Şəmkirdə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb – cinayət işi məhkəməyə göndərilib

Şəmkir rayonunda 2013-cü ildə törədilmiş qətl hadisəsinin üstü açılıb. Yaşlı qadını xüsusi amansızlıqla qətlə yetirərək evindən pul və qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən şəxs barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 5 avqust 2013-cü il tarixdə Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı mənzildə zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Faktla bağlı başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində aparılıb.
İstintaq zamanı 1989-cu il təvəllüdlü Xəyal Məmmədovun tamah məqsədilə Kifayət Məhərrəmovanın mənzilinə qanunsuz daxil olduğu və üzərindəki qatlanan cib bıçağı ilə qadına çoxsaylı xəsarətlər yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib.
Daha sonra onun mənzildən ümumilikdə təxminən 3 min manat dəyərində pul və qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən uzaqlaşdığı bildirilir.
Qeyd olunub ki, 22 sentyabr 2026-cı il tarixdə Xəyal Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluqla əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə yenidən ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, ittiham aktı prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.












