Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının maaşları artırıldı
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2016-cı il
1news.az