dağlıq Qarabağ icmaları arasında dialoqun inkişafı proqramları kimi istiqamətlərdə fəaliyyəti davam etdirəcəklər. ABŞ-ın Azərbaycandakı səfiri kimi, mən həmsədrlərin tərəflərə münaqişənin həlli üçün göstərdikləri səyləri tam dəstəkləyirəm.

Paylaş:
800

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər