Qazaxıstan Turan pələngini geri qaytarır – Təbiətə ikinci pələng buraxıldı

Qazaxıstanda nəsli kəsilmiş Turan pələnginin ölkədə bərpası proqramı çərçivəsində təbiətə daha bir Amur pələngi buraxılıb.
1news.az xəbər verir ki, bu barədə Qaxazıstan Ekologiya Nazirliyi məlumat yayıb.
Otyabrın 31-də “İle-Balxaş” Dövlət Təbiət Qoruğunun ərazisində Amur adlı erkək pələng vəhşi təbiətə qaytarılıb. Bu, Qazaxıstanda pələnglərin yenidən məskunlaşdırılması proqramı çərçivəsində təbiətə buraxılan ikinci pələngdir. İyulun 31-də isə Ümid adlı dişi pələng azadlığa buraxılmışdı.
Qeyd edək ki, 70 ildən artıqdır Qazaxıstanın vəhşi təbiətində pələnglərə rast gəlinmir. Amur təbiətə buraxılmazdan əvvəl baytarlıq müayinəsindən və xüsusi sınaqlardan keçirilib. Onun hərəkəti və yeni mühitə uyğunlaşması peyk izləmə cihazı vasitəsilə nəzarətdə saxlanılacaq.
Tədbirdə ekologiya və təbii sərvətlər naziri Əlibek Kuantırov, Meşə Təsərrüfatı və Heyvanlar Aləmi Komitəsinin sədri Daniyar Turğambayev, “Amur pələngi” Mərkəzinin baş direktoru Sergey Aramilev və “Freedom Şapaqat” Korporativ Fondunun icraçı direktoru Ruslan Jumasev iştirak ediblər.
Pələnglərin Qazaxıstana qaytarılması təbiətin bərpasına yönəlmiş uzunmüddətli layihənin tərkib hissəsidir. Proqram Rusiya tərəfi ilə birgə, Ümumdünya Təbiət Fondunun (WWF), “Freedom Holding Corp.” şirkətinin və “Freedom Şapaqat” Fondunun dəstəyi ilə həyata keçirilir.
Layihənin əsas məqsədi İli çayının deltası və Cənubi Balxaş bölgəsində təbii şəraitdə çoxala bilən sabit pələng populyasiyası yaratmaqdır.





















