Prezident İlham Əliyev inkişafın yeni istiqamətlərini müəyyən edir
Bahalaşan qiymətlərə nəzarət, ərzaq və xidmət dəyərinin süni artırılmasının qarşısının alınması, əməkhaqları və pensiyaların artırılması, ölkənin ərzaq təhlükəsizliyinin təminatı və ixracatın artırılması, sənaye və tranzit potensialının gücləndirilməsi, İKT sahəsinin inkişafı.
Bütün sadalanan mövzular Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı Prezident İlham Əliyev tərəfindən qaldırılıb.
Digər mövzuları saxlayaraq, hazırkıları təhlil etməyə çalışaq.
Bazarı haqsız rəqabətdən qoruma
Sirr deyil ki, yaxın zamanlarda manatın məzənnəsinin ucuzlaşması ilə əlaqədar ərzaq və xidmət sahəsində süni bahalaşma ölkə sakinlərini narahat edən məsələlərdən biridir. Nazirlər Kabinetində keçiriləniclasda ölkə başçısı bu məsələyə çıxışı zamanı toxunub.
“İstehlak qiymətlərinə çox ciddi nəzarət etmək lazımdır”, - İlham Əliyev bildirib.
Prezidentin sözlərinə görə, manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər.
“Əlbəttə ki, biz ərzaq məhsulları ilə bağlı müəyyən dərəcədə idxaldan asılıyıq. Hələ ki, özümüzü tam 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətlə mümkün deyil, olmamalıdır. Ümumiyyətlə, mən bilirəm, məlumat da gəlir ki, natəmiz insanlar, işbazlar bax bu məzənnə məsələsindən sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir. Mətbuatda da bu, işıqlandırılmalıdır ki, buna son qoyulsun”, - dövlət başçısı bildirib.
Müvafiq qurumların lazımi reaksiyasını gözləmək çox çəkmədi. Demək olar ki, iclasdan bir gün sonra bir sıra KİV-də yaranmış ajiotajdan istifadə edərək tez varlanmaq məqsədilə bir neçə iş adamı haqda prokurorluq tərəfindən cinayət işinin açılması ilə bağlı xəbərlər yayıldı.
Əməkhaqlarının qaldırılması
Əməkhaqları və pensiyaların artırılması – milli valyutanın ucuzlaşması fonunda ölkə sakinlərini narahat edən digər məsələlərdən biridir.
“Bu il pensiya və əməkhaqqının qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Giriş sözümdə qeyd etdiyim kimi, sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi addımlar atılmışdır. Böyük vəsait tələb edən addımlar atılmışdır. Ona görə, pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır”, – dövlət başçısı qeyd edib.
Prezident milli valyuta məsələsinə də toxunub:
“Mən manatın devalvasiyası ilə bağlı fikirlərimi artıq bildirdim. Bu, bizdən asılı olan məsələ deyildi. Bir daha demək istəyirəm ki, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, qonşu ölkələrdə milli valyutaların devalvasiyası bu addımı qaçılmaz etmişdir. Bizim vəzifəmiz bu vəziyyətdən minimum itkilərlə çıxmaqdır. Əminəm ki, biz buna nail ola biləcəyik. Dediyim o məsələlər öz həllini tapmalıdır”.
İxracat məhsulu
2016-cı ilin iqtisadi inkişaf tendensiyalarından danışan dövlət başçısı xatırladıb ki, ötən il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilib və 2015-ci ildəkənd təsərrüfatı məhsullarının istehsal həcmində 6,6% artım olub.
İlham Əliyevin sözlərinə görə, bu – qeyri-neft sektorunun inkişafının müsbət göstəricisidir.
“Kənd təsərrüfatı sahəsində aparılan islahatlar da bax, bu vəziyyəti şərtləndirir. Bu islahatlar daha da dərinləşməlidir. Belə olan halda biz özümüzü ərzaq məhsulları ilə tam, yəni, 100 faiz təmin edə bilərik və ərzaq məhsullarının tərkibində yerli komponent daha da böyük həcmdə ola bilər. Vəzifəmiz isə özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməkdir. Ərzaq təhlükəsizliyi bu deməkdir” – Prezident deyib.
Bundan əlavə İlham Əliyev ixracatın həcminin artırılmasının vacibliyini də vurğulayıb:
“İxrac qabiliyyətimizi artırmalıyıq. Çünki gələcəkdə bizim neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır. Xüsusilə nəzərə alsaq ki, ənənəvi bazarlarımıza çıxışımız var, biz yeni bazarlar axtarmalıyıq. Bizim kənd təsərrüfatı məhsulları üçün əsas bazarımız Rusiyadır. Rusiyada bizim məhsullara indi daha çox tələbat var. Biz bu tələbatı təmin etməliyik və Rusiya bazarına daha da böyük məhsulla çıxmalıyıq. Eyni zamanda, Qazaxıstanda müasir logistika mərkəzi tikilib, demək olar ki, hazırdır. Yaxın vaxtlarda biz ərzaq məhsullarımızı Qazaxıstana da ixrac etməyə başlayacağıq.
Yaxın Şərq ölkələri bizim məhsullarımızla maraqlanırlar. Səfərlər zamanı bu məsələ müzakirə edilir və biz bu bazarlara da çıxmalıyıq. Çünki bizim keyfiyyətli məhsullarımız böyük marağa səbəb olur. Bizim üçün isə əsas məsələ ənənəvi bazarlara daha böyük həcmlə çıxmaq və yeni bazarlara öz məhsullarımızı təqdim etməkdir”.
Dövlət başçısının sözlərinə görə, keçən il meliorasiya işləri ilə bağlı çox ciddi addımlar atılmışdır, biz yararsız torpaqları dövriyyəyə buraxmalıyıq və minlərlə, on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq.
“Artıq o torpaqlarda suvarma işləri təmin edilir və məhsuldarlığı, əkin sahələrini artırmalıyıq. Beləliklə, əminəm ki, biz bu il də kənd təsərrüfatında böyük artıma nail ola biləcəyik”, - deyən İlham Əliyev bu sahənin inkişaf etməsi üçün istiqaməti aydın göstərib.
Həqiqətən də, milli valyutanın devalvasiyasının qaçılmazlığının əsas səbəblərindən biri qeyri-neft sektorunda ixracatın, eləcə də kənd təsərrüfatı məhsullarının stimullaşdırılmasıdır.
Sənaye potensialının gücləndirilməsi
Dövlət başçısının fikrincə, bu, Azərbaycanın müsbət nətiəclər əldə etdiyi və qeyri-neft sektoru – sənayenin inkişafı üçün nəhəng potensialı möcud olan növbəti sahədir. Ölkədə artıq sənaye parklarının salınması sahəsində işlər aparılır, lakin Nazirlər Kabinetinin iclasında çıxışı zamanı İlham Əliyev sənaye istehsalatının inkişafı ilə bağlı ciddi işlərin aparılmasını yenidən diqqətə çatırıb.
“Texnoparklar, sənaye klasterləri yaradılmalıdır. Bütün regionlarda sənaye zonaları yaradılmalıdır. Bu məsələ ilə bağlı mən əvvəlki müşavirələrdə də öz fikirlərimi bildirmişdim. İstəyirəm bu istiqamətdə işlər daha da sürətlə getsin ki, biz artıq nəticələri görək. Çünki artıq neçə vaxtdır ki, biz bu barədə danışırıq, işlər gedir, amma hələ nəticələr yoxdur. Burada mərkəzi icra orqanları, bu sahəyə cavabdehlik daşıyan orqanlar və xüsusilə, yerli icra orqanları da fəal işləməlidirlər.
Onlar bunu təşkil etməlidirlər, yerlər ayırmalıdırlar, şərait yaratmalıdırlar. Onların işi bundan ibarətdir. Ona görə, hesab edirəm ki, bizim yerli icra orqanları daha da səmərəli işləməlidirlər, təşəbbüs göstərməlidirlər. Ancaq oturub mərkəzdən göstəriş gözləməməlidirlər. Bu, onların gündəlik işidir”, - deyən İlham Əliyev müvafiq qurumları yerlərdə fəal işə başlayaraq dövlət büdcəsi hesabına deyil, şəxsi kapitalın cəlb edilməsi yolu ilə regionun inkişafına yönəldilməlidir. Faktiki olaraq dövlət başçısı rayonları öz aralarında rəqabət apararaq, hər zaman təşəbbüs və işgüzar fəallığın stimullaşdırılması ilə bir-birini qabaqlamağa çağırdı.
Dövlət başçısının sözlərinə görə, hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir.
“Buna imkanlar var. Ancaq bizim əksər rayonlarımız dotasiya ilə yaşayır. Əvvəlki illərdə biz buna, necə deyərlər, göz yuma bilərdik. Böyük gəlirlərimiz var idi və bu dotasiyaları biz verirdik. Ancaq nə üçün bizim rayonlarımız dotasiya ilə işləməlidirlər? Bizim rayonlarımızın orta hesabla əhalisi o qədər də böyük deyil. Onlar özləri iqtisadi cəhətdən daha səmərəli işləsələr bütün xərclərini bağlaya bilərlər. Amma gözləyirlər ki, bunlara nə qədər vəsait ayrılacaq. Onsuz da vəsait ayrılır. Bax, dövlət hesabına yollar, qaz xətləri, su xətləri çəkilir, hətta sayğaclar da qoyulur. Hansı ölkədə dövlət hesabına sayğaclar qoyulur?
Bütün infrastruktur layihələri icra edilir, böyük sərmayə qoyulur, turizm infrastrukturu yaradılır. Kim bunu yaradır? Dövlət və özəl şirkətlər. Amma yerlərdə onlar daha fəal işləməlidirlər. Onların qarşısında vəzifə qoyuram ki, hər rübdə bir dəfə görülən işlərlə, açılan yeni iş yerləri ilə, açılan müəssisələrlə bağlı məlumat versinlər. Yəni, onlar da nəticə çıxarsınlar. Dövlət onsuz da öz siyasətini aparacaq və lazımi sərmayəni qoyacaq. Ancaq mən əminəm ki, bizim bütün rayonlarımız daha səmərəli işləyə bilərlər və daha da yaxşı nəticələr olacaqdır.
Rayonlarda sənaye zonalarının yaradılması ilə bağlı mən artıq bir neçə dəfədir ki, məsələ qaldırıram. Ancaq indi bir pilot layihəsi icra edilir, Neftçala rayonunda. Başqa rayonlarda niyə bunlar icra edilmir? Çünki biganəlik göstərirlər, buna yol vermək olmaz. Ona görə, hər bir icra başçısının vəzifəsi bundan ibarətdir. Kim bu vəzifənin öhdəsindən gələ bilmirsə işdən kənarlaşdırılacaq”.
Hi-tech: böyük potensialdır
İnformasiya-kommunikasiya texnologiyası (İKT) – uzunmüddətli perspektivlərlə inkişaf üçün böyük potensiala malik sahədir.
Bu sözləri iclasda çıxışı zamanı İlham Əliyev qeyd edib. Dövlət başçısının sözlərinə görə, 2016-cı ildə informasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində daha da ciddi addımlar atılmalıdır:
“Bu sektorun çox böyük potensialı var. Bu sahədə inkişaf müşahidə olunur. Ancaq bu sektorda da tam şəffaflıq təmin edilməlidir və dövlət bu sektorun inkişafından gələn xeyrini görməlidir. Çünki bu günə qədər ancaq dövlət investisiyaları qoyulur, kreditlər verilir, informasiya-kommunikasiya istiqamətində layihələr icra edilir. İki peykimiz var. Yəni, dövlət artıq bunun faydasını, gəlirini görməlidir. Amma əfsuslar olsun ki, bəzi hallarda gəlir başqa ciblərə gedir, dövlət xeyir götürmür, burada da tam şəffaflıq təmin edilməlidir.
Arada gəzən şirkətlər burada əsassız qaydada böyük məbləğdə pul qazanırlar, onların fəaliyyəti dayandırılmalıdır. Yəni, bütün gəlirlər dövlətə, büdcəyə gəlməlidir və bunun hesabına informasiya-kommunikasiya texnologiyaları sektoru bundan sonra da inkişaf edəcək. Dövlət artıq bu sahəyə kifayət qədər, artıqlaması ilə vəsait ayırıb. Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir məhsulun qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə. Bu, cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir və bu əməlləri törədən insanlar indi məsuliyyətə cəlb olunurlar və bu, hamıya dərs olmalıdır, bütün qurumlara da dərs olmalıdır. Ona görə, əminəm ki, çox ciddi nəzarət belə halların təkrarlanmaması üçün yaxşı imkanlar yaradacaq”,- Prezident İ.Əliyev deyib.
Bununla yanaşı dövlət başçısı qeyd edib ki, xarici şirkətlər Azərbaycanda İKT sahəsinə də diqqət göstərir. İndi ölkədə kompyuter istehsalı həyata keçirilir. Bu müsbət tendensiyadır və ölkənin intellektual potensialını nümayiş etdirir.
“Eyni zamanda bu sübut edir ki, xarici firmalar bu sahəyə maraq göstərir. Burada tam şəffaflıq təmin olunmalıdır”-deyə Prezident qeyd edib.
Nəqliyyat dəhlizləri üzrə...
Azərbaycanın mühüm gəlir sahələrindən biri də yüklərin tranziti ola bilər. Ona görə də təsadüfi deyil ki, dövlət ölkə ərazisindən yükdaşımaların həcminin artmasına xüsusi diqqət ayırır.
Nazirlər Kabinetinin iclasında çıxış edən İlham Əliyev qeyd edib ki, bu il Bakı-Astara yolunun qalan hissəsi tikilməlidir.
“Orada qalan hissə 8 kilometrdir. Bu il bu, tikilməlidir. İran ilə artıq danışıqlar aparılıb və bu yolun əhəmiyyəti çox böyükdür. Bu, Azərbaycanı Şimal-Cənub dəhlizinin çox önəmli partnyoruna çevirəcək. Beləliklə, Şərq-Qərb və Şimal-Cənub - bütün yollar Azərbaycandan keçəcək. Bu, bizim siyasi, iqtisadi maraqlarımızı təmin edəcək. Ona görə, bir daha demək istəyirəm, ən azı bu il o qalan 8 kilometr yol tezliklə tikilməlidir və burada bütün müvafiq qurumlarla koordinasiya işləri də aparılmalıdır”,- deyən İ.Əliyev bildirib ki, burada, həmçinin, bütün strukturlarla koordinasiya işi aparılmalıdır.
“Bu il nəqliyyat dəhlizlərinin daha effektiv fəaliyəti üçün işlər həyata keçirilməlidir”,- İlham Əliyev qeyd edib.
Onun sözlərində görə ötən ilin sonlarında bu istiqamətdə ciddi addımlar atılıb. Azərbaycandan tranzit yüklərin daşınması üçün Koordinasiya Şurası yaradılıb.
“Bu, çox ciddi bir addımdır. Koordinasiya Şurasında nəqliyyatla bağlı olan bütün qurumlar birləşir. Vahid taarif siyasəti aparılır və aparılmalıdır. Eyni zamanda, Gürcüstan və Türkiyə rəhbərliyi ilə bu məsələlər müzakirə edildi. Azərbaycan təklif etdi ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhliz üçün vahid taarif siyasəti aparsınlar. Bütün müvafiq qurumlar bir siyasət aparsınlar ki, bu dəhliz daha da cəlbedici olsun. Çünki əgər biz sadəcə olaraq burada taarif siyasətində güzəştlər etsək, qonşu ölkələr etməsə bunun səmərəsi olmayacaq. Eyni zamanda, potensial yükgöndərənlərlə də çox ciddi danışıqlar aparılmışdır. Mənim keçən ilin sonunda Çinə dövlət səfərim çərçivəsində bu məsələlər geniş şəkildə müzakirə edilmişdir və artıq Çindən Azərbaycana bu dəhliz ilə birinci konteyner qatarı da göndərilmişdir”,- İlham Əliyev deyib.
Prezidentin sözlərinə görə, ölkənin tranzit potensialının genişlənməsi üçün Azərbaycanda lazım olan infrastruktur yaradılıb.
“İnfrastruktur var, bunu biz yaratmışıq. Həm dəmir yolu, həm dəniz nəqliyyatı, yeni ticarət limanı tikilir, onun bir hissəsi artıq istifadəyə verilib”,- dövlət başçısı deyib.
İlham Əliyev xatırladıb ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi nəticəsində Türkiyənin böyük tır maşınlarının Orta Asiyaya, Qazaxıstana çıxışı çətinləşdi. Azərbaycan dərhal öz imkanlarını ortaya qoydu, güzəştlər edildi və bu gün bu istiqamətdə də dəhliz işləyir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan yüklərin tranzitinə daha yaxşı hazırlaşmalıdır.
“Xəzər sahilinin şərqində yerləşən infrastruktur da əlbəttə ki, buna daha hazır olmalıdır”, - İlham Əliyev deyib.
İlham Əliyev bildirib ki, bu gün yaradılan ifrastuktura baxmayaraq, ölkənin tranzit potensialından lazımı səviyyədə istifadə olunmur.
“Bu da nəyə görədir? Ona görə ki, nəqliyyat qurumlarının, - Xəzər gəmiçiliyi, dəmir yolu, liman, - hərəsi öz korporativ maraqlarını güdür, ortada isə Azərbaycan maraqları zərər görür. Buna yol vermək olmaz. Burada da tam şəffaflıq olmalıdır”, - Prezident deyib.
Dövlət başçısı qeyd edib ki, layihələrin gerçəkləşdirilməsindən gəlirlər dövlətə gəlməlidir və biz bu gəlirlər hesabına daha çox investisiya qoyacağıq, daha çox infrastruktur yaradacağıq.
Pezident İlham Əliyevin bu sahəyə cavabdeh olan qurumları tənqid etməsi ilk dəfə deyil. Çıxışlarının birində Nazirlər Kabinetinə müraciət edərək dövlət başçısı qeyd edib ki, ölkənin tranzit potensialının inkişafına cavabdeh olan dövlət qurumlarının bu sahədəki təşəbbüsləri qənaətbəxş deyil. Prezidentin sözlərinə görə, potensial müştərilərin gəlib qapını döyməsini gözləmək olmaz, bu müştəriləri tapmaq və onları əməkdaşlığa dəvət etmək üçün təşəbbüs göstərmək lazımdır.
Öz nümunəsində dövlət başçısı göstərdi ki, bu cür aktivlik nəticə verə bilər. Çinə səfər zamanı Azərbaycan bu ölkə tərəfindən inkişaf etdirilən yeni İpək yolu layihəsi üçün daha optimal tərəfdaş kimi təqdim olunub. Dövlət başçısı müvafiq informasiyanı ÇXR ali rəhbərliyinə şəxsən çatdıraraq, bir növ məmurlara Azərbaycanın milli maraqlarının inkişafı üçün proaktivlik və təşəbbüsün nə demək olduğunu nümayiş etdirdi.
Prezident bu məsələləri ilk dəfə deyil ki, həll edir. Hələ 90-cı illərdə Hyuston səfəri zamanı İlham Əliyev Ümummilli lider Heydər Əliyevin komandasında danışıqlar zamanı əsas vasitəçi idi. Burada Azərbaycanın neft strategiyasının taleyi həll olunurdu.
İlham Əliyevin sözlərinə görə, son zamanlar ölkənin sürətli inkişafı yuxarıda qeyd olunan məsələlərə diqqəti azaldıb. Çünki dövlət neftdən gələn gəlirləri tezliklə lazım olan sahələrə yönəltməyə çalışırdı. Dövlət bütün yükü öz üzərinə götürmüşdü. Ona görə, bəzi dövlət qurumları, şirkətlər passiv fəaliyyət aparırdılar, təşəbbüs göstərmir, hər ilin sonunda tukinti üçün o cümlədən yol infrastrukturunun tikintisi üçün pul tələb edirdilər.
Prezident qeyd edib ki, tikinti sahəsində yeni qaydalar tətbiq etmək lazımdır.
“Açıq tender elan olunmalıdır. Mən artıq göstəriş vermişəm. Yerli şirkətlərə üstünlük verilməlidir, xarici şirkətlər iştirak etmək istəyirlərsə onlar da iştirak etsinlər. Kim daha ucuz qiymətə daha keyfiyyətli tikərsə tiksin”.
“Bizdə su xətlərini “Azərsu” çəkir. Birincisi, o qədər böyük layihələri icra etmək üçün onlarda texniki imkan yoxdur. Burada da müxtəlif şirkətlər cəlb edilməlidir. Belə olan halda biz bunu daha da ucuz qiymətə, daha böyük səmərə ilə şəffaf, açıq şəkildə icra edəcəyik. Həmçinin yolların tikintisi. Bizim bir qurumumuz var ki, yollar tikir. Açıq olmalıdır, bizdə indi kimin imkanı, texnikası, təcrübəsi var, yerli, xarici şirkətlər iştirak etsinlər. Burada şəffaflıq tam təmin olunmalıdır. Xahiş edirəm, hökumət buna çox ciddi nəzarət etsin”- deyə söyləyən dövlət başçısı şəffaflığın həyata keçirilən bütün layihələrdə əsas tələb olduğunu bildirib.
Prezident İlham Əliyevin çıxışının tam mətnini bu linkdən oxuya bilərsiniz.