Futbolçu Cavid Hüseynovun cinayət işi ilə bağlı məhkəmə keçirilib
Bu gün Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
1news.az APA-ya istinadən xəbər verir ki, məhkəmə hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilib. Jurnalistlərin iştirakına icazə verilməyib.
Cavid Hüseynovun vəkili Adəm Məmmədov prosesdə Cavid Hüseynovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun azadlığa buraxılması, cinayət işinə Rasim Əliyevin ölümü ilə bağlı keçirilən əsas məhkəmə prosesi yekunlaşandan sonra baxılması barədə vəsatətlər qaldırıb.
Məhkəmə vəsatətləri müzakirə etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra vəsatətlərin təmin olunmadığı elan edilib.
Məhkəmənin baxış iclası fevralın 10-na təyin edilib.
Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.
Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
1news.az