Gənc Tamaşaçılar Teatrında yeni ilin ilk uşaq tamaşasının premyerası olacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni ilin ilk uşaq tamaşasının premyerası olacaq.
1news.az-ın məlumatına görə, yeni tamaşa 2000-ci ildə səhnələşdirilən və teatrın cari repertuarındakı ən maraqlı tamaşalardan biri olan “Dovşanın ad günü”dür. Görkəmli uşaq yazıçısı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyə həsr olunmuş tamaşa əsaslı bərpa olunaraq yenidən repertuara daxil edilib.
X.Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir. Tamaşada mərhum bəstəkar, xalq artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunur.
Səhnə əsərində əsas rolları istedadlı aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa edəcəklər.
“Tülkü ilə canavarın dovşanı yemək üçün qurduqları hiylədən bəhs edən tamaşanın nə ilə nəticələnəcəyini bilmək istəyən bütün azyaşlı tamaşaçılarımızı repertuarımızı izləməyə dəvət edirik”- deyə, tetrdan bildiriblər..
Qeyd edək ki, indiyədək 120 dəfə nümayiş etdirilmiş tamaşanın premyerası yanvar ayının 28-də saat 12.00 və 14.00-da - məktəblilərin qış tətili ərəfəsində baş tutacaq.
1news.az