Azərbaycanda sərnişin qatarının daş-qalaq edilməsi faktı ilə bağlı cinayət işi açılıb
Bakı-Qazax-Böyük-Kəsik marşrutu üzrə hərəkət edən qatarın Şəmkir rayonunun Zəyəm stansiyası yaxınlığında daşa basılması faktı ilə əlaqədar cinayət işi açılıb.
1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, DİN Baş Polis İdarəsi Cinayət Məcəlləsinin 221.1 ( “Xuliqanlıq”) bəndi üzrə cinayət işi açıb, təhqiqat aparılır.
Xatırladaq ki, naməlum şəxslər sərnişin qatarını daşa basaraq qatarın 15 pəncərəsini qırıb. Nəticədə 6 nəfər (o cümlədən sürücü) şüşə qırıqlarından xəsarət alıb.
Zərərçəkənlərə tibbi yardım göstərilib. İnsident nəticəsində qatarların hərəkətində gecikmə yaranıb.
Polis əməkdaşları hücum edən şəxslərin axtarışını elan edib. İlkin ehtimala görə, bunu yeniyetmələr xuluqanlıq niyyəti ilə edib.
Bu nəqliyyat vasitələrinə hücumla bağlı yeganə fakt deyil. Bu günlərdə “Bakı Bus” ASC-nin 3 ədəd 14 nömrəli sərnişin avtobusuna paytaxtda hücum olub. Naməlum şəxslərin avtobusa daş atması nəticəsinə avtobusun pəncərə süşələri qırılıb, bir neçə nəfər sərnişin xəsarət alıb.
1news.az