İranda Hellouin şənliklərinə qatılan gənclərə polis müdaxilə edib

İranda qadağan olunmasına baxmayaraq keçirilən Hellouin şənlikləri təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə nəticələnib, bir neçə gənc saxlanılıb.
1news.az xəbər verir ki, İran hakimiyyətinin Qərb mədəniyyətinin zərərli təsiri kimi qiymətləndirdiyi Hellouin tədbirləri bu il də gənclərin iştirakı ilə təşkil olunub.
Paytaxt Tehranın İranşəhr küçəsində, Rəssamlar Parkının yaxınlığında toplaşan gənclərə polis və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Bəsic” qüvvələri müdaxilə edib.
Hadisə şahidlərinin sözlərinə görə, mülki geyimli təhlükəsizlik əməkdaşları və polis ərazini mühasirəyə alaraq izdihamı zor gücünə dağıdıblar. Bir neçə gəncin döyüldüyü və saxlanıldığı, ətrafdakı kafelərin fəaliyyətinin dayandırıldığı bildirilir. Saxlanılanların dəqiq sayı açıqlanmayıb.
Məlumata görə, təhlükəsizlik tədbirləri digər şəhərlərdə də həyata keçirilib. Qəzvin əyalətində Hellouin tədbirləri ilə əlaqəli 19 müəssisə möhürlənib. Yəzd və Ərdəhan şəhərlərində də bir neçə tədbir məkanı bağlanıb, təşkilatçılar polisə çağırılaraq dindirilib.
İranın rəsmi qurumları bu addımları dini, mədəni və sosial dəyərlərin qorunması ilə əsaslandırırlar. Bununla belə, sərt məhdudiyyətlər ölkə daxilində narazılıq və tənqidlərə səbəb olub.











